DİQQƏT! - “WhatsApp”la müəllim və tələbələrə qarşı “fişinq” hücumları edilir


17:40     16 Noyabr 2020 20_11_16_1605534050.jpg


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidməti “WhatsApp” üzərindən həyata keçirilən daha bir “fişinq” kampaniyasını qeydə alıb.


Femida.az xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, kiberdələduzların həyata keçirdiyi növbəti “fişinq” kampaniyasının hədəfi müəllim və tələbələrdir. Belə ki, “WhatsApp” üzərindən “Pulsuz laptop dəstəyi 2020” başlığı ilə göndərilən “spam” mesajlarda guya kompüter şirkətləri tərəfindən müəllim və tələbələrə pulsuz noutbukların təqdim edildiyi bildirilir.

Pulsuz noutbuk əldə etmək üçün istifadəçidən keçidə daxil olaraq ad, soyad və mobil nömrəsini daxil etməklə noutbuk markasını seçməsi istənilir.

Növbəti mərhələdə isə istifadəçidən bu mesajı nömrə siyahısında olan 20 “WhatsApp” istifadəçisinə və ya 5 qrupa göndərməsi tələb olunur.

Son mərhələdə istifadəçidən tətbiqi yükləməsi və 24 saat ərzində adminin cavabını gözləməsi istənilir.

"Kiberdələduzların məqsədi saxta reklam baxışları toplamaqla “asan” yolla gəlir əldə etmək, istifadəçiləri üçüncü tərəf tətbiqləri yükləməyə vadar etmək və fərdi məlumatları ələ keçirməkdir.

Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu alınan hər mesaja şübhə ilə yanaşmaq, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməmək və məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə etməklə yoxlamaqdır.

Bu cür mesajlar alan istifadəçilərdən xahiş olunur ki, onlara cavab verməsinlər, digər şəxslərlə paylaşmasınlar və ''Report spam (Şikayət et)'' seçimini etməklə mesajı ''spam'' olaraq şikayət etsinlər.

Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər", - deyə nazirlik bəyan edib.



Femida.az

Açar sözlər:

Oxunub: 582