Pensiya təyin edənlərin işi çətinləşəcək


13:18     17 Dekabr 2015 402390487.jpg

Azərbaycanda əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarın qanunvericiliklə müəyyən olunmuş müddətdə müraciət edənə göndərilməməsinə görə cərimələrin məbləği 18 dəfə artırılır.


Milli Məclisdən verilən məlumata görə, bu məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi layihəsinə daxil edilib.

Yeni layihəyə görə, əmək pensiyasını təyin edən orqan tərəfindən əmək pensiyasının ödənilməsi barədə qərarın “Əmək pensiyası” haqqında qanunla müəyyən edilmiş müddətdə qəbul edilməməsinə, əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarda pensiya təyin olunmasından imtinanın səbəblərinin göstərilməməsinə və əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarın qanunvericiliklə müəyyən olunmuş müddətdə müraciət edənə göndərilməməsinə görə 1000 manatdan 1500 manatadək cərimə tətbiq ediləcək.

Hazırda vəzifəli şəxslər üçün bu cərimənin məbləği 35 manatdan 80 manatadəkdir.

Son vaxtlar Azərbaycanda cərimələrin məbləği artılıb. Bir neçə gün bundan əvvəl Azərbaycanda dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər 500 manatdan 2000 manatdək cərimə ediləcəklər.

Yeni layihədə informasiyanın əldə edilməsi haqqında yazılı sorğunun qəbul edilməsindən imtina olunmasına görə də cərimələrin məbləği artrılır. Hazırda informasiyanın əldə edilməsi haqqında yazılı sorğunun qəbul edilməsindən imtina olunmasına görə fiziki şəxslər 20 manatdan 25 manatadək, vəzifəli şəxslər 90 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər. Yeni layihəyə görə isə, informasiyanın əldə edilməsi haqqında yazılı sorğunun qəbul edilməsindən imtina olunmasına görə fiziki şəxslər 80 manatdan 100 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 1500 manatadək cərimə ediləcəklər.

Azərbaycanda xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə cərimələr 60 dəfəyədək artırılaraq 30 min manatadək yüksəldilir.

Hazırkı məcələyə əsasən, qanunsuz olaraq, özəl tibbi fəaliyyətlə məşğul olanlar üçün 300 manatdan 500 manatadək məbləğdə cərimə tətbiq edilir.

Yeni layihəyə görə, lisenziyasız özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər 2000 manatdan 3000 manatadək, vəzifəli şəxslər 5000 manatdan 10 000 manatadək, hüquqi şəxslər 20 000 manatdan 30 000 manatadək cərimələnəcəklər.

Azərbaycanda heyvanları şikəst və ya tələf edənlər də böyük məbləğdə cərimələnəcəklər. Layihəyə əsasən, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst və ya tələf olunmasına görə 500 manat miqdarında cərimə tətbiq ediləcək.

Hazırkı məcəllədə yalnız lazımi icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə cərimə var. Bu hala görə fiziki şəxslər 200 manatdan 500 manatadək miqdarda, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək miqdarda, hüquqi şəxslər isə 5000 manatdan 7500 manatadək miqdarda cərimə edilir.

Yeni layihəyə görə, qurumuş bitkilərin heyvanlar aləminin məskunlaşdığı yerlərdə özbaşına yandırılması, heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsi, heyvanlar aləminin obyektlərindən istifadənin limitləri barədə tələblərin pozulması və s. heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulması halları hesab ediləcək. Bu hallara görə fiziki şəxslər 500-700, vəzifəli şəxslər 2000-3000, hüquqi şəxslər isə 5500-7000 manat miqdarında cərimələnəcək.

Açar sözlər:

Oxunub: 936