Şirməmməd Hüseynovun 91 yaşı tamam olur


21:40     17 Dekabr 2015 WxaUnfKFI283.jpg

Dekabrın 17-də XX əsr Azərbaycan jurnalistikasının ən böyük simalarından biri, Bakı Dövlət Universitetinin professoru, Prezident təqaüdçüsü, əməkdar müəllim Şirməmməd Hüseynovun 91 yaşı tamam olur. Uzun illər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində işləmiş, fakültənin dekanı, kafedra müdiri olmuş Şirməmməd müəllimin Azərbaycan jurnalistlərinin bir neçə nəslinin yetişməsində böyük əməyi vardır.


Ağsaqqal müəllimimizi anadan olmasının 91 illiyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, pedaqoji fəaliyyətində və elmi araşdırma işlərində uğurlar arzulayırıq. Professor Şirməmməd Hüseynovun bir neçə il öncə "Azərbaycan müəllimi"qəzetinə verdiyi müsahibəni təqdim edirik:

- Şirməmməd müəllim, sizi Rəsulzadə irsinin ən böyük və ilk tədqiqatçısı kimi tanıyırıq. Bu günlərdə cənab Prezidentimiz Məhəmməd Əmin Rəsulzadə ilə bağlı sərəncam imzaladı. Daha sonra cənab Prezidentlə görüşdə siz də iştirak etdiniz. O görüş barədəki təəssüratlarınız?

- Orada etdiyim çıxışda mən öz fikrimi demişəm. Yəni, ölkənin Prezidenti ilə görüşmək hər adama nəsib olmur. Prezidentin dediyi fikirlər həm də elə mənim fikirlərimdi. Yəni o, bu mövzuda hər şeyi dedi. Əlavə eləməyə bir kəlmə yoxdu. Özü də biz jurnalistlərin yazdığı qanun xarakteri, göstəriş xarakteri daşımır. Amma Prezidentin dediyi rəhbər göstərişidir, o icra olunmalıdır. Çox yüksək qiymətləndirdim. 65 ildir dövlət rəhbərlərinin, rəsmi adamların çıxışlarını eşidirəm. Əksəriyyəti şparqalkadan oxuyanlar olub. Qarşımızda yalnız Prezident şparqalkasız danışdı, qəlbində olanları, düşündüklərini söylədi. Buradakı jurnalistlərə, sözün həqiqi mənasında, Prezident dərs keçdi. Mən o görüşdə çıxış edəndə öz fikirlərimi Prezidentə dedim. "Biz camaat tərəqqisindən yazanlarıq. Bu işləri, Vətənin abadlığı işlərini kim həyata keçirir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Millət salamatlığını kim təmin edir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Camaat tərəqqisini kim həyata keçirir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Müstəqilliyimizin qarantı kimdir? Siz! Ona görə əgər Siz bu işləri görməsəniz biz jurnalistlər nə yazarıq? Bizim vəzifəmiz nə olar? Ona görə də Sizə "Jurnalistlərin dostu" adını vermək qanunidir, təbiidir, seçim düzdür. Sizi təbrik edirik".

Həmçinin, Prezident İlham Əliyevə Rəsulzadə ilə bağlı sərəncama görə də təşəkkürümü bildirdim: "Təşəkkürüm var Sizə. Mənim səksən doqquz yaşım var, gələn il 90 olacaqdır. Arzu edirəm mənim qədər yaşayasınız. Mən ömrümün böyük bir hissəsini Cümhuriyyət tarixini öyrənmək işinə sərf etmişəm. Çünki 110 il müstəmləkəçilik rejimindən sonra 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdi. Bu işin təşkilatçıları var idi. Srağagün Məhəmməd Əmin Rəsulzadə ilə bağlı sərəncam vermisiniz. Mən Məhəmməd Əmin Rəsulzadənin bütün irsini öyrənən, çap edən adamam. Dörd cildini buraxmışam. Beşincini hazırlayıram. Təxminən 15 min səhifə. Mən ərəb əlifbası ilə yazılmış 30-40 qəzetin səhifələrini axtarmışam, bunları toplamışam. Ürəyimdə deyirdim ki, bunları mən yazmışam və heç yana da müraciət edən deyiləm. Srağagün sərəncamınızı oxuyanda dedim ki, görəsən Prezident haradan bilirdi ki, mənim ürəyimdən bu keçirdi? Yazmırdım, demirdim. Amma qəzetdə yazılmışdı ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. Məhəmməd Əminlə mənim aramda cəmisi 40 yaş fərqi vardır".

