Azərbaycanda polietilen torba və plastik stəkan dövrü bitir - Cərimələr olacaq


12:18     24 Noyabr 2020 20_11_24_1606205364.jpg

Milli Məclisin payız sessiyasının bu gün keçirilən növbəti plenar iclasında “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Femida.az xəbər verir ki, layihə ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb.

Dəyişikliklə qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir.

Qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif olunur.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra II oxunuşda qəbul edilib.

Yeri gəlmişkən, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, Məcəlləyə yeni 275.4 və 275.5-ci maddələr əlavə olunur.

Dəyişikliklə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manatadək cərimə ediləcək.

Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 5 000 manatadək cərimə ediləcək.

Qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra II oxunuşda qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 541