Xocavənddə şəhid olan Samirin ailəsi üçün yeni ev tikiləcək


20:58     17 Noyabr 2020 2020/11/5F2AF4E6-E2BE-4C7B-93C1-A583F5831EC1_1605632583.jpeg

Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Alışov Samir Cəlil oğlunun ailəsinin (Hacıqabul rayonu, Qubalıbaloğlan kəndi) çətin maddi durumu, ağır yaşayış şəraiti ilə bağlı sosial şəbəkə istifadəçilərindən birinin qeyd etdiyi məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları şəhidin ailəsi ilə görüşüb, vəziyyətləri ilə yerindəcə tanış olublar.


Femida.az xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, möhtəşəm qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanımızın ailəsinin yaşayış şəraitinin ağırlığı nəzərə alınaraq, sosial tərəfdaşların dəstəyi ilə həmin ailə üçün yaxın günlərdə üçotaqlı fərdi yaşayış evinin tikilməsinə qərar verilib.

"Şəhidin hər iki valideyni - atası Alışov Cəlil Əliisgəndər oğlu, anası Alışova Məhluqə Tufanəli qızı işsiz olduğundan özünüməşğulluq proqramına cəlb ediliblər. Proqram çərçivəsində ailəyə seçdiyi kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfat yaradılacaq.

Həmçinin, şəhidin 14 və 11 yaşlarında iki qardaşından birinin sağlamlıq durumu ilə bağlı sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsinə ehtiyac var. Lakin valideynlərin məlumatsızlığından bununla bağlı indiyədək müraciət etməyiblər. Ona görə də əməkdaşlarımız ailəyə bu istiqamətdə də dəstək göstərəcək. Həkim rəyi alınmaqla rayon səhiyyə müəssisəsi ilə birgə bu yöndə iş aparılacaq.

Zəruri sənədləşdirmə aparıldıqdan sonra ailəyə Prezidentin aylıq təqaüdü və müavinətlər də təyin olunacaq", - deyə Fazil Talıbov qeyd edib.


Femida.az

Açar sözlər:

Oxunub: 254