Türk-islam aləmində ilk demokratik respublikanı Azərbaycan türkləri yaradıb. Bundan böyük nə ola bilər? Prezident dedi ki, bizim müstəqillik bayramlarımızın içərisində ən böyük bayramımız 28 maydır.

Tarix həmişə hər millətə müstəqillik yaratmaq şansını vermir.Bizə ikinci şans da verildi. Kim gəldi o ikinci şansda? Cənab Heydər Əliyev. Kim birinci şansı həyata keçirməyə müvəffəq olmuşdu - Məhəmməd Əmin Rəsulzadə. Bu şəxsiyyətlər özləri deməyiblər ki, mən dahiyəm, mən öndərəm, mən rəhbərəm. Xeyr! Xalq deyib. Türklər o millətdirlər ki, tarixdə 128 müstəqil dövlət yaradıblar. O dövlətin altısını Azərbaycan Türkləri yaradıblar. Azərbaycan Xalq Cümhuriyyəti tarixdə 114-cü Türk dövlətidir. Bunu türk tarixçiləri yazırlar.

- Uzunömürlülüyün bir açarı varmı?

- Bir hədis var: Deyir ki, insanların xeyirlisi uzun ömürlü və əməlisaleh adamlardır. Tələbə vaxtı dörd il Moskvada yaşadım, mənə bir qram belə araq içirə bilmədilər. Nəfsinə hakim olasan gərək. Bu günə qədər bir udum belə siqaret çəkməmişəm. Əvvəla ömrü verən yaradandı. Amma Allah adama ağıl da, baş da verir də. Yəni insan yaşayış tərzini özü seçir. Ana babam 97 yaşında vəfat edib. Bizim nəslimiz çox yaşayandı, uzunömürlüdü. İnsanı yaşadan zəhmətdir, əməkdir, həm də fiziki əməkdi. Yəni hər bir canlı özü üçün yaşayış vəsaiti əldə etmək qabiliyyətinə malik olmalıdır. Müstəqil yaşaya bilmək vərdişi adamı zəhmətə alışdırır.

Dünyada ən dəhşətli şey yeməyə aludə olmaqdır. İnsanın ömrünü qısaldır. Çox yemək insanın başına fəlakətlər gətirir.

Bu gün gözüm yaxşı görür, qulağım yaxşı eşidir, beynim yaxşı işləyir, yaddaşım da yerindədir. Yarım saatdan artıq televizorun qarşısında oturmaram. Gözümü qoruyuram. Səsinə qulaq asıram. Hər gün ən azı 4000-5000 addım atıram. Axşam saat 11-dən o tərəfə oyaq qaldığım vaxt yadıma gəlmir. Səhər 7-də dururam. Kompüterlə məşğul olmuram. Heç mobil telefonu da yaxınlığıma qoymuram. Arxivə gedəndə yarım saat işləyirəm, 15 dəqiqə durub gəzirəm, dincəlirəm. Hər bir insan özü özünə rejim yaratmalıdır. Hər şeyin öz vaxtı olmalıdır. Gərək hərə öz həkimi ola. Hər gün qan təzyiqimi ölçürəm, nizama salıram. Xalq təbabətindən də istifadə edirəm. Mən heç vaxt maşın da sürməmişəm.

Açar sözlər:

Oxunub: 1569