Sərxoş olub ailəsinə ziyan vuran şəxsləri hansı cəza gözləyir? Hüquqşünas şərhi

Sərxoş olub ailəsinə ziyan vuran şəxsləri hansı cəza gözləyir? Hüquqşünas şərhi

22:48     04 Fevral 2018 piyan.jpg



Yəqin ki, hər birimiz həyatımızda ən azı bir dəfə də olsa eşitmişik ki, hansısa spirtli içki alüdəçisi, narkotik istifadəçisi və yaxud qumara qurşanmış şəxs özünün gəlirlərini, özünə məxsus evini, avtomobilini dəyər-dəyməzə sataraq bu istiqamətlərdə xərcləyir. Bu mənfi vərdişlərin alüdəçiləri arasında özlərinin aylıq pensiyalarını bütövlüklə içkiyə xəcləyən, öz adına xeyli miqdarda kredit götürərək öz mənfi vərdişlərinə xərcləyən şəxslər də az deyil. Bu cür şəxslər əsasən ailələrinə cüzi miqdarda pul ayırdığı halda, gəlirlərinin əksər hissəsini mənfi vərdişlərə xərcləyirlər.


Femida.az mövcud problemin həlli yollarını axtarmaq məqsədilə vəkil Asif Abdullayevə müraciət edib. Vəkil mövzu ilə bağlı açıqlamasında bunları bildirdi:



Sual: Spirtli içkilərdən, narkotik vasitələrdən, eləcə də qumara qurşanması nəticəsində ailəsini ağır maddi duruma salan şəxsə qarşı hansı qanuni tədbirlər görülə bilər?

“Qanun bu cür hərəkətlərin qarşısını almağa imkan verir. Qanunvericiliyə əsasən, qeyd edilən əlamətlərə uyğun olan şəxs, məhkəmə qərarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilə bilər. Həmin şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir.

Məhkəmə qərarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxs artıq öz gəlirləri və əmlakı barədə müstəqil qərar qəbul edə bilməyəcək. Misal üçün : əgər əvvəllər həmin şəxs öz əmlakını sata bilərdisə, adına kredit rəsmiləşdirə bilərdisə və yaxud pensiyasını müstəqil şəkildə ala bilərdisə, onun fəaliyyət qabiliyyəti məhdudlaşdırıldıqdan sonra, o, bu cür addımlar ata bilməyəcək və nəticədə ona məxsus əmlak içkiyə, qumara və sair ziyanverici istiqamətdə sərf edilə bilməyəcək. Həmin şəxsin xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Yəni, öz qazancı barədə sərəncam verə bilməməsinə baxmayaraq, himayədə olan şəxs, özünün vurduğu ziyana görə müstəqil şəkildə məsuliyyət daşıyır.
Ailəsini ağır maddi duruma gətirən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi onun ailə üzvlərinin və müvafiq orqanın (qəyyumluq və himayıçilik orqanı) ərizəsi əsasında həyata keçirilir. Ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır.

Şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarının qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.
Himayəçiliyin təyin edilməsinin əsas məqsədi, himayədə olan şəxsin marağlarının qorunması, onun marağlarına uyğun hərəkətlərin edilməsidir.
Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar.
Himayəçinin əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır.

Himayədə olan şəxsin gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir.
Himayədə olanın daşınar və qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda qəyyumluq və himayəçilik orqanı özünün müəyyənləşdirdiyi idarəçi ilə həmin əmlakın etibarnamə ilə idarə edilməsinə dair müqavilə bağlayır.
Himayəçi həmçinin himayədə olan şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə müdafiə etmək hüququna malikdir.

Şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına əsasən ləğv olunur.

Nəzərə almaq lazımdır ki, məhkəmə, ərizə vermiş şəxslərin bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün vicdansız hərəkətlərini müəyyən etdikdə, məhkəmə xərclərini onlardan tutur və yüz on manatadək cərimə edir.”


Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 6878