Kamran Əliyev Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb
15:10 27 Oktyabr 2020
Oktyabrın 27-də Baş prokuror Kamran Əliyev Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bəhrom Əşrəfxanov ilə görüşüb.
Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, qonağı səmimi salamlayan Baş prokuror Azərbaycanla Özbəkistan arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əlaqələrin uğurla inkişaf etdiyini, hər iki ölkə arasında əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini qeyd edib.
Səfir Bəhrom Əşrəfxanovu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edərək ona uğurlar arzulayan Baş Prokuror, sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə cinayətlərin törədilməsini, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket zərbələrinə məruz qalmasını qeyd etməklə xüsusilə vurğulamışdır ki, ümumilikdə mülki əhalidən 65 nəfər həlak olmuş, onlardan 18-i qadın, 10-u uşaq olmuş, 308 nəfər yaralanmış, onlardan 71-i qadın, 33-ü uşaq olmuş, 2312 yaşayış evinə, 90 çoxmərtəbəli binaya və 405 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Həmçinin Kamran Əliyev Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində müvafiq bəyanatların qəbul edilməsinə üzv dövlət olaraq Özbəkistanın verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ikitərəfli münasibətlərə toxunaraq Özbəkistan Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini bildirib.
Bəhrom Əşrəfxanov ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən ölkəsinin 27 il ərzində rəsmi mövqeyininin dəyişməz qaldığını bildirirək Azərbaycan Respublikasının ərazi bütövlüyünün Özbəkistan dövləti tərəfindən tanındığını və Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqlədiklərini qeyd etməklə, birmənalı olaraq münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində nəzərdə tutulmuş qaydada baza prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıb.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinin raket atəşinə tutulmasının ölkəsi tərəfindən pislənildiyini, Gəncə şəhərində törədilmiş cinayətlərin nəticələri ilə yerində tanış olduğunu bildirmiş, bu hadisələrin dünya ictimaiyyətinə tanıdılması məqsədilə Baş Prokuroluq tərəfindən keçirilmiş brifinqlər, verilən məlumatlar və görülmüş digər tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamaqla bu kimi görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Səfir ölkəsinin Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının üzvlüyünə seçilməsində Azərbaycan dövlətinin verdiyi dəstəyə görə öz təşəkkürünü bildirib.
Daha sonra hər iki dövlətin prokurorluq orqanları arasında əməkdaşlıq, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 651
Oxşar xəbərlər
- Kamran Əliyev İmişli, Saatlı, Sabirabad və Cəbrayıl sakinlərini qəbul edib
- Kamran Əliyev əmr imzalayıb
- Kamran Əliyev Özbəkistana rəsmi səfərə gedib
- Kamran Əliyev: “Ötən il rüşvət cinayətləri 2 dəfə artıb”
- Kamran Əliyev yeni şöbə rəisi təyin edib
- Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
- Kamran Əliyev azad edilmiş ərazilərdə yaradılan hərbi prokurorluqların fəaliyyəti ilə bağlı tapşırıqlar verib
- Kamran Əliyev Baş Prokurorluqda iclas keçirir
- Kamran Əliyev: "Baş verən bütün intihar hadisələri nəzarətdədir"
- Kamran Əliyev Türkiyənin Ədliyyə naziri, Baş prokuroru və Ali Məhkəməsinin sədri ilə danışdı