“TRT World” kanalı “Azerspace-1” peyki ilə yayıma başlayıb


12:37     18 Noyabr 2020 2020/11/A2CCB128-F038-4AD8-9256-43043C34B0FE_1605687584.jpeg

Türkiyənin beynəlxalq xəbər yayımında aparıcı xəbər kanallarından olan “TRT World” kanalı “Azerspace-1” peykində də yayıma başlayıb.

Bu barədə Femida.az-a “Azərkosmos” ASC-dən məlumat verilib.

İngilis dilli xəbər kanalı olaraq TRT World aktual mövzuları geniş auditoriya kütləsinə doğru, qərəzsiz və operativ formada təqdim edir. Kanal “Azerspace-1” peyki üzərindən 11095/H/30000 tezliyi ilə yayımlanır.

“Kanalımızın “Azerspace-1” peykində yayımlanmasından olduqca məmnunuq. “TRT World” kanalının strateji əhəmiyyətli regionlarda yayımı bizim üçün xüsusi önəm kəsb edir. “Azərkosmos”la bu əməkdaşlığımız bizə imkan verəcək ki, kanalımızın sosial, humanitar məzmunlu proqramlarını daha çox izləyiciyə çatdıraq”, – deyə “TRT World” kanalının Qlobal rəqəmsal, peyk yayımı və tərəfdaşlıq üzrə rəhbəri Furkan Han bildirib.

“Son aylar ərzində “TRT World” kanalı ilə birgə iş təcrübəmiz gələcək əməkdaşlığımızın təməlini qoydu. “TRT World” kanalı ölkəmizin işğal altındakı əraziləri uğrunda apardığı haqlı mübarizəsini davamlı olaraq dünya ictimaiyyətinə çatdırdı. Bununla yanaşı, əməkdaşlığımız potensial yeni müştərilərin cəlb edilməsinə və xidmət coğrafiyamızın daha da genişləndirilməsinə imkan yaradacaq", – deyə “Azerspace” kommersiya qrupunun rəhbəri Yolçu Həsənov qeyd edib.

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos"un idarə etdiyi “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə II telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb.

Femida.az

Açar sözlər:

Oxunub: 430