İlham Əliyev Paşinyan barəsində: “Hazırda onunla görüşməkdə məna görmürəm”
14:25 05 Noyabr 2020
Biz hərbi əməliyyatları davam etdirmək istəmirik və mən dəfələrlə demişəm və bu gün də təkrar edə bilərəm, əgər Ermənistanın baş naziri şəxsən özü, bu qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə bir bəyanat versə, biz dərhal dayanmağa hazırıq, dərhal. Mən sözünə əməl edən insanam və biz bunu edərik. Lakin o, bunu demir.
Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.
"O, vaxt qazanmaq istəyir, daha çox hərbi yardım əldə etmək üçün atəşkəs istəyir, Azərbaycana qarşı yeni hücumlar etmək və bizim azad etdiyimiz əraziləri geri almaq üçün bu atəşkəsdən istifadə etmək istəyir. Onun niyyəti bundan ibarətdir", - deyə Prezident əlavə edib..
Jurnalistin "Siz hazırda cənab Paşinyanla bir masa arxasında oturmağa hazırsınız, yoxsa bunun bir mənası yoxdur" sualına cavabında Dövlət başçısı deyib:
"Xeyr, bunun qətiyyən heç bir mənası yoxdur. Son iki il ərzində mənim onunla çoxsaylı görüşlərim olub, lakin onların hamısı tamamilə səmərəsiz və mənasız olub, ilk görüşlər istisna olmaqla. O, mənə söz vermişdi ki, əgər Azərbaycan dırnaqarası “inqilab”dan sonra ona vaxt versə, o, yaxşı hazırlaşacaq, Ermənistanda siyasi cəhətdən öz mövqeyini gücləndirəcək və sonra əsas prinsipləri yerinə yetirmək üçün konstruktiv şəkildə işləməyə hazır olacaq.
Bu, onun Ermənistanda rəhbərliyinin ilk aylarında mənə söylədikləri idi. Lakin bir ildən sonra o, tamamilə fərqli sözlər dedi. O dedi ki, Azərbaycana qaytarılası bir santimetr belə torpaq yoxdur. Dedi ki, “Qarabağ Ermənistandır”. Dedi ki, Azərbaycan Dağlıq Qarabağdakı qondarma qurumun dırnaqarası “rəhbərliyi” ilə danışıqlar aparmalıdır. Beləliklə, o, danışıqlar prosesini pozmaq üçün hər şeyi etdi. Ona görə də hazırda mən onunla görüşməkdə bir məna görmürəm. Bu yaxınlarda bizim xarici işlər nazirlərimiz Cenevrədə görüşüblər və mən düşünürəm ki, hazırda bu, təmaslar üçün doğru formatdır".
Femida.az
Oxunub: 485
Oxşar xəbərlər
- "Həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq"
- İlham Əliyev: "Bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır"
- Erməni təcavüzü nəticəsində əmlakına ziyan dəymiş şəxslərə yardım ödəniləcək - SƏRƏNCAM
- Ermənilərin mülki əhaliyə vurduğu zərərin aradan qaldırılması üçün pul ayrıldı - SƏRƏNCAM
- Prezident Ermənistanın zərər vurduğu obyektlərin bərpasına 30 milyon manat ayırdı
- İlham Əliyev Ərdoğanı Füzuli rayonunda qarşılayıb - FOTOLAR
- İlham Əliyev İsrailin yeni Prezidentini təbrik edib
- İlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni binasının açılışında iştirak edib
- Serbiya Prezidenti İlham Əliyevi təbrik edib
- İlham Əliyev Cavad Zərifi qəbul etdi