Fransalı deputatlar Bakıdakı erməni kilsəsində


16:31     15 Noyabr 2020 2020/11/FC7285B5-033D-4A93-88A6-EB2D940D5CD7_1605445077.jpeg

Fransa Milli Assambleyasının üzvləri, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədrinin üç müavini və bir katibindən ibarət nümayəndə heyəti Bakıda yerləşən Müqəddəs Qriqori kilsəsində (Erməni kilsəsi) olublar.

Femida.az xəbər verir ki, fransalı qonaqlara kilsənin tarixi, onun qorunub saxlanılması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda yüksək səviyyədə təmin olunan dini və etnik tolerantlıq burada müxtəlif konfessiyaların sərbəst fəaliyyətinə imkan yaradır. Kilsədə erməni dilində minlərlə kitab qorunub saxlanılır. Bu kitabların arasında bir neçə yüzillik tarixi olan nadir Bibliya nüsxələri də var.

Vurğulanıb ki, Ermənistan öz ərazisində, eyni zamanda, 27 il işğal altında saxladığı Azərbaycan torpaqlarında xalqımıza məxsus bütün tarixi, dini, mədəni abidələri məhv etməsinə baxmayaraq, Azərbaycan həmişə başqa dinlərə və mədəniyyətlərə tolerantlıq nümayiş etdirib. Qonaqların diqqətinə çatdırılıb ki, Müqəddəs Qriqori kilsəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi, “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilib.

Qonaqlar kilsədə gördüklərinin onlarda böyük təəssürat yaratdığını, Azərbaycanda dini və etnik tolerantlığın nümunəsi kimi qiymətləndirdiklərini bildiriblər.


Femida.az

Açar sözlər:

Oxunub: 461