İşğalçılar Qarabağda ekologiyaya ziyan vuran obyektlər inşa ediblər - RƏSMİ


18:37     13 Noyabr 2020 2020/11/1605270795031_cIF8H7k8_1605278305.jpeg

AMEA-nın Geologiya və Geofizika İnstitutunda Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazilərində nəzərdə tutulan elmi-tədqiqat işləri ilə bağlı tədbir keçirilib.

Femida.az xəbər verir ki, institutun direktoru, akademik Akif Əlizadə zəngin yeraltı və yerüstü sərvətə malik Qarabağın işğaldan azad edilmiş ərazilərində müasir texnologiyadan istifadə etməklə geoloji və geofiziki istiqamətdə aparılacaq işlərdə müəssisə əməkdaşlarının xidmətinin zəruriliyini nəzərə çatdırıb.

Akademik Fəxrəddin Qədirov erməni işğalçıların Qarabağda illər ərzində yeraltı hərbi istehkamlar, müxtəlif məntəqələrlə əlaqə yolları, tunellər, silah-sursat anbarları, ekologiyaya ziyan vuran digər obyektlər inşa etdiklərini nəzərə alaraq bu yeraltı təxribat tikililərini aşkarlamaq və uyğun xəritə hazırlamaq üçün “Azərkosmos” ASC və digər müvafiq təşkilatlarla, mütəxəssislərlə birgə iş görməyin vacibliyini bildirib.

AMEA-nın müxbir üzvü Çingiz Əliyev isə “Dağlıq Qarabağın azad edilmiş ərazilərində müasir avadanlıqlardan istifadə etməklə radioaktiv çirklənmə zonalarının müəyyənləşdirilməsi və tədqiqi” elmi-tədqiqat işi ilə bağlı məlumat verib. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə radioekoloji monitorinqin təşkili, müasir mobil texnologiyanın tətbiqi ilə radioekoloji vəziyyətin ümumi şəkildə qiymətləndirilməsi həyata keçiriləcək. Səthi və yeraltı suların radioekoloji vəziyyətinin öyrənilməsi, təhlili, azad edilmiş ərazilərdə “qaynar nöqtələrin” aşkar edilməsi, onların geoloji xüsusiyyətlərinin araşdırılması və əsas radioekoloji çirklənmə mənbələrinin müəyyənləşdirilməsi də nəzərdə tutulub. Onun sözlərinə görə, həmçinin antropogen çirklənmə mənbələrinin ləğvi və ərazilərin radioekoloji reabilitasiyası üçün elmi cəhətdən əsaslandırılmış tədbirlər planının hazırlanması da nəzərdə tutulub.

AMEA-nın müxbir üzvü Tələt Kəngərli və professor Musa Məmmədov isə Qarabağ ərazisində Yer qabığının geoloji-tektonik quruluşunun son dərəcə mürəkkəbliyi və müxtəlifliyi ilə fərqləndiyini, burada geniş spektrə malik istər endogen, istərsə də ekzogen mənşəli faydalı qazıntıların aparılmasına zəmin yaratdığını vurğulayıblar. Qeyd olunub ki, bölgədə 160-dan çox müxtəlif qiymətli metal yataqlarını Ermənistan siyasi rəhbərliyi qanunsuz olaraq vəhşicəsinə istismar edib. Mütəxəssislər onu da bildiriblər ki, işğaldan tam azad olunmuş Qarabağ ərazisinin yeraltı və yerüstü sərvətlərinin mövcud vəziyyətini təftiş etmək, qalıq ehtiyatlarını qiymətləndirmək, geoloji-kəşfiyyat işlərini müasir üsullarla aparmaq üçün akademiya alimlərinin üzərinə böyük vəzifə düşür.

Aparıcı mütəxəssis Tariel Hüseynov isə Azərbaycan ərazisində su anbarlarının təhlükəsizliyindən, xüsusən də 30 il erməni işğalçılarının nəzarətində olmuş Sərsəng su anbarına yeni texniki baxış və onun təhlükəsizlik dinamikasını əks etdirən modelini yaratmaq təşəbbüsündən danışıb. Həmçinin bu mövzuya həsr olunmuş video nümayiş etdirib.

Coğrafiya elmləri doktoru Vaqif Məmmədov su ehtiyatları, mənbəyi qonşu ölkələrdə olan çay sularının keyfiyyəti və ehtiyatının monitorinqinə ciddi ehtiyac duyulduğunu deyib, həyat mənbəyi olan sudan düzgün istifadənin vacibliyini söyləyib.

Femida.az




Açar sözlər:

Oxunub: 455