Dövlət Xidməti vətəndaşlara müraciət edib


16:49     13 Noyabr 2020 20_11_13_1605271816.jpg

Azərbaycan Respublikasının Silahlı Qüvvələri 30 ilə yaxın bir müddətdə Ermənistan Respublikası tərəfindən işğal edilmiş torpaqlarımızı azad edib. İşğal nəticəsində bir milyon nəfərə yaxın azərbaycanlı ata-baba yurdundan didərgin düşmüş, ərazidə olan bütün infrastruktur məhv edilmiş, eləcə də tarix və mədəniyyət abidələrimiz Ermənistan Respublikasının təcavüzkar siyasətinin qurbanına çevrilib.


Bu barədə Femida.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən müddət ərzində Ermənistan tərəfi qeyri-qanuni fəaliyyətini davam etdirərək Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yerləşən müxtəlif dövrlərə aid daşınmaz tarix və mədəniyyət abidələrinin bir qismini dağıdaraq yox etmiş, bir qismini mənimsəmiş, bir qismini isə vandalizm aktlarına məruz qoymuşdur.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etməsi nəticəsində həmin ərazilərdə yerləşən milli-mədəni irsimiz diqqətdə saxlanılacaq, bərpa olunaraq yenidən xalqımıza qaytarılacaqdır.

Vandalizmə, dağıntıya və erməniləşdirməyə məruz qalmış tarix və mədəniyyət abidələrinin ilkin görkəminə qaytarılması üçün vətəndaşlarımızı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsünə dəstək göstərməyə çağırırıq. Vətəndaşlarımızdan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş şəhər və rayonlarımızda yerləşən tarix və mədəniyyət abidələrinin və ya həmin abidələrin fonunda çəkilmiş fotoları skan edilmiş formatda Dövlət Xidmətinin rəsmi elektron ünvanına göndərmələri xahiş olunur.

Qabaqcadan milli-mədəni irsimizin bərpa olunaraq yenidən xalqımıza qaytarılması işinə dəstək göstərən hər bir vətəndaşımıza təşəkkürümüzü bildiririk.

Femida.az

Açar sözlər:

Oxunub: 231