Neftin istehsalı dayandırılacaqmı? – ŞƏRH


15:46     15 Dekabr 2015 neftbanco.az__5.jpg

Əgər Azərbaycan nefti maya dəyərindən aşağı düşərsə, istehsal və ixracat dayandırılacaqmı?


Dünya bazarında neftin qiyməti son 7 ildə ən aşağı həddə enib. Bu gün dünya bazarında "AzeriLight" markalı neftin bir barelinin qiyməti 38,27 dollar təşkil edir. Lakin görünən odur ki, ucuzlaşma hələ də davam edəcək. Nəzərə almaq lazımdır ki, istehsal olunan məhsulun maya dəyəri olur. Bu baxımdan dünya bazarına çıxardığımız neftin də öz maya dəyəri var.

Sual yaranır:

Bu ucuzlaşma onun maya dəyərindən də aşağı endikdə hansı hadisələrlə qarşılaşacağıq? İstehsal dayanacaqmı?


Məsələni Femida.az-a şərh edən iqtisadçı-ekspert Vüqar Bayramlının fikrincə, Azərbaycanda yataqların həcmi kifayət qədər böyük olmadığına görə neftin istehsalının dayandırılması praktiki baxımdan mümkün deyil:



“Əvvəlcə qeyd edim ki, neftin maya dəyəri ölkələrdən asılı olaraq dəyişir. Dünyada neftin standart maya dəyəri yoxdur. Ərəb ölkələrində bir barel neftin qiyməti 6 dollardır. Azərbaycanda isə neftin orta maya dəyəri 15 dollardır. Rusiyada isə bu rəqəm 40 dollar təşkil edir. ABŞ-da çıxarılan neftin maya dəyəri isə daha yüksəkdir. Lakin görünən odur ki, Rusiya başda olmaqla, bir sıra ölkələr nefti maya dəyərindən də aşağı qiymətə satırlar. Hazırda da neftin qiyməti düşməkdə davam edir. Nəzərə alsaq ki, 1994-cü ildə “əsrin müqaviləsi” bağlanan zaman dünya bazarında neftin qiyməti 24 dollar civarında idi. O zaman belə qiymətləndirilirdi ki, neftin qiyməti 20 dollar ətrafında olsa, istehsal davam edəcək və mənfəət əldə olunacaq. Azərbaycanda neftin qiymətinin 30 dollardan da aşağı düşməsi nominal mənfəət əldə edilməsini davam etdirir. Lakin təbii ki, real gəlirlər aşağı düşəcək. Əgər Azərbaycan nefti maya dəyərindən aşağı düşərsə, istehsal və ixracat dayandırılmayacaq. Azəraycanda yataqların həcmi kifayət qədər böyük olmadığına neftin istehsalının dayandırılması praktiki baxımdan mümkün deyil. Hasilatın dayandırılıb sonradan yenidən bərpası ciddi investisiya tələb edir. Bir sözlə, neftin hasilatının dayandırılması gündəmdə deyil. Ona görə də düşünürəm ki, neftin qiymətinin maya dəyərindən də aşağı enməsi ilə ölkəmizdə neft hasilatı məhdudlaşdırılacaq. Lakin hasilat, təbii ki, dayandırılmayacaq”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da qeyd etdi ki, neftin qiymətinin maya dəyərindən də aşağı enməsi onun istehsalını dayandırmayacaq:



“Dövlət Neft Şirkətinin çıxardığı neftin maya dəyəri 14-15 dollardır. Lakin düşünürəm ki, neftin qiymətinin maya dəyərindən aşağı enməsi onun istehsalını dayandırmayacaq. 1998-ci ildə neftin qiyməti 10 dollara qədər enmişdi, Lakin istehsal dayandırılmadı. Çünki bu enmə qısa müddət ərzində baş verir, sonra əvvəlki qiymət yenidən bərpa olunur”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2676