AQTA monitorinqlərin sayını artırıb


18:32     04 Dekabr 2020 20_12_04_1607092425.jpg

Dekabrın 4-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirməni, sağlam qidalanmanı təşviq edən və qurumun “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən yayımlanan “Təhlükəsiz Qida” onlayn verilişinin növbəti buraxılışı olub. Verilişdə COVID-19-un profilaktikası ilə bağlı zəruri olan tələblər, həmçinin AQTA-nın ictimai-iaşə müəssisələrində həyata keçirdiyi yoxlama nəzarət tədbirləri ilə bağlı məsələlərə aydınlıq gətirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Femida.az-a verilən məlumata görə, proqramda agentliyin Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin müdiri Əkbər Əliyev Bakıda, Abşeron, Sumqayıt və sərt karantinin tətbiq edildiyi Mingəçevir, Ağstafa, Şəki kimi regionlarımızda indiyə qədər 8000-ə yaxın ictimai-iaşə müəssisəsində 40 minə yaxın monitorinqin keçirildiyini, nəticədə 3200-dən artıq qayda pozuntusunun aşkarlandığını bildirib. Monitorinq zamanı müəssisələrdə əsasən, işçi heyətin maska və digər qoruyucu, eləcə də dezinfeksiyaedici vasitələrdən düzgün və ya ümumiyyətlə istifadə etmədiyi müəyyən edilib. Ə.Əliyev qeyd edib ki, həmin pozuntular inzibati məsuliyyət yaratdığı üçün sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Qeyd edək ki, qurum ilə vətəndaşlar arasında yeni ünsiyyət platforması kimi qiymətləndirilən “Təhlükəsiz qida” onlayn verilişi hər həftənin cümə günü saat 15:00 agentliyin rəsmi “Facebook” hesabında yayımlanır.

Femida.az

Açar sözlər:

Oxunub: 500