Bizə islam ittifaqı lazımdırmı? – TƏHLİL


16:14     16 Dekabr 2015 islam%20olkeleri.jpg

Politoloq: “Azərbaycan bu ittifaqa daxil olmaqla Rusiya və İranı qarşısına almış olar”.


Hazırda Azərbaycanın "Terrora qarşı İslam İttifaqı"na qoşulub-qoşulmayacağı ilə bağlı ciddi fikir ayrılığı mövcuddur. Səudiyyə Ərəbistanı liderliyində yaradılan bu ittifaqa hazırda Türkiyə də daxil olmaqla 34 ölkə üzv olub. Mərkəzi Səudiyyə Ərəbistanında olacaq hərbi ittifaqın beynəlxalq təşkilatlar və qlobal ittifaqlarla koordinasiyalı şəkildə işləyəcəyi bildirilir. Təşkilata daxil olmaqla bağlı Azərbaycana da təklif ünvanlanıb. Xarici İşlər Nazirliyi isə rəsmi olaraq bildirib ki, hazırda Ər-Riyadın təklifi dəyərləndirilir.

Qeyd edək ki, İran və İraq bu ittifaqa qoşulmaqdan imtina edib. Bu baxımdan deyə bilərik ki, ittifaq heç də bütün islam ölkələrini əhatə etməyəcək.

Bəs Azərbaycanın bu ittifaqa daxil olması nə dərəcədə realdır?

Məsələni Femida.az-a şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirdi ki, Azərbaycanın bu ittifaqa daxil olması müsbət nəticələrə gətirib çıxarmayacaq:



“Bilindiyi kimi, bu ittifaq daha çox İŞİD əleyhinə mübarizə aparmaq üçün qurulur. Biz bu ittifaqa qoşulmaqla İŞİD-in Azərbaycana real təhlükə olduğunu qəbul etmiş oluruq. İŞİD-in fəaliyyət göstərdiyi coğrafiya isə Azərbaycandan 2-3 min km uzaqlıqdadır. Digər tərəfdən, Azərbaycan bu ittifaqa daxil olsa, Rusiya və İranı qarşısına almış olur. Biz elə bir regionda yerləşirik ki, terrorizmlə mübarizə aparsaq, gərək Rusiyanın maraqlarını nəzərə alaq. Biz həmin ittifaqa qoşulsaq, Rusiya ilə İranın maraqları üst-üstə düşər və Azərbaycan əleyhinə vahid mövqedən çıxış edərlər. Bu isə Azərbaycanın qəti əleyhinə olar. Bir sözlə, biz həmin ittifaqa qoşulmamalıyıq”.

Politoloq Qabil Hüseynli isə qeyd etdi ki, ən yaxşı halda Azərbaycan bu ittifaqa kənardan dəstək verə bilər:



“Düşünürəm ki, Azərbaycan bu ittifaqa daxil olmayacaq. Bu ittifaqa kənardan dəstək vermək də olar. Azərbaycan ən yaxşı halda kənardan dəstək verən ölkələr sırasına daxil ola bilər. Azərbaycanın hazırda Rusiya ilə ciddi problemləri var. Bu problemlər Rusiya-Türkiyə münaqişəsi ilə bağlı Azərbaycanın tutumundan qaynaqlanır. Bu ittifaqın da Rusiya əleyhinə olacağı açıq-aydın görünür. Bu səbəbdən Azərbaycan islam ölkələri və Rusiya ilə münasibətləri korlamamaq üçün ən yaxşı halda kənardan dəstək verməklə bu ittifaqla əməkdaşlıq edə bilər. Bu ittifaqa daxil olmaq Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından da heç bir müsbət töhfə vəd etmir. İslam Konfransı Təşkilatı münaqişənin həllində hansı rolu oynamışdı ki, bu təşkilat da hansısa müsbət töhfə verə”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu bildirdi ki, islam koalisiyası "sünni bloku" adlandırılmasın deyə Ər-Riyad Azərbaycanı yanında görmək istəyir:



“Səudiyyə Ərəbistanının terrora qarşı formalaşdırdığı islam koalisiyasında Azərbaycanın strateji müttəfiqləri - Türkiyə və Pakistan da yer alıb. Elə bizə görə Ermənistanla diplomatik münasibəti olmayan və işğal altındakı torpaqlarımızın azad olunmasını tələb edən Səudiyyə Ərəbistanı da (ölkəmizdə sələfi cərəyanını dəstəkləməsindən yaranan narahatedici suallara rəğmən) bizə müttəfiq sayıla bilər. Belə olan halda Rəsmi Bakı Ər-Riyada "yox" deyəcəkmi? Hələlik, Azərbaycan XİN-dən belə bir açıqlama səsləndirilib ki, Ər-Riyadın təklifi dəyərləndirilir. İslam koalisiyasına qoşulmayan iki müsəlman ölkəsi var - İran və İraq. Azərbaycan islam koalisiyasına qoşulmasa belə çıxacaq ki, şiə ittifaqında yer almışıq və Rusiyanın Suriyadakı maraqlarını nəzərə alırıq. Çünki, Kreml islam koalisiyasına şübhəylə yanaşır. Səudiyyə Ərəbistanın islam koalisiyasında Azərbaycanın da iştirakına marağı var. Ən azı islam koalisiyası "sünni bloku" adlandırılmasın deyə Ər-Riyad Azərbaycanı yanında görmək istəyir. Rəsmi Bakını mürəkkəb seçim gözləyir”.

Politoloq Fikrət Sadıqov isə təşkilatın fəaliyyəti ilə bağlı bəzi məqamlara aydınlıq gətirilmədiyi qənaətindədir:



“Mürəkkən bir vəziyyət yaranıb. Əvvəlcə qeyd edim ki, Azərbaycan terrorla mübarizədən heç bir formada imtina etmir. Lakin mövcud məsələ ilə bağlı müəyyən müəmmalar var. Çünki hələ yaranacaq bu təşkilatın fəaliyyət istiqamətləri məlum deyil. 34 üzv ölkənin təşkilat daxilində hansı işləri görəcəyinə belə aydınlıq gətirilməyib. Düşünürəm ki, indiki məqamda bu koalisiyaya qoşulmaq müsbət heç nə vəd etmir. Azərbaycan çox nüfuzlu ölkədir və bu təşkilata daxil olmadan da terrorizm əleyhinə fəaliyyət göstərə bilər”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4379