Türkiyə ilə birlikdə xüsusi iqtisadi zona yaradılsın! - TƏKLİF


12:37     05 Dekabr 2020 2019/10/azerbaycan_turkiye_bayragi_025_1570706317.jpg

Dekabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. Türkiyə İkinci Qarabağ müharibəsində ölkəmizə ən güclü siyasi dəstək verən ölkə idi və bu dəstək indi də davam edir.

Femida.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar qısa müddət ərzində türk hərbçilərinin Qarabağda qurulan monitorinq mərkəzində vəzifələrini yerinə yetirməyə başlayacaqlarını bildirib:

"Buna görə də, qardaş Türkiyə bizimlə birlikdə olmaqda davam edəcək. Azərbaycan və Türkiyə hər zaman birlikdə olacaq və əminəm ki, heç kimin buna şübhəsi yoxdur. Bütün bunlar fonunda Azərbaycan və Türkiyə əlaqələrinin yeni mərhələdə daha da genişləndirilməsi məsələləri əsas prioritetlərdəndir. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar olub. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, ötən il ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz , 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyard 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. Son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək. Göründüyü kimi, son illər bütün iqtisadi istiqamətlərdə iki ölkə arasında əməkdaşlığın güclənməsi müşahidə olunub".

Deputat qeyd edib ki, yeni mərhələdə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da genişləndirilməsi əsas hədəflərdəndir: "Bu baxımdan, daha məqsədəuyğun olardı ki, Preferensial Ticarət Sazişində uyğun olaraq hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilən malların siyahısı genişləndirilsin. Son saziş 15 mal qrupunu əhatə edir. Bütövlükdə, ölkələrin mərhələli şəkildə qarşılıqlı xarici ticarətdə bütün mallar üzrə kvota və rüsumları sıfıra endirməsi daha məqsədəuyğundur. Digər tərəfdən, işğaldan azad olunan torpaqlarımızı əhatə edən Türkiyə ilə birlikdə xüsusi iqtisadi zonanın yaradılması məqsədə uyğun olardı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru dəhlizin olacağını nəzərə alsaq, bu bölgəyə daha çox sərmayənin cəlb olunmasına imkan yarada bilər".

Femida.az

Açar sözlər:

Oxunub: 333