Rusiyalı politoloq: “Fransa Qarabağ münaqişəsinin həlli prosesindən çoxdan çıxıb”


18:59     26 Noyabr 2020 20_11_26_1606401730.jpg

“Belə qalmaqallı qətnamənin indi - müharibənin Azərbaycanın qələbəsi ilə başa çatmasından sonra və Ermənistan qoşunlarının, demək olar, bütün ərazilərdən çıxarıldığı vaxtda qəbul edilməsi Fransanın əvvəllər olduğu kimi, Cənubi Qafqazda baş verənlərə biganə olduğunu göstərir. Onlar bundan yalnız Türkiyə və Rusiyaya təzyiq göstərmək üçün növbəti vasitə kimi istifadə edir”.

Bu fikirləri “Report”un Rusiya bürosuna açıqlamasında “Vestnik Kavkaza” İnformasiya-Analitik Agentliyinin baş direktorunun müavini Andrey Petrov Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnamə qəbul etməsini şərh edərkən deyib.

“Bu sənədin qəbul edilməsinin əvvəllər də heç bir mənası yox idi, o ki qaldı, indi ola. Çünki münaqişə, demək olar, tamamilə həll edilib və bu cür tanımalar heç nəyə təsir etmir. Qeyd etmək lazımdır ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən çıxıb, özü də çoxdan – hələ müharibə dövründə Makronun Ermənistanı dəstəkləyən tamamilə təxribat xarakterli açıqlamalar verdiyi andan. Hələ o zaman Azərbaycan qeyd edirdi ki, bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olaraq qalmasına imkan vermir, çünki həmsədr neytral olmalıdır”, - o bildirib.

Politoloqun fikrincə, bu qətnamənin qəbulu Azərbaycan-Fransa münasibətlərinə mənfi təsir göstərəcək: “Qətnamənin heç bir hüquqi qüvvəsi olmasa da, çox güman ki, hökumət tərəfindən dəstəklənməyəcək olsa da, bu, nədənsə indi erməni millətçi işğalçı əhval-ruhiyyəsini dəstəkləməyə qərar verən Fransadakı siyasi qrupların bəyanatıdır. Bu nə deməkdir? Bu, o deməkdir ki, həmin senatorlar üçün Azərbaycan ilə Fransa arasındakı münasibətlərin gələcəyi, Azərbaycanın Fransa mədəniyyəti, ticarəti üçün artıq etdikləri, Fransa biznesinin Azərbaycanda mövcud olması heç bir əhəmiyyət kəsb etmir. Nədənsə heç kim “Total”ın Azərbaycanın neft-qaz layihələrindəki payını xatırlamır. Beləliklə, bütün bunları nəzərə alaraq, yaxın gələcəkdə Azərbaycan ilə Fransa arasındakı münasibətlərin pisləşəcəyi qənaətinə gələ bilərik”.

Qeyd edək ki, daha əvvəl Fransa Senatına qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyi haqqında 145 saylı qərar layihəsi təqdim edilib və noyabrın 25-də layihə müzakirə olunaraq qəbul edilib. 306 senatordan 305-i layihənin lehinə səs verib.

Açar sözlər:

Oxunub: 238