İllərdir ermənilərin istismar etdiyi Vejnəli qızıl yatağı - VİDEO


18:48     31 Oktyabr 2020 2020/10/239a0-3208307632_1604156944.jpg

Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarının təbii sərvətlərindən qeyri-qanuni istifadə etməsinə dair yüzlərlə fakt mövcuddur.

İşğalçı ölkənin Dağlıq Qarabağ və digər zəbt edilmiş Azərbaycan ərazilərində milli sərvətlərimizi talan etməsi ilə yanaşı bu prosesdə xarici şirkətlərin iştirakına dair çoxsaylı faktlar aşkar olunub.

Ümumilikdə, işğal olunmuş Azərbaycan torpaqlarında 160 müxtəlif qiymətli metal yatağı qalıb. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqlar mövcuddur. Bu illər ərzində Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasındakı qızıl, mis, sink filizləri və konsentratlarının, həmçinin qiymətli metalların konsentratlarının xeyli hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunub.

Bu günlərdə işğaldan azad olunmuş Zəngilan rayonun ərazisində yerləşən Vejnəli qızıl yatağı isə kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Mütəxəssislər deyirlər ki, yataqda 25 sayda qızıl saxlayan kvars damar zonaları öyrənilib, 14, 15, 16, 19, 21 və 24-cü zonalar üzrə Cı+C2 kateqoriyası ilə ehtiyatlar hesablanıb.

Qeyd edək ki, Vejnəli yatağı 1959-1962-ci illərdə Vejnəli geoloji-axtarış partiyası tərəfindən kəşf edilib. Burada 1962-1971, 1976-1981 və 1983-1984-cü illərdə geoloji-axtarış və kəşfiyyat işləri aparılıb. Vejnəli qızıl yatağı 1984-cü ildə Məhəlli Ehtiyatlar Komissiyasında təsdiq olunaraq Azərbaycan Respublikası Faydalı Qazıntı Ehtiyatlarının Dövlət Balansına qəbul edilib.

Təsdiq edilmiş ehtiyatların statistikası belədir: C1 kateqoriyası üzrə filiz-183 min ton, qızıl - 2,169 ton, C2 kateqoriyası üzrə filiz - 433 min ton, qızıl - 4,347 ton təşkil edib.
C1 kateqoriyası üzrə gümüş - 0,19 ton, C2 kateqoriyası üzrə gümüş - 9,9 ton təşkil edib. C1 kateqoriyası üzrə mis - 0,2 min ton olduğu halda, C2 kateqoriyası üzrə mis - 2,8 min ton təşkil edib.

Xatırladaq ki, Azərbaycanda qızılçıxarma sənayesinin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə» 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş «Azərqızıl» DŞ ilə ABŞ-ın «RV Investment Group Sevrvices LLS» arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyəzbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdı. Lakin Söyüdlü(Zod), Qızılbulaq və Vejnəli yataqları ermənilərin işğalı altında olduğuna görə, həmin yataqlar üzrə işlərin aparılması mümkün olmayıb.

Artıq Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində ərazilərimiz işğaldan azad olunur, xalqımıza məxsus milli sərvətlərimiz, o cümlədən Vejnəli qızıl yatağı onun özünə qaytarılır.



Onu da qeyd edək ki, Ermənistan məlum genişmiqyaslı talan əməliyyatına Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı, erməniəsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamları Azərbaycan ərazisində yataqların istismarına cəlb edilib. Bu cür kriminal biznes nümayəndələrindən biri də İsveçrənin dünyaca məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən olan və onun baş direktoru Vartan Sirmakesdir.

Maraq üçün bildirək ki, V.Sirmakes 1956-cı ildə İstanbulda anadan olub və 18 yaşında İsveçrəyə köçüb. Hazırda İsveçrənin erməni diasporunun maliyyə donoru hesab olunan V.Sirmakes “ArmSwissBank” bankının təsisçisidir, bu ölkədə 7 brendə və 14 istehsalat müəssisəsinə sahibdir. O, Ermənistanda müxtəlif sahələrə böyük investisiyalar yatırır, rəhbərlərindən biri olduğu “Franck Muller” şirkəti dünyada yeganə nümayəndəliyini məhz Ermənistanda açıb. Keçmiş prezident Serj Sarqsyanın fərmanı ilə Ermənistanın Fransadakı Baş Konsulu təyin olunub və “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib.



