Ədliyyə işçilərinin peşə bayramı günüdür


00:01     22 Noyabr 2020 2020/11/edliyye_bayram_1605981599.jpg


Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunub.

Femida.az xəbər verir ki, Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Həmin dövrdə Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il mayın 28-də - Azərbaycan Demokratik Respublikasının (ADR) elan edildiyi gündə Ədliyyə Nazirliyi də yaradılıb.

Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayıb, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilib, binalar qaydaya salınmış, çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilib.

Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib, o cümlədən 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Cəzaçəkmə yerləri ilə aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilib, nazirliyin təşəbbüsü ilə “İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, “Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında”, “Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında”, ADR-in yaranmasından il yarım keçməsi münasibətilə ümumi amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılıb.

Azərbaycan Demokratik Respublikasının 1920-ci il aprel ayının 27-28-də Sovet hökumətinin XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra inqilab komitəsinin 1920-ci il 13 may tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilib, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilib. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilib.

1933-cü ildə məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyini müşahidə etmək məqsədi ilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilib, onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət prokurorluğuna və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilib.

1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilib, onun səlahiyyətləri xeyli məhdudlaşdırılıb, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olub. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilib, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilib, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil olunub və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülüb.

Sovet hakimiyyəti illərində ifrat mərkəzləşdirilmiş hakimiyyətə aludəçilik, ayrı-ayrı dövrlərdə ədliyyə orqanlarından repressiya aləti kimi istifadə edilməsinə yönələn dövlət siyasəti, bu orqanların dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törədirdi.

Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilib və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanıb. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin eib, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranıb.

Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və ulu öndər Heydər Əliyev ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilib, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artıb, səlahiyyət dairəsi genişlənib.

Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədi ilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilib və ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilib. O gündən ədliyyə işçiləri öz peşə bayramlarını qeyd edirlər.

Ümummilli lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsinə, demokratik dövlət quruculuğuna, o cümlədən məhkəmə-hüquq islahatlarına başlanılıb. Nəticədə ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradılıb, demokratik prinsiplərə əsaslanan yeni məhkəmə sistemi təsis edilib, ədliyyə orqanlarının səlahiyyətləri genişləndirilib və onun qarşısında yeni vəzifələr qoyulub, şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşdırılıb.

Ulu öndərin hüquq siyasətini uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılmış, ədliyyə orqanlarının fəaliyyəti genişləndirilmiş, bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin edilmiş, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin daim diqqətdə saxladığı ədliyyə sahəsində mütəmadi islahatlar aparılır. Nəticədə məhkəmə və ədliyyə orqanlarının inkişafının əsas məqsədləri əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, yeni nəsil hakim və hüquqşünasların formalaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın artırılması, məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması üçün geniş imkanlar açılıb.

Hüquq sisteminin təkmilləşdirilməsi, həmçinin əhaliyə göstərilən notariat və digər hüquqi xidmətlərin, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, məhkəmə ekspertizasının, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin müasir tələblər səviyyəsində qurulmasına yönəlib.

Bir sözlə, Ədliyyə Nazirliyi və onun tabeliyində olan qurumlar 102 illik dövrdə zəngin, kəşməkəşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatıb, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilib, səlahiyyətləri xeyli genişlənib, cəmiyyətdə nüfuzu daha da yüksəlib.

Femida.az kollektivi olaraq, Ədliyyə nazirliyi, o cümlədən ədliyyə sahəsində çalışan bütün işçiləri təbrik edir, onlara fəaliyyətində uğurlar arzulayırıq.

Femida.az

Açar sözlər: #ədliyyə   #peşə   #bayram  

Oxunub: 745