Dəymiş zərər necə ödənilir? – Hüquqi yardım


19:54     15 Dekabr 2015 mehkeme32.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Bugünkü mövzu dəymiş zərərin ödənilməsi ilə bağlıdır.

Femida.az məsələ hüquqi aspektdən yanaşmaq üçün hüquqşünas Məhərrəməli Həmidov ilə əlaqə saxladı.

Hüquqşünasın zərərin ödənilməsi prosesini aşağıdakı kimi izah etdi:

“Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzini mülki qanunvericiliyə əsasən məhkəmə qaydasında tələb edə bilər.

Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1098.2-ci maddəsinə əsasən, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər.

Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) və yaxud qərarları nəticəsində vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar.

Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzini onun qəyyumu və ya ona nəzarət etməli olan təşkilat, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəyirlər.

Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.

Binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir”.


Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3276