Yataqların istismarında yalnız xarici korporasiyalar deyil, həm də Ermənistanın siyasi rəhbərliyi də ofşor zonalarda saxta şirkətlər yaratmaq yolu ilə iştirak edib. Bu sıraya R.Koçaryan-S.Sarqsayn cütlüyü, keçmiş səfir və indiki prezident Armen Sarkisyan və indiki baş nazir Nikol Paşinyan daxildir.

Uzun illərdir ki, V.Sirmakesin Kəlbəcərin “Söyüdlü” və Zəngilanın “Vejneli” yataqlarından oğurlanan qızıl İsveçrə birjalarında satışa çıxarılır, qazanc isə elə həmin ölkənin banklarına yatırılır. Sirmakes Azərbaycanın işğal olunmuş ərazilərində 999,9 əyyarlıq qızıl külçələrin satışı ilə məşğul olan bir sıra proqramların da əsas sərmayədarıdır. 2001-ci ildə “Franck Muller”in Ermənistandakı nümayəndəliyi açılan zaman şirkətin təmsilçisi bildirmişdi ki, burada saatların qızıl çərçivələri üçün 18 karatlıq qızıl və 550 əyyarlıq platindən istifadə olunacaq.

İsveçrəli biznesmenin Ermənistanda qiymətli materialların emalı zavodunun inşasına hazırlaşdığı barədə də məlumatlar var. Onun zavodun tikilməsi planı 6 il əvvəl – 2014-cü ildə açıqlanıb və Ermənistan Mərkəzi Bankı ilə müvafiq memorandum da imzalanıb. Hasil edilən qızılı dünya bazarına çıxarmaq məqsədi ilə 2020-ci ildə Ermənistanda affinaj (qızıl emalı) zavodunun açılması nəzərdə tutulur. Əsas investor da Vartan Sirmakesdir...



Rəsmi statistikaya görə, Ermənistandan ixrac edilən məhsulların böyük bir hissəsi Vartan Sirmakesin vətəni olan İsveçrəyə ixrac olunur. 2019-cu ildə Ermənistan məhsullarının ixrac edildiyi ölkələr sırasında ikinci ən böyük paya sahib olan ölkə məhz İsveçrədir - ixracda bu ölkənin payı 17.4% (457 milyon dollar) həcmində olub.

Azərbaycan ərazisində hasil olunan qızıl resursları Ermənistana gətirilir, Ermənistanda müəyyən saflaşdırma mərhələsindən keçdikdən sonra üçüncü ölkələrin bazarlarına çıxarılaraq, orada satışı həyata keçirilir.

5 il əvvəl Azərbaycanın Baş Prokurorluğu Vartan Sirmakesə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib. İstintaq materiallarından aydın görünür ki, Azərbaycan tərəfi Sirmakesin qanunsuz iqtisadi fəaliyyəti və xüsusilə də, qızıl yataqlarının qeyri-qanuni istismarında iştirakı ilə bağlı kifayət qədər məlumat əldə edib. Bütün bu faktlar İsveçrə Konfederasiyası Baş Prokurorluğuna da təqdim olunub.

Azərbaycan Prezidentinin tapşırığına əsasən işğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycan vurduğu zərərlərin kompleks qiymətləndirilməsi aparılacaq. Vətəndaşların mülkiyyəti, infrastruktur, mədəniyyət abidələri və s. ilə yanaşı, həm də Azərbaycana məxsus təbii resursların qeyri-qanuni istismarı haqqında materiallar əsasında Ermənistanın Azərbaycan vurduğu zərərlər qiymətləndiriləcək, düşmən ölkənin, onun əvvəlki və indiki rəhbərlərinin, bu prosesdə iştirak edən xarici şirkətlərin, onların rəhbərlərinni məsuliyyətə cəlb olunması ilə bağlı bütün lazımi tədbirlər görüləcək.





Femida.az

Açar sözlər: #Vejnəli   #qızıl  

Oxunub: 4867