Hüquqşünas: “Sülhməramlı qüvvələr xarici hərbi baza kimi təsnif oluna bilməz”


21:31     12 Noyabr 2020 20_11_12_1605202336.jpg

Beynəlxalq məsələlər üzrə tanınmış hüquqşünas Fərhad Mirzəyev “Report”a müsahibəsində Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılmasına dair razılaşma ilə bağlı bəzi çətin və hələ də açıq qalan sualları cavablandırıb.


- Sülhməramlıların statusu nədən ibarətdir? Bunlar xarici müntəzəm hissələrdir? Bunlar Azərbaycana qarşı istifadə edilə bilərmi?

- Hər şeydən əvvəl, sülhməramlıların statusu və rolunun müəyyənləşdirməsindən başlamaq lazımdır. Sülhməramlı qüvvələrin vəzifəsi qarşıdurma tərəfləri arasında atəşkəs razılaşmasına riayət edilməsini izləməkdir. Başqa sözlə, onlar hansısa toqquşmanın qarşısını alan qüvvə rolunu oynayırlar. Sülhməramlıların digər vacib vəzifəsi sırf insan hüquqları vəzifəsidir, yəni mülki şəxslərin qorunmasıdır. Ümumiyyətlə, sülhməramlıların rolu hüquq-mühafizə orqanlarının funksiyalarına endirilir. Tez-tez sual olunur ki, niyə sülhməramlılar silahlı olurlar? Beynəlxalq hüquqa uyğun olaraq, onlar yalnız özünümüdafiə, mandatını yerinə yetirmək üçün silahlanırlar. Sülhməramlı qüvvələr yalnız tərəflərin razılığı və ya BMT Təhlükəsizlik Şurasının qərarı əsasında yerləşdirilə bilər. Ermənistan-Azərbaycan münaqişəsi məsələsində söhbət məhz tərəflər arasında razılaşmadan gedir.

Rusiyalı sülhməramlılara gəlincə, onlar xarici silahlı qüvvələrin struktur hissəsidir və Rusiya Müdafiə Nazirliyinə tabedirlər. Ancaq bunlar xüsusi təlim keçmiş sülhməramlı birliklərdir və Rusiya Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Suriyada sülhməramlı kimi xidmət göstərmək təcrübəsinə malikdirlər. Sülhməramlı qüvvələr münaqişənin tərəfi deyil və onların yerləşdirilməsi Rusiyanın avtomatik olaraq münaqişə tərəfinə çevrilməsi demək deyil. Türkiyəli sülhməramlılara gəlincə, onların sayı və vəzifələri ilə bağlı vəziyyət yaxın günlərdə aydınlaşacaq.

Beynəlxalq hüquq nöqteyi-nəzərindən, sülhməramlı qüvvələr xarici hərbi baza kimi təsnif oluna bilməz. Xarici hərbi bazaların statusu ayrı normalar və razılaşmalarla müəyyən edilir. Qarabağ ərazisində rusiyalı və türkiyəli hərbçilər məsələsində söhbət məhz sülhməramlı qüvvələrdən gedir.

Sülhməramlı qüvvələrdən Azərbaycana qarşı istifadə məsələsinə gəldikdə, belə azsaylı və yüngül silahlanmış qüvvənin kiməsə qarşı istifadə olunacağına əmin deyiləm. Üstəlik, onların beynəlxalq hüquqi statusu münaqişədə kiminsə tərəfində iştirak etməyə imkan vermir. Bu çox az ehtimal olunan senarinin baş verməsi Azərbaycana qarşı təcavüz aktı kimi qiymətləndiriləcək və bu, onların təmsil etdiyi ölkənin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsinə səbəb olacaq. Unutmaq lazım deyil ki, ölkələr sülhməramlı missiyalarına kifayət qədər ciddi yanaşır və hər hansı bir büdrəmə onların nüfuzuna kifayət qədər zərbə vura bilər.

- Onlar erməni əhalisinin Azərbaycanın qalan hissəsinə və azərbaycanlıların Dağlıq Qarabağın ermənilər yaşadığı ərazisinə girişinə nəzarət edəcəklərmi? Yəni ora bizdən kimin gedəcəyini və ermənilərdən hansının yanımıza gələcəyini sülhməramlılar müəyyənləşdirəcək?

- Mülki şəxslərin sülhməramlıların nəzarət etdiyi əraziyə, yəni Dağlıq Qarabağın nəzarətimizdən kənar qalan hissəsinə çıxışına gəlincə, burada məhz sülhməramlılar mandatı altındakı ərazilərə mülki şəxslərin giriş-çıxışı rejimini müəyyən edəcək. Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, bu məqsədlər üçün rusiyalı sülhməramlılarının olacağı 16 nəzarət-buraxılış məntəqəsi quraşdırılacaq. Mahiyyət etibarilə, bəli, əraziyə kimin girib, kimin çıxacağını onlar müəyyənləşdirəcək. Orada yaşayan erməni millətindən olan vətəndaşların Azərbaycanın qalan hissəsinə girişinə gəlincə, bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aiddir. Bundan əlavə, razılaşmanın 9-cu bəndində aydın şəkildə göstərilir ki, tərəflər gələcəkdə bir-biri ilə əlaqələr qurmaq, o cümlədən vətəndaşların qarşılıqlı hərəkətini təşkil etmək ilə bağlı öhdəlik götürüblər. Şübhəsiz ki, bu, mənfi ünsürlərin bu və ya digər əraziyə daxil olmasının qarşısını almaq baxımından sülhməramlıların işini artıracaq.

