“Ərazi bütövlüyünə hörmət bizim üçün prinsipial mövqedir” - Leyla Abdullayeva


19:48     31 Oktyabr 2020 2020/10/15924951743746653307_1000x669_1604157561.jpg

Azərbaycan birtərəfli qaydada humanitar addımlar atır. Azərbaycan tərəfi hələ oktyabrın 18-də elan edilmiş humanitar atəşkəsə riayət olunmadığı halda, birtərəfli şəkildə erməni əsgərlərinin cəsədlərinin qaytarılması, ölkəmizdə olan yaşlı erməni şəxslərin qarşı tərəfə verilməsi təşəbbüsünü irəli sürmüşdü. Lakin bu təklif irəli sürüləndə Ermənistan tərəfindən razılıqla qarşılanmamışdı. Hətta Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı ermənini təhvil almaqdan son anda imtina edib. . Baxın, budur Ermənistanın əsl siması. Bundan başqa, Ermənistan tərəfindən təhvil alınmış Ermənistan vətəndaşı Yevqeniya Babayana qarşı sonradan fiziki təzyiqlər göstərilib. O yaşının çox olmasına baxmayaraq, müstəntiq qarşısına çıxarılıb və ona edilən təzyiqlər nəticəsində Azərbaycana qarşı ifadə verib. Biz Ermənistanın növbəti dəfə bu kimi qeyri-humanist addımlarını pisləyirik.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Leyla Abdullayeva bildirib: “Eyni zamanda, Ermənistan tərəfindən son zamanlar saxta videolar, feyk məlumatlar və dezinformasiyalardan geniş şəkildə istifadə olunur. Ermənistan tərəfinin saxta məlumatları yaymaqda, eləcə də Azərbaycanın mülki əhalisini hədəfə almaqda məqsədi bəllidir. Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil. Bu, açıq şəkildə görünür. Eyni zamanda, Ermənistanın məqsədi işğalı möhkəmləndirmək, eləcə də üçüncü tərəfləri bu münaqişəyə cəlb etməkdir. Azərbaycan tərəfi isə başda Prezident İlham Əliyev olmaqla, dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb və bəyan edib ki, onun xarici dövlətlərin ərazilərinə qarşı hər hansı bir iddiası yoxdur. Bu gün Azərbaycan öz suveren ərazisində qeyri-qanuni mövcudluğunu saxlayan Ermənistan silahlı qüvvələrinə qarşı özünümüdafiə tədbirləri həyata keçirir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində addımlar atılır ki, bu da məhz BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri tərəfindən hələ 1993-cü ildə tələb edilib. Başqa sözlə desək, bu gün Azərbaycan Silahlı Qüvvələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsini təmin edir. Üçüncü dövlətləri münaqişəyə cəlb etmək istəyən düşmən tərəfin diqqətinə bir daha çatdırmaq istərdik ki, onların bu kimi iddiaları nəticəsiz qalacaq”.

Azərbaycanın bütün qonşu dövlətlərlə dostluq və əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayan Leyla Abdullayeva qeyd edib: “Biz digər dövlətlərin ərazi bütövlüyünü tanıyırıq, ona hörmət edirik. Ərazi bütövlüyünə hörmət bizim üçün prinsipial mövqedir. Eyni zamanda, Azərbaycanın da beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət olunmasını digər dövlətlərdən tələb edirik”.

Femida.az

Açar sözlər:

Oxunub: 569