TRT-nin müxbiri: “Bakıda ev sahibim kirayə pulunu almadı, dedi ki...” — VİDEO


17:49     19 Noyabr 2020 2020/11/fatihavanos_1605793833.jpg

“Bu ay ev sahibim məndən kirayə pulunu almadı. Məni qucaqlayıb dedi ki, səni televiziyada cəbhə bölgəsində gördüm, ölümdən döndünüz, Azərbaycan üçün informasiya savaşında iştirak etdiniz, ona görə də bu ay kirayə almayacağam. Zorla vermək istəsəm də, pulu almadı.”.


Femida.az xəbər verir ki, bunu TRT-nin Azərbaycan müxbiri Fatih Avanos deyib.


F.Avanos bildirib ki, bu, onun yaddaşında ömürlük iz buraxan bir hadisədir:


“Azərbaycanda hava limanına ayaq basandan özünü ölkəndə, evində hiss edirsən. Türkiyədən olduğumu biləndə hamı xoş münasibət göstərir, qonaq etmək istəyir. 2 ildən artıqdır Azərbaycanda özümə qarşı ancaq bu cür münasibət görmüşəm”.


O bildirib ki, cəbhə bölgəsində də hamı onlara qarşı yüksək qayğı və diqqətlə yanaşıb:


“Bəzən yorğun olanda yoldaşlara “bir çay olsaydı, içərdik” deyirdim. Bir də baxırdım ki, əhalidən kimsə evindən çay dəsti, yanında şirniyyatı ilə bizə yaxınlaşır ki, yorğunsunuz, çay için. Bilmirəm ki, bizim çay istədiyimiz necə anlayırdılar. Bütün cəbhə xətti boyu Azərbaycan xalqı bizi bağrına basdı və onları tanıdığım üçün çox xoşbəxtəm”.


F.Avanos bildirir ki, cəbhə xəttində reportaj hazırlayarkən bir neçə dəfə Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər yaxınlıqlarında partlayıb, dəfələrlə ölüm təhlükəsi ilə üz-üzə qalıblar.


Jurnalist deyir ki, bəzən hadisələrə soyuqqanlı yanaşmaq mümkün olmur:


“Ermənilərin terroru nəticəsində Gəncədə, Bərdədə, Tərtərdə nə qədər mülki əhali həlak oldu. Gəncədə dağıntılar altında qundaqda olan bir uşaq çıxardılar, “öldü” deməyə belə adamın dili gəlmirdi. Bu hadisələr çox dərin izlər buraxdı bizdə...”


F.Avanos bildirir ki, Azərbaycanın hər bir vətəndaşının, uşaqdan-böyüyə hamısının torpaqların azad edilməsi üçün səfərbər olduğunun şahidi olub:


“Bütün cəbhə boyu əsgərlərlə söhbət etdik, hamsı ayrıca bir qəhrəmandır. Bəziləri üç ayın əsgəri idi, bəziləri könüllü gəlmişdi və hamısı özünə əmin, şəhidliyi də gözə alaraq torpaqları azad etməyə hazır idilər. Bu, Azərbaycanın dövlət siyasətinin nəticəsidir. Hər bayramda dəfələrlə şahidi olmuşam ki, uşaqdan-böyüyə hamı “biz mütləq Qarabağı azad edəcəyik”, 5 yaşındakı balalar belə “Qarabağ Azərbaycandır” deyirdi. Nəsil belə yetişirsə, bunun qarşılığını əsgərdə də, siyasətdə də, diplomatiyada da görməli idik. Azərbaycanda güclü, əzmli, qərarlı bir ordu gördüm.


Ona görə də Azərbaycan dövlətini və xalqını təbrik edirəm!”(report.az)






Açar sözlər:

Oxunub: 533


Oxşar xəbərlər