- Sülhməramlı qüvvələrin mandatı altındakı ərazilər de-yure Azərbaycan ərazisidirmi və orada kimin bayrağı dalğalanacaq?

- Bu çətin suala hər hansı bir təfsirdən yayınaraq sırf hüquqi baxımdan cavab verəcəyəm. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və Qarabağ düzənliyinin işğal olunmuş bütün ərazisi hər zaman Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub. Azərbaycan hüquqi olaraq ərazilərindən imtina etməyib və onun Konstitusiyasına uyğun olaraq Azərbaycan ərazisinin dəyişdirilməsi ilə bağlı referendum keçirilməyib. Buna görə də bu gün azad edilmiş ərazilər və sülhməramlıların mandatı altındakı bütün ərazilər Azərbaycanın ayrılmaz hissəsidir. Buna görə də Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, orada dalğalanmalı olan yalnız Azərbaycan bayrağıdır.

Sənədin özündə Dağlıq Qarabağın statusu barədə bir söz belə olmaması faktı və cənab Prezidentin bunu xüsusi vurğuması daha əvvəllər gətirilmiş bütün dəlilləri təsdiqlədiyir. Başqa sözlə, təmin edilmiş özünüidarə yoxdursa, başqa hansısa bayrağın olmasından söhbət belə gedə bilməz.

Güman edirəm ki, qarşı tərəf bəyanat sənədinin 1-ci bəndindəki “Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar” cümləsinə istinad edərək bunu öz xeyirlərinə təhrif edə, nəzarətləri altındakı ərazilərdə öz bayraqlarını qorumaq və dalğalandırmaq hüququna malik olduqlarını söyləyə bilərlər. Azərbaycanın tərəflər arasında təxribat və toqquşmaların qarşısını almaq üçün bu məsələni sülhməramlıların qarşısında qaldıracağını və problemi effektiv şəkildə həll edəcəyini düşünürəm.

- Xankəndində kim yaşayacaq? Orada yaşayan şəxslərə hansı pasportlar veriləcək və göstərilən ərazidə hansı valyuta etibarlı olacaq?

- Bəyanat sənədinin 7-ci bəndinə əsasən, bütün məcburi köçkünlər Dağlıq Qarabağa və ona bitişik ərazilərə qaytarılmalıdır. Bu, o deməkdir ki, Xankəndindən və sülhməramlı qüvvələrin mandatı zonasında yerləşən digər şəhərlərdən, kəndlərdən və qəsəbələrdən qovulmuş azərbaycanlılar oraya qayıda bilərlər. Lakin bu artıq işğaldan azad edilmiş ərazilərdə yaşayan ermənilərə də eyni dərəcədə tətbiq olunur. Burada, əlbəttə ki, qanunsuz olaraq yerləşdirilmiş suriyalı, livanlı və ya digər ermənilərdən söhbət gedə bilməz. Bax belə qayıdan şəxslərin təhlükəsizliyini sülhməramlılar təmin etməlidir.

Əvvəldə qeyd etdiyim kimi, hüquqi olaraq bu, Azərbaycan ərazisidir və Azərbaycan müstəqillik qazandığı dövrdə əzəldən orada yaşayanların hamısı, eləcə də onların birbaşa nəsil davamçıları Azərbaycan vətəndaşlığı və müvafiq olaraq pasportu almaq üçün müraciət etmək hüququna malikdirlər. Ancaq onlar başqa dövlətin vətəndaşlığını seçmək istəsələr və Azərbaycan vətəndaşlığını almaq istəməsələr, o zaman bütün xarici vətəndaşlar kimi, Azərbaycan qanunlarına uyğun olaraq, Azərbaycan Respublikası ərazisində yaşamaqdan yana icazə almaq üçün müvafiq orqanlarda qeydiyyatdan keçməli olacaqlar.

Daha əvvəl söylənilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, bütün ölkə üzrə yeganə ödəmə vasitəsi Azərbaycan manatıdır.

Həmçinin xüsusi vurğulamaq istərdim ki, qeyd etdiyim mövqe indiki məqama əsaslanır və 10 noyabr 2020-ci il tarixli bəyanat sənədinin ümumi olması və elə də detallı açıqlanmaması nəzərə alınaraq ortaya qoyulub. Əslində sənəd mətni bir çox məsələni əhatə etmir və müxtəlif təfsir və fərziyyələrə səbəb olur. Amma sırf hüquqi cəhətdən və bu anda belə vəziyyət yalnız bizim xeyrimizə şərh edilə bilər. Ola bilsin, yaxın gələcəkdə tərəflər bəzi məsələlərə aydınlıq gətirəcək əlavə sazişlər də hazırlayacaq və bağlayacaqlar, amma bu artıq zaman məsələsidir.

Açar sözlər:

Oxunub: 780