Proqnoz: Neftin qiyməti 100 dollara yüksələcək


18:25     16 Dekabr 2015 neftttr6.jpg

Onlayn treydinq və investisiya üzrə ekspert sayılan “Saxo Bank” 2016-cı il üçün nəzərdə tutulan iqtisadi “Şok proqnozları”nı açıqlayıb: "Bu az ehtimal olunan, ancaq bəlkə də, lazımi diqqət ayrılmayan 10 iqtisadi hadisədir ki, nəticədə, 2016-cı ildə maliyyə bazarları ağır fəsadlarla üzləşə bilər".


"Report"un verdiyi xəbərə görə, təqdim olunan proqnozlar hər zaman olduğu kimi müxtəlif bazarları əhatə etməklə neft qiymətlərindən başlayaraq Rusiya valyutasının bivalyuta səbəti ilə nisbətdə yüksəlməsi, Olimpiya oyunlarının Braziliya iqtisadiyyatına təsiri və s. mövzulara aiddir.

“Saxo Bank”ın 2016-cı il üçün “Şok proqnozları”na əsasən, hazırda Avropada cari hesab üzrə profisit yüksəkdir və aşağı inflyasiya göstəricisi fonunda makroiqtisadi məntiq baxımından belə bir şərait valyutanın zəifləməsinə deyil, möhkəmlənməsinə səbəb ola bilər. Aşağı hədlər müəyyən olunub və “dairə qapanıb”, bu o deməkdir ki, ABŞ-ın faiz dərəcələri ilə bağlı siyasətinə reaksiya olaraq dolların zəifləmə ehtimalı aktual olacaq.

Bundan başqa, gələn ilin sonuna doğru neft bazarında tələbatın artacağı təqdirdə və Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrinin artırılması ilə bağlı ləngimələri əsasında Rusiya valyutası ABŞ dolları və avronun daxil olduğu bivalyuta səbəti ilə münasibətdə 20% bahalaşa bilər.

Digər proqnoza əsasən, 2016-cı ildə Silikon vadisinin 2000-ci il təcrübəsini təkrarlayacağı ehtimal olunur. Belə ki, bir çox “start-up”lar mümkün qədər çox istifadəçilərin cəlb edilməsi fonunda maliyyə baxımından və maddi biznes modellərin formalaşdırılmasında ləngimələrlə üzləşəcək.

Həmçinin, Olimpiya oyunları Braziliyanın, həmçinin digər inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatının bərpasına təkan verəcək.

"Stabilləşmə, olimpiya oyunlarına çəkilən investisiya xərcləri və islahatlar Braziliyanın bərpasına dəstək olacaq. Burada, həmçinin digər inkişafda olan ölkələrdə (İOÖ) yerli valyutanın zəifliyi inkişaf etmiş ölkələrə (İEÖ) ixracın artmasına səbəb olacaq və nəticədə İOÖ-nin səhmlərini uğurlu bir il gözləyir", - deyə proqnozda qeyd edilir.

"Saxo Bank”ın 2016-cı il üçün şok proqnozuna əsasən, OPEC-in narahatlığı qısamüddətli olaraq neft qiymətlərini 100 dollar/barel göstəricisinə doğru istiqamətləndirə bilər: "OPEC-in neft səbəti 2009-cu ildən etibarən ən aşağı qiymət göstəricisinə düşüb və nəticədə, kartel üzvləri arasında “təchiz et və hakim ol” strategiyasının uğursuzluğu ilə bağlı şübhələr arta bilər. Qeyri-OPEC ölkələrində hasilat həcminin azaldılması ilə əlaqədar çoxdan gözlənilən əlamətlər mütəmadi olaraq müşahidə ediləcək. Uyğun bir zamanda OPEC gözlənilmədən hasilat həcmini azaldaraq qiymətlərə dəstək verə bilər ki, nəticədə, maliyyə bazarlarında investorlar uzun mövqedən çıxış edəcək və əvvəlki qiymətlərə doğru artım ola bilər".

Həmçinin, Bank gümüşün 33% bahalaşacağını proqnozlaşdırır. Proqnoza görə, 2016-cı ildə gümüş yenidən investorların inamını qazanacaq. Siyasətçilərin karbon dioksid tullantılarını azaltmaq məqsədi ilə bərpa olunan enerji mənbələrini dəstəkləməsi fotoelementlərin (günəş panellərində istifadə olunan cihaz) istehsalında istifadə edilən gümüşə tələbatın artımını dəstəkləyəcək. Nəticədə, gümüş digər metalları geridə qoyaraq 1/3 qədər bahalaşacaq.

Bankın digər proqnozuna görə, FES-in aqressiv siyasəti korporativ istiqrazlar bazarında çöküşə səbəb olacaq.

2016-cı ilin sonunda FES monetar siyasətin sərtləşdirilməsi və faiz dərəcələrinin artırılması ilə bağlı bir sıra aqressiv tədbirlər həyata keçirə bilər ki, bu da öz növbəsində iri istiqraz bazarlarında kütləvi satış, o cümlədən gəlirliliyin artması ilə nəticələnə bilər. İstiqraz ticarəti demək olar ki, bankların və brokerlərin balansından yoxa çıxıb, bu isə o deməkdir ki, bazarın fəaliyyəti üçün əhəmiyyətli bir amil artıq mövcud deyil. Lakin bazar iştirakçılarının bunu anlaması müəyyən vaxt tələb edəcək və alıcılar təşviş içində bazarı tərk etməyə can atacaqlar.

Digər proqnoza əsasən isə El-Ninyo qasırğası inflyasiya artımına səbəb olacaq: "Kənd təsərrüfatında aşağı məhsuldarlıq dünya iqtisadiyyatının ekspansiyası fonunda tələblə müqayisədə təklifin azalmasına gətirib çıxaracaq. Bununla da “Bloomberg Agriculture Spot” indeksi 40% artacaq və gözlənilən inflyasiya təzyiqi yaradacaq".

"Saxo Bank"ın proqnozlarına görə, bərabərsizlik dəbdəbəni üstələyəcək: "Bərabərsizliyin və işsizliyin 10% səviyyəsini üstələməsi problemi ilə üzləşən Avropa vahid baza gəlirini tətbiq etməyi planlaşdırır ki, bu da hər kəsin başlıca tələbləri qarşılamaq imkanını təmin edəcək. Daha elitar cəmiyyətlərdə dəbdəbə (lyuks) mallara tələb azalacaq ki, bu da həmin sahədə böhran doğura bilər".

Açar sözlər:

Oxunub: 1061