Ermənistan ordusunun Azərbaycana ziyanının qiymətləndirilməsi davam edir


16:32     19 Noyabr 2020 Agdam-nagorno-karabakh-3.jpg

Prezident İlham Əliyevin noyabrın 6-da imzaladığı "Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" sərəncama uyğun olaraq, yaradılmış 11 işçi qrupu yerlərdə işini davam etdirir.

Femida.az bu dəfə Füzuli-Cəbrayıl rayonu üzrə işçi qrupunun rəhbəri İsmayıl Zeynalovla əlaqə saxlayıb və işlərin gedişi ilə maraqlanıb.

Onun sözlərinə görə, Füzuli rayonunda əsasən fərdi yaşayış evlərinə, qismən isə kənd təsərrüfatı və infrastruktur obyektlərinə ziyan dəyib: "Füzulidə vətəndaşlara məxsus 65 evə baxış keçirmişik və akt tərtib etmişik. Qəzalı vəziyyətdə olan evlər var. Ümumiyyətlə, işimizini yekunlaşdırmamışıq və davam edirik. Buna görə də tam geniş məlumat verə bilmərik”.

Cəbrayıl rayonuna gəlincə isə, İ.Zeynalov bildirib ki, burada təxminən 45 fərdi yaşayış evinə və sosial obyektlərə ziyan dəyib: “Düşmənin atdığı Toçka-U”, “Smerç” tipli raketlərin dağıtdığı evlər var. Məlum olduğu kimi, Cəbrayılın yalnız Cocuq Mərcanlı qəsəbəsində yaşayış olub, elə orada da iş aparırıq və gündəlik Nazirlər Kabinetinə məruzə edirik".

Qeyd edək ki, Füzuli və Cəbrayılla yanaşı, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Goranboy, Naftalan, Gəncə, Mingəçevir rayon və şəhərlərində də işçi qrupları fəaliyyət göstərir.

Femida.az

Açar sözlər:

Oxunub: 357