Sədr vəkil Adil İsmayılovun vəfatına görə başsağlığı verdi


13:23     03 Dekabr 2020 20_12_03_1606987346.jpg

"Bu gün çox ağır xəbər aldım, Adil müəllimi itirdik, bizim Adil İsmayılovu. Adil müəllim qəlbimizdə təcrübəli, savadlı, prinsipial, müdrik bir həmkar kimi həmişə yaşayacaq".

Femida.az-ın xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "facebook" səhifəsində yazıb.

"Son dəfə təxminən 20 gün əvvəl Adil müəllimlə telefonla danışmışam. Özüm zəng vurdum, çoxdandır ondan xəbər yox idi, nə isə narahatçılıq hiss etdim. Mənə hər şeyin qaydasında olduğunu, narahatçılıq üçün heç bir əsasın olmadığını bildirdi. Mən isə o zaman heç vaxt təsəvvür edə bilməzdim ki, bu bizim son danışığımızdır. Adil müəllim 28 ildən çox vəkil kimi fəaliyyət göstərirdi. Ölkənin ən tanınan və nüfuzlu vəkillərindən idi.

Vəkilliyin nüfuzunun artırılmasında xidmətləri danılmazdır. Son 3 ildə Vəkillər Kollegiyası tərəfindən 2 dəfə təltif olunmuşdu. Hər dəfə təltifi təqdim edəndə deyirdi mənim heç vaxt təltifim olmayıb və buna lüzum görmürəm.

Hər dəfə izah edirdim ki, Adil müəllim, bu sizin zəhmətinizə, xidmətlərinizə peşə birliyiniz tərəfindən gec də olsa verilən qiymətdir, bunu çoxdan öz fədakar əməyinizlə qazanmısınız.
Allah Sizə rəhmət eləsin, əziz Adil müəllim, bizim Adil İsmayılov, məkanınız cənnət olsun, Allah bütün vəkillərimizə və yaxınlarınıza səbir versin!".

Femida.az

Açar sözlər:

Oxunub: 703