Konstitusiya Məhkəməsindən Bərdə terroru ilə bağlı MÜRACİƏT
20:48 29 Oktyabr 2020
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Bərdə şəhərində oktyabrın 27-də və 28-də mülki əhaliyə qarşı Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi terror aktları ilə bağlı dünya ölkələrinın konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət edib.
Bu barədə Femida.az -a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib.
Müraciətdə deyilir: “Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq, Azərbaycan əhalisinin sıx yaşadığı şəhər və kəndləri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törədir. Ermənistan silahlı qüvvələri hərbi cinayətlərini davam etdirərək, beynəlxalq hüquq normaları ilə qadağan edilmiş kaset bombalarından istifadə etməklə, oktyabrın 27-də Bərdə şəhərini müxtəlif istiqamətlərdən ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 4 dinc sakin həlak olub, 13-ə yaxın insan yaralanıb. Oktyabrın 28-də isə Bərdə şəhərinin Ermənistan tərəfindən yenidən raket atəşinə tutulması 21 dinc sakinin həlak olması, 70-ə yaxın insanın yaralanması ilə nəticələnib.
Həmin terror aktlarının nəticəsində ölənlər və yaralananlar arasında azyaşlı uşaqlar və qadınlar var. Mülki infrastruktura ciddi ziyan dəyib.
Döyüş zonasından 40 kilometr məsafədə yerləşən Bərdə şəhərinə iki gün ard-arda raket zərbələrinin endirilməsi və mülki şəxslərin vəhşicəsinə qətlə yetirilməsi erməni faşizminin növbəti təzahürüdür.
Ümumiyyətlə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif yaşayış məntəqələrində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb.
Dinc əhaliyə qarşı törədilən bu terror aktları bir daha onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq humanitar hüquq normalarını, xüsusilə “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyanı, BMT-nin Uşaq Hüquqları Konvensiyasını, habelə insan hüquqları sahəsində digər beynəlxalq hüquq sənədlərini kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən əl çəkmir, sülh və insanlıq əleyhinə yönəlmiş cinayətlərini davam etdirir.
Biz dünyanın bütün konstitusiya ədalət mühakiməsi orqanlarını, Ermənistan hökumətinin qadağan edilmiş silahlardan istifadə edərək beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi və qeyri-insani cinayət əməllərini və qəddar işğalçı siyasətini qınamağa çağırırıq”.
Femida.az
Oxunub: 4507
Oxşar xəbərlər
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Konstitusiya Məhkəməsi inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı qərar elan edib
- Konstitusiya Məhkəməsi xüsusi müsadirə edilməli əmlakla bağlı qərar çıxarıb
- Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna əsasən qərardad çıxarıb
- Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar verib
- Parisdə Zəfər, Bayraq və Konstitusiya günləri qeyd edilib
- Mehriban Əliyeva Konstitusiya Günü ilə əlaqədar paylaşım edib
- Azərbaycanda Konstitusiya Günü qeyd olunur
- Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib