“Yüksəkliklərdən birinə “Bayraqdar” adının verilməsini arzu edirəm” - Prezidentə yazırlar


20:55     31 Oktyabr 2020 2019/12/prezident_esass_1576734705.jpg

Rəşadətli Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın işğaldan azad edilməsi vətəndaşlarımızda, xaricdə yaşayan soydaşlarımızda, eləcə də qardaş Türkiyənin vətəndaşlarında böyük sevinc hissi yaradır. Onlar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda bu sevinc hisslərini bölüşürlər.

Femida.az Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Türkiyənin Ankara şəhərindən Çağlar Çakır yazır: “Hörmətli cənab Prezident, Sizə türk xalqının salamlarını və ehtiramını çatdırmaqdan məmnun olduğumu bildirirəm. Mən Türkiyə Respublikasının vətəndaşı olaraq Sizin haqq davanızı öz mübarizəm bilirəm. Azərbaycan torpaqları bizim üçün də Vətən sayılır. Cəbhədə və ya hər hansı bir sahədə mənə ehtiyac olarsa bunu özümə şərəf sayaram. Allaha əmanət olun. Yaşasın iki dövlət bir millət. Allah türkü qorusun!”.

Füzuli rayon sakini Rəvan Cəfərov: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, biz Səninlə fəxr edirik. Otuz ilə yaxın işğalda olan doğma torpaqlarımızın qaytarılmasında göstərdiyiniz qəhrəmanlığa görə Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. Sizə cansağlığı, uzun ömür arzulayıram. Müasir Azərbaycan bu gün varsa bu Sizin sayənizdədir. Bir keçmiş döyüşçü, bir Azərbaycan vətəndaşı kimi Sizin kimi rəhbərimiz olduğu üçün qürur hissi keçirirəm. Allah Sizi qorusun!”.

Ağdam sakini Rövşən Əliyev: “Çox hörmətli Ali Baş Komandan, bütün Azərbaycan xalqı kimi mən də Sizi bu haqq yolunda dəstəkləyir, uzaqgörən siyasətinizə inanıram. Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğum üçün döyüşün nə olduğunu bilirəm. Bu mübariz, çətin və şərəfli yolda Sizə və Ordumuza yeni-yeni zəfərlər arzu edirəm. Hörmətli Prezident, Siz Ali Baş Komandan kimi döyüş meydanında düşmənə və onların havadarlarına layiqli yerini göstərir, öz qətiyyətli çıxışlarınızla onların cavabını verirsiniz. Allah Sizi və Ordumuzu qorusun, Vətən torpağı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza rəhmət eləsin. Sizə cansağlığı, uzun ömür arzulayıram. Qarabağ Azərbaycandır!”.

“Azərbaycan tarixində yeni şanlı səhifələr açırsınız” - Prezidentə yazırlar
Oğuz rayonundan Emil Mustafazadə yazır: “Hörmətli cənab Prezident, rəhbərliyiniz altında şanlı Ordumuzun qazandığı davamlı uğurlara görə Sizi təbrik edir və möhkəm cansağlığı arzu edirəm. Bütün Azərbaycan xalqı Sizinlədir, ətrafınızda sıx birləşib. Müzəffər Ali Baş Komandan, bizim qırılmaz Vətən sevgimizə, dönməz iradəmizə bütün dünya həsəd aparır. İnşallah, Sizdən yeni qələbə xəbərləri gözləyirik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Xocavənd rayon sakini Şükür Quliyev: “Cənab Prezident, Ali Baş Komandan, mən Xocavənd rayonundan məcburi köçkünəm. Qardaşım Qarabağ döyüşlərində şəhid olub, özüm isə Qarabağ qazisiyəm. Son zamanlar ordumuzun cəbhədə qazandığı uğurlar bizləri çox sevindirir. Sizi və xalqımızı Ordumuzun cəsur övladlarının düşmənə sarsıdıcı zərbələr endirməsi münasibətilə təbrik edirəm. Əminik ki, qısa zaman kəsiyində Sizin rəhbərliyinizlə Ordumuzun cəsur, igid oğulları ata-baba torpaqlarımızı qəddar, mənfur düşməndən tam azad edərək üçrəngli bayrağımızı Xankəndidə, Şuşada vüqarla dalğalandıracaq. O gün uzaqda deyil. Möhtərəm Prezidentimiz, bu çətin və şərəfli işinizdə Sizə və Ordumuza yeni-yeni zəfərlər arzulayıram. Sizinlə hər birimiz qürur duyuruq. Tanrı Sizləri qorusun! Qarabağ Azərbaycandır!”.

