Cərimələr niyə artırılır? – TƏHLİL


15:13     18 Dekabr 2015 manat0.jpg

İqtisadçı-ekspert: “Sahibkarların vergidən yayınması çətinləşəcək”.


Son günlər ən çox müzakirə olunan məsələ, sözsüz ki, inzibati xətalar məcəlləsinə edilən dəyişikliklərlə bağlıdır. Belə ki, yeni dəyişikliklərə əsasən, həm əvvəllər mövcud olan bəzi cərimlər dəfələrlə artırılıb, həm də yeni cərimə növləri müəyyən olunub. Bu cərimələr məişət məsələlərindən tutmuş, sahibkarların vergidən yayınma hallarına kimi bir çox məsələləri əhatə edir.

Bəs cərimələrin belə atrırılması və ya yeni cərimə növlərinin tətbiq olunmasının təməlində hansı məqsəd dayanır?

Femida.az sualı iqtisadçı-ekspertlərə ünvanlayıb.

Məsələni Femida.az-a şərh edən iqtisadçı-ekspert Vüqar Bayramlının fikrincə, cərimələrin artırılmasında əsas məqsəd büdcəyə daxil olan vəsaitlərin artırılmasıdır:



“Cərimələrin artırılmasınının bir sıra səbəbləri var. Lakin bütövlükdə əsas məqsəd büdcə daxilolamlarının məbləğinin artırılmasıdır. Vətəndaşlarla bağlı qəbul edilən cərimələr həm vətəndaşların mövcud qaydalara əməl etmələri üçün əlverişli şəraitin yaradılmasına, həm də büdcəyə daxil olan vəsaitlərin artırılmasına hesablanıb. Lakin düşünürəm ki, vətəndaşların ödədiyi cərimələrlə büdcədə yaranmış kəsirlər doldurula bilməz. Sözsüz ki, neftdən gələn daxilolmalar azaldığına görə hər bir mənbəyə ciddi yanaşmağa ehtiyac var”.

Vüqar Bayramlı həmçinin qeyd etdi ki, bu cərimələr Sahibkarların vergidən yayınmasını çətinləşdirəcək:

“Bir digər səbəb sözsüz ki, sahibkarların vergilərdən yayınması ilə bağlıdır. Belə ki, artıq vergidən yayınan sahibkarları ciddi cərimələr gözləyir. Nəzərə almaq lazımdır ki, yoxlamaların sayının azaldılması sahibkarların vergidən yayınmasına gətirib çıxara bilər. Sahibkarlarin vergidən yayınmasının qarşısının alınması üçün əsas mexanizmlərdən biri də cərimələrin artırılmasıdır. Yəni cərimələrin artırılması ilə bir tərəfdən dövlət büdcəsinə vergi daxilolmalarının həcminin artırlırsasa, digər tərəfdən sahibkarların vergidən yayınmasının qarşısı alınır”.

İqtisadçı-ekspert Samir Əliyev bildirdi ki, bu cərimələr vətəndaşların mövcud qayda-qanunlara əməl etmələri baxımından mütərəqqi bir haldır, lakin:



“Təbii ki, bu məqamda ağıla ilk gələn səbəb büdcəyə daxil olan vəsaitlərin artırılması ilə bağlıdır. Büdcədə yaranmış kəsiri bərpa etmək üçün əlavə mənbələrə ehtiyac var. Bu vaxta qədər büdcə neftdən gələn gəlirlərlə doldurulurdu və verginin üzərinə elə də yük düşmürdü. Neftdən gələn gəlirlər azaldı və indi əsas yük vergilərin üzərinə düşüb. Bu cərimələr vergidən yayınma hallarının qarşısının alınmasına kömək edə bilər. Sahibkarların vergilərdən yayınmaması üçün belə cərimələrin tətbiq edilməsi müsbət nəticələrə gətirib çıxara bilər.

Vətəndaşlara tətbiq olunacaq cərimələrlə bağlı ayrı-ayrılıqda danışmaq olar. Bu cərimələrə bütövlükdə baxsaq, hansısa müsbət fikir söyləyə bilərik. Yəni bütün bu cərimələr vətəndaşların mövcud qayda-qanunlara əməl etmələri baxımından mütərəqqi bir haldır. Lakin nəzərə almaq lazımdır ki, bu cərimələrin bəziləri elə də yaxşı nəticələrə gətirib çıxarmayacaq”


Millət vəkili Fəzail Ağamalı isə vurğuladı ki, bütün bunlar cəmiyyətdə sabitliyin qorunmasına, vətəndaşların təhlükəsizliyinin təmin olunmasına xidmət edir:



"Cəzaların artırılmasının fəlsəfəsinin kökündə də məhz bu amil durur. Hər bir vətəndaş da bilməlidir ki, o, hər hansı qanun pozuntusuna yol verəndə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə ciddi cərimələrlə rastlaşacaq, daha ciddi qanun pozutusuna isə yol verərsə, azadlıqdan məhrum ediləcəkdir. Bütün bunların hamısı cəmiyyətdə sabitliyin qorunmasına, vətəndaşların təhlükəsizliyinin təmin olunmasına xidmət edən yanaşmadır və hamı da bunu anlayışla qəbul etməlidir. Yəni cinayəti etmə, cəzanı da alma! Yəni İXM-də və CM-də cəzaların sərtləşdirilməsi o demək deyil ki, vətəndaşlar elə necə gəldi həbs olunmalıdırlar. Bu, sadəcə profilaktik xarakter daşıyan yanaşmadır və cinayətin qarşısının alınmasına, onların azalmasına yönəlib".

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3135