"Sülhməramlılar vəziyyətin sabitləşməsi üçün mühüm amildir" - İlham Əliyev


17:48     21 Noyabr 2020 20_11_21_1605969298.jpg


Biz Rusiya Federasiyasının sülhməramlı missiyasının yerləşdirilməsini də alqışlayırıq. Bu missiya bizim müvafiq strukturlarla və bildiyimizə görə, Ermənistan tərəfi ilə də işgüzar əlaqəli şəkildə işləyir. Hesab edirəm ki, bu, vəziyyətin sabitləşməsi üçün mühüm amildir və Bəyanat imzalanan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olmayıb və əminəm ki, olmayacaq.

Femida.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

"Biz Azərbaycan ərazisində atəşkəsin müşahidə edilməsi üzrə mərkəz yaradılması barədə Rusiya Federasiyası ilə Türkiyə arasında danışıqların fəal gedişini də alqışlayırıq. Hesab edirik ki, bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm elementdir. Biz Türkiyə rəhbərliyinə və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana hərbi əməliyyatların dayandırılması üçün ilkin şərait yaradılmasında iştirakına görə təşəkkür edirik".

"Həm Rusiya, həm də Türkiyə - bizim üçün dost olan iki ölkə, iki qonşumuz atəşkəsə riayət edilməsi və atəşkəsə nəzarət tədbirlərində iştirak edəcəklər. Bu da bizim qonşularımız olan iki ölkə arasında, habelə regional əməkdaşlıq çərçivəsində qarşılıqlı fəaliyyət formatının möhkəmlənməsinə dəlalət edir. Ümidvaram ki, bugünkü atəşkəs və Ermənistan ilə münasibətlərin normallaşması barədə bizim planlarımız, - əgər onlar Ermənistan tərəfindən müsbət qəbul edilərsə, - regionda yeni vəziyyətin, əməkdaşlığın, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün şərait yarada bilər. Bu, hamının xeyrinə olar. Bizim regionda məskunlaşan xalqlar da, qonşularımız da, bütövlükdə dünya da daha təhlükəsiz olacaq", - dövlət başçısı əlavə edib.

Femida.az

Açar sözlər: #Şoyqu   #İlhamƏliyev   #sülhməramlı  

Oxunub: 604