Şəki sakini Sədaqət Cəmilova: “Əziz və hörmətli Prezidentim, Sizi Şəki şəhərinin sakinləri adından salamlayır, fəaliyyətinizi dəstəklədiyimizi bildirir, uğurlar arzulayıram. Milli Ordumuza ərazi bütövlüyümüzün bərpası mübarizəsinə başlamaq əmri verdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Mən qürur duyuram ki, Sizin kimi məğrur və qətiyyətli siyasətçimiz, dönməz və güclü Ali Baş Komandanımız var. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Lənkəran sakini İlqar Kərimov: “Əziz və sevimli Prezidentimiz, ilk növbədə, torpaqlarımızı işğalçılardan azad etdiyinizə görə Sizə və şanlı Ordumuza ürəkdən minnətdarıq və bu münasibətlə Sizi təbrik edirik. Azərbaycan üçün etdiyiniz bütün işlərə və bu gün göstərdiyiniz şücaətə və qətiyyətli addımlara görə Sizə dönə-dönə təşəkkür edirik. Hər yeni xəbəri böyük səbirsizliklə və sevinclə gözləyirik. Sizin cəsarətiniz, məharətiniz və hünərinizlə ana Vətənimizin son yüz illik tarixinə qızıl xətlə yazdığınız böyük qələbə var olsun! Allah Sizi və rəşadətli əsgərlərimizi qorusun! Fəxr edirəm ki, azərbaycanlıyam! Qarabağ Azərbaycandır!”.

Saatlı rayonundan Nazir Əhmədovun məktubunda deyilir: “Müzəffər Ali Baş Komandan, mən – Əhmədov Nazir Ağaqulu oğlu Saatlı rayonunun Qıraqlı kənd sakiniyəm. Birinci Qarabağ müharibəsinin iştirakçılarından biriyəm. Bu sözləri qürur hissi ilə yazıram. Hamımızın bir amalı var: torpaqlarımızı mənfur ermənilərdən azad etmək. Sizin yürütdüyünüz siyasət nəticəsində Azərbaycan əsgərinin azad etdiyi rayonlarımızın və kəndlərimizin adlarını eşitdikcə sevincimizin həddi-hüdudu olmur. Mən onkoloji xəstəyəm. Buna baxmayaraq, vuruşmaq üçün bir neçə ay bundan əvvəl könüllü yazılmışam. Biz inanırıq ki, tez bir zamanda üçrəngli bayrağımız Şuşada dalğalanacaq, Qarabağımız Sizin quruculuq işləriniz sayəsində yenidən cənnətə dönəcəkdir. Var olsun Ali Baş Komandan, var olsun Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!”.

