Dövlət sərhədini pozan 40 nəfər saxlanılıb


15:18     15 Dekabr 2015 1439212012.jpg

Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin noyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilir.


Xidmətin mətbuat mərkəzindən Femida.az-a verilən xəbərə görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 35 halda 40 nəfər saxlanılıb. Onların 23 nəfəri Azərbaycan Respublikası, 3 nəfəri Qana, hər ölkədən 2 nəfər olmaqla İran İslam Respublikası, Nigeriya, Tacikistan, Banqladeş, Pakistan, Liberiya, hər ölkədən bir nəfər olmaqla Qazaxıstan və İraq vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 17 nəfər, Xəzər dənizində 29 halda 50 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respub-likasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 388 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 9 halda 2 kiloqram 445 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Noyabr ayının 12-də “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçərkən Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Məmmədov Emil Hidayət oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı AZ 90-GD-883 dövlət qeydiyyat nömrəli avtomaşının salonundan 2 kq 200 qram heroin aşkar edilərək götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə nəticəsində 52 halda ümumi dəyəri təqribən 383 min manat olan qaçaqmal, o cümlədən 3 ədəd tapança, 2 ədəd tüfəng, 78 ədəd patron, 1 ədəd pnevmatik tapança, 6920 ədəd pirotexniki vasitə, 10507 qutu siqaret, 61400 ABŞ valyutası, 18540 Azərbaycan manatı, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 893