Vəkildən krediti olanlarla bağlı mühüm açıqlama


14:24     17 Dekabr 2015 kredit-yur-licam%20(1).jpg



Son zamanlar 2016-cı ildən etibarən kredit borclarının kredit müqaviləsinə əsasən və yaxud məhkəmə qərarlarının icrası ilə bağlı ödənilməsinin dayandırılacağı barədə müxtəlif fikirlər irəli sürülür. Bəzi hüquqşünaslar bunu yaşayış minimumunun artırılacağı ilə əlaqələndirir, yəni, borclu şəxsdən borcun tutulması yalnız aylıq yaşayış minimumu nəzərə alınmaqla tutula bilər. Misal üçün, borclu şəxs 200 manat əmək haqqı alır. Belə olan halda, onun əmək haqqından yalnız 136 manat çıxıldıqdan sonra qalan məbləğ tutula bilər.


Lakin bu fikirlər cəmiyyətdə və hüquqşünaslar arasında birmənalı qarşılanmadı.

Vəkil Asif Abdullayev mövzu ilə bağlı fikirlərini Femida.az-a açıqlayıb.




“Hesab edirəm ki, irəli sürülən ehtimalların heç bir hüquqi əsası yoxdur. Belə ki, hazırda qüvvədə olan 2015-ci il üçün yaşayış minimumu 131 manat təşkil edir. Növbəti ilin yaşayış minimumu isə, 136 manat məbləğində müəyyən edildi. Göründüyü kimi, fərq yalnız 5 manatdan ibarətdir. Bu səbəbdən də, 2016-cı ildən etibarən yaşayış minimumunun artırılması ilə bağlı kredit borcunun qaytarılması istiqamətində qeyri-adi nə isə baş verməyəcək. Bu barədə qanunvericilikdə də hər hansı dəyişiklik mövcud deyil. Eyni zamanda nəzərə almaq lazımdır ki, borcludan banka olan borcun məhkəmə qərarına əsasən tutulduğu hallarda, bu proses İcra haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Həmin qanunda yaşayış minimumunun nəzərə alınmasını tələb edən qeyd-şərt mövcud deyil. Həmin qanunun 64-cü maddəsinə əsasən, borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin (tutmanın) miqdarı vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır. Bununla yanaşı qeyd etmək istəyirəm ki, İcra haqqında qanunda yaşayış minimumunu birbaşa nəzərdə tutumasa da, həmin qanun əmək haqqının və ona bərabər sayılan digər gəlirlərin 50 faizinin toxunulmazlığını təmin etməklə, faktiki olaraq borclu şəxsin dolanışığı üçün onun əmək haqqının və buna bərabər tutulan digər gəlirlərinin 50 faizini borclunun özünə saxlayır. Bu maddə də öz növbəsində borclunun əmək haqqının 50 faizinin onun dolanışığı üçün saxlanılmasına yönəlib. Lakin bu maddə minimum dolanışığın deyil, yalnız əmək haqqının 50 faizinin borclunun sərəncamında saxlanılmasını nəzərdə tutur.

Eyni zamanda nəzərə almaq lazımdır ki, kredit münasibətləri mülki münasibətlərə aiddir. Həmin münasibətlər mülki məcəllədə nəzərdə tutulmuş hallarda yaranır və həmin məcəllə ilə tənzimlənir. Mülki qanunvericiliyə əsasən, həm bank, həm də borc alan mülki hüquq münasibətlərinin subyektləridir. Bu isə o deməkdir ki, mülki hüquqlar mülki məcəlləyə əsasən yaranır və tənzimlənir. Mülki məcəllənin əsas prinsiplərindən biri həm mülki hüquq subyektlərinin bərabərliyi, həm də iradə sərbəstliyidir. Kredit müqaviləsi üzrə ödənişlər – mülki vəzifələrdi. Məlum olduğu kimi, mülki hüquq və vəzifələrin əmələ gəlməsi səbəblərindən biri də, əqdlərin bağlanmasıdır. Beləliklə, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər əqdin könüllü bağlanması və mülki hüquqdan irəli gələn münasibətdir. Yaşayış minimumuna gəldikdə isə, dövlət tərəfindən bu istiqamətdə zəruri qanunvericilik bazası formalaşdırılıb. Misal üçün, ünvanlı sosial yardım haqqında qanunun təyinatı ona yönəlib ki, aztəminatlı ailələrin sosial müdafiəsi təmin edilsin. Bu qanuna əsasən, ünvanlı sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailə üzvünün vəfat etməsi və sair) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

Göründüyü kimi, yaşayış minimumunun təmin edilməsi ilə bağlı yardım yalnız o halda təyin edilir ki, ailə özündən asılı olmayan səbəblərə görə minimum gəlir əldə edə bilməsin. Hansısa fiziki şəxsin kredit götürməsi və özünün yaşayış minimumunu nəzərə almaması və həmin minimumun kreditin qaytarılmasına yönəldilməsi onun şəxsi işidi və bu hal kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsindən imtinaya əsas ola bilməz.

Dövlət yaşayış minimumunu təmin etmək istiqamətində qanunvericilik bazası formalaşdırıb, lakin bu qanunvericilik heç bir fiziki şəxsin gəlirlərini, o cümlədən də yaşayış minimumunun hansı istiqamətdə xərcləməsi baxımından müdaxilə edə bilməz. Bu məsələdə vətəndaş müqavilə azadlığı hüququnu həyata keçirir. Mülki qanunvericilik müqavilə azadlığını ehtiva edir. Heç kəs məcburi qaydada müqavilə bağlamağa məcbur edilə bilməz. Müqavilə azadlığının elementlərindən biri də, müqavilə şərtləri, o cümlədən müqavilə qiyməti və aylıq ödənişlərin həcmidir. Müqavilə yalnız müqavilə bağlayan şəxslərin iradə ifadəsi (öz istəyi) nəticəsində bağlanır. Müqavilə azadlığını nəzərə alaraq qeyd etmək lazımdır ki, kredit götürən şəxs özü müstəqil şəkildə banka müraciət edir və tərəflərin razılığı ilə müvafiq müqavilə imzalanır. Nəzərə alsaq ki, fiziki şəxs öz gəlirləri barədə sərbəst sərəncam verir, belə olan halda, kredit müqaviləsi üzrə aylıq ödənişlərin həcmini də öz iradəsinə uyğun olaraq təsdiq edir və bunu vəzifə olaraq müqavilədə qəbul edir.

Vətəndaş kredit öhdəliyini maddi durumu ilə bağlı yerinə yetirə bilmədikdə, bununla bağlı banka müraciət edə və müəyyən güzəştlərin tətbiqini xahiş edə bilər. Mülki məcəlləyə əsasən, tərəflər müqavilənin icra edilməsinə zəmin yaratmalıdırlar. Bu baxımdan, banklar müəyyən güzəşt və kreditin ödənilməsi üçün borcluya əlverişli şərait yarada bilərlər. Eyni zamanda, əgər məhkəmə qərarının icrası borclunu maddi baxımdan pis vəziyyətə gətirirsə, borclunun hüququ var ki, məhkəməyə mürciət edərək, məhkəmə qərarının icrasına möhlət verilməsini və ya borcun hissə-hissə ödənilməsini xahiş etsin.”


Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 10136