Biləsuvar sakini Xanalı Məmmədov: “Hörmətli Prezident, müzəffər Ali Baş Komandan, illərdir Vətən, torpaq dərdi məcburi köçkün düşmüş vətəndaşlarımız kimi bizləri də çox sarsıtmışdı. Bu gün sevinirik ki, Siz əsl bir sərkərdə kimi torpaqlarımızı işğaldan azad edirsiniz. Biz Sizinlə fəxr edirik. Xalqın Sizə böyük inamı var, ona görə də bütün xalq bu gün Sizin ətrafınızda yumruq kimi birləşib və Sizin bir çağırışınızla döyüşməyə hazırdır. Siz bizim əbədiyaşar Prezidentimizsiniz. Aldığınız hər qarış torpağa görə Sizin və qüdrətli Ordumuzun qarşısında baş əyirik. Sizlərə Allahdan cansağlığı, müqəddəs və şərəfli işinizdə uğurlar arzulayıram. Yaşasın müzəffər Ali Baş Komandanımız və onun güclü Ordusu! Qarabağ Azərbaycandır!”.

Bakı şəhər sakini Rahib Hacızadə: “Salam, cənab Prezident, mənim adım Rahibdir, 11 yaşım var. Biz və ermənilər arasında gedən müharibədə əminəm ki, Sizin və Ordumuzun sayəsində qalib gələcəyik. Mən inanıram ki, işğal edilmiş torpaqlarımızın hamısı düşməndən azad ediləcək. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Gəncə şəhər sakini Hicran Həşimova: “Hörmətli Ali Baş Komandan, son günlər əldə etdiyimiz qələbələrə görə Sizə və Ordumuza minnətdaram, Vətəni üçün canından keçən şəhid övladlarımız qarşısında baş əyirəm. Əziz və sevimli Prezidentim, bir neçə gün bundan əvvəl Siz məni qubadlılı etdiniz. Mən Gəncədə anadan olsam da, hər bir rayon və kənd geri alındıqda özümü oralı hiss edirəm: zəngilanlı, füzulili, cəbrayıllı. Buna görə Sizə böyük təşəkkür edirəm, Vətənimin ər oğlu! Mən əminəm ki, Siz və yenilməz Ordumuz tezliklə məni, ailəmi və bütün xalqımı şuşalı, xankəndili, xocavəndli, laçınlı, kəlbəcərli, bir sözlə Qarabağlı edəcəksiniz! Allah Sizə və qalib Ordumuza yar olsun! Allah Azərbaycan xalqını qorusun! Qarabağ Azərbaycandır!”.

Beyləqan rayon sakini Maarif Şirinov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusunun ardıcıl qələbəsi hamı kimi məni də çox sevindirir və qürurlandırır. Bu qələbələr Sizin qətiyyətinizin və kamil komandanlığınızın bariz nümunəsidir. Mən bir Azərbaycan vətəndaşı və hazırda ön cəbhədə xidmət edən zabit atası kimi qürurluyam. Sizə uzun ömür, cansağlığı və bayrağımızın Qarabağın hər guşəsində dalğalanmasını arzulayıram. Bir arzum isə işğaldan azad edilən yüksəkliklərdən birinə “Bayraqdar”, yaşayış məntəqələrindən bir neçəsinə isə Qarabağ müharibəsində şəhid olmuş Milli qəhrəmanların adının verilməsidir. Yaşasın Azərbaycan, yaşasın şanlı Ordumuz, yaşasın Ali Baş Komandanımız!”.

Xankəndi sakini Emil Süleymanov: “Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan, Sizin apardığınız siyasət məni və xalqımızı qürurlandırır. Siz 30 ildir düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edirsiniz. Artıq bir neçə şəhərimiz, onlarla kəndimiz işğaldan azad olunub. Sizin Azərbaycan xalqı üçün göstərdiyiniz fədakarlıq əsgərlərimizi də ruhlandırır və qələbə əzmini daha da artırır. Mənim 14 yaşım var. Valideynlərim Xankəndi səhərinin Kərkicahan qəsəbəsindən məcburi köçkün düşmüşlər. Bu günə kimi onlar mənə Xankəndi və Kərkicahan haqqında çox şey danışıblar. Qəsəbəmizin isğaldan azad olunmasını səbirsizliklə gözləyirəm. İnanıram ki, Sizin və əsgərlərimizin şücaəti nəticəsində buna nail olacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

İmişli sakini Elçin Abdullayev: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız uğurlu haqq davanız bizi çox sevindirir və bununla qürur duyuruq. Sizin erməni vəhşilərinə, terrorçularına qarşı başladığınız sülhə məcburetmə savaşı təkcə onların uzun illərdir işğal etdikləri Qarabağ torpaqlarından çıxmalarını yox, həm də bütün regionun sabitliyini təmin edəcək. Erməni vandalları tarixən xalqımıza qənim kəsilmiş və həmişə Azərbaycan torpaqlarına göz dikmişlər. Sizin sayənizdə Azərbaycan Ordusu bu gün tariximizdə yeni zəfər səhifəsi açaraq ərazi bütövlüyünün təmin olunması və Qarabağın işğaldan azad edilməsi tarixini yazır. Başladığınız haqq davası ilə dünyaya bir daha sübut etdiniz ki, Azərbaycan xalqı sülhsevər olduğuna görə ərazi bütövlüyünü sülh yolu ilə təmin etmək üçün uzun illərdir hərbi yola əl atmamış, səbir etmişdir. Ermənistan hakimiyyətinin və şovinist ermənilərin pis xislətləri bu savaşda da özünü göstərir. Belə ki, bizim ordumuz öz torpaqlarımızda erməni hərbçiləri ilə döyüş apardıqları halda, onlar yaşayış məntəqələrinə atəş açaraq günahsız və dinc əhaliyə, yaşlı və körpə insanlara qarşı müharibə cinayəti törədirlər. Onların bu əməlləri sübut edir ki, müzəffər Ordumuzun qarşısında tab gətirə bilmədiklərinə görə dinc əhalidən qisas alırlar. Müzəffər Ali Baş Komandan, məlumdur ki, ölkəmizin hərtərəfli inkişafı üçün əlinizdən gələni əsirgəmirsiniz. Buna görə də şanlı Ordumuz bu gün ön cəbhədə mühüm uğurlar qazanır. Xalqımız inanır ki, Sizin siyasətiniz və yenilməz Ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanın ərazisi bütövləşəcək, işğal olunmuş ərazilər azad ediləcək və ölkəmizin rifahı yüksələcəkdir. Bu yolda biz də Sizin yanınızdayıq. Azərbaycanın ərazi bütövlüyünün, təhlükəsizliyinin təmin olunmasını və davamlı inkişafını Sizinlə birlikdə olmaqda görürük. Həyatınızı dövlətimizə və xalqımıza həsr etdiyinizə görə Sizə minnətdarıq. Qarabağ Azərbaycandır!”.

Goranboy sakini Mərziyə Əlyarova: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, İşğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdiyiniz üçün Sizi ürək dolusu təbrik edirəm. Siz Ulu Öndərin siyasətini uğurla davam etdirirsiniz. Cənab Prezident, mən 2-ci qrup əliləm, ayaqlarım tutulub. Hər gün Sizin çıxışlarınızı böyük coşqu ilə izləyirəm. Çıxışınız bitənədək əllərimi Uca Allaha qaldırıb Sizə və Ordumuza dualar edirəm. Cənab Prezident, Siz 30 ildir Vətən həsrəti çəkənləri öz yurd-yuvalarına qaytarırsınız. Bu günlərdə mənim sevincimin həddi-hüdudu yoxdur. Allah Sizi, ailənizi, Ordumuzu qorusun! Gün o gün olsun ki, işğal altında olan digər torpaqlarımız, Şuşamız da azad edilsin. Hər gecə gözlərimi yumanda arzu edirəm ki, səhər durub görüm ki, bütün torpaqlarımız azad olunub. Həmişə üzünüz gülsün! Uca Tanrı Sizə və igidlərimizə yar olsun!”.

Femida.az

Açar sözlər:

Oxunub: 273


Oxşar xəbərlər