Ədliyyə işçiləri və hakimlərdən “YAŞAT”a dəstək


11:31     10 Dekabr 2020 trend_edliyye_nazirliyi_justice_ministry_album.jpg

Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinin əsas prioritetlərindən olmaqla hərbi qulluqçular və şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar.


Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, dövlət başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaralı hərbçilərimizə baş çəkmələri, onların qayğıları ilə maraqlanmaları böyük ruh yüksəkliyi və təsəlli olub.

Eyni zamanda, xalqımız tərəfindən dövlətimiz və ordumuzla həmrəylik nümayiş etdirilərək hərbçilərimizin zəruri ehtiyaclarının təmin edilməsi məqsədilə xeyirxah addımlar atılıb.

Ali Baş Komandanın ətrafında sıx birləşən ədliyyə işçiləri və hakimlər də bu şərəfli dönəmdə ordumuza dəstək göstərərək xüsusi fonda əmək haqlarından könüllü vəsaitlər köçürüblər. Həmçinin nazirliyin tibb xidmətinin həkimləri müharibə dövründə yaralananlara zəruri tibbi yardım göstərib, ədliyyə və məhkəmə orqanlarında qanvermə aksiyaları keçirilib, nazirliyin əməkdaşları tərəfindən döyüşlərdə yaralanaraq hərbi hospitallarda müalicə alan hərbçilərimizə mütəmadi baş çəkilib və sovqatlar təqdim olunub.

Eyni zamanda, ədliyyə və məhkəmə orqanlarının 100-dək əməkdaşı hərbi əməliyyatlarda, o cümlədən könüllü kimi iştirak edib, onların sırasında yaralananlara və şəhid olmuş şəxslərin ailələrinə lazımi yardım və mənəvi dəstək göstərilib.

Ölkə Prezidentinin 08.12.2020-ci il tarixli Fərmanı ilə ərazi bütövlüyümüzün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatı ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması məqsədilə “YAŞAT” Fondu yaradılıb və müxtəlif təşkilatlar, fiziki və hüquqi şəxslər tərəfindən fonda könüllü ianələr edilir.

Ədliyyə işçiləri və hakimlər də dövlətimiz, xalqımız və ordumuzla hər zaman həmrəy olaraq əmək haqlarından “YAŞAT” Fonduna 1.000.000 (bir milyon) manat məbləğində vəsait köçürüblər.

Femida.az

Açar sözlər: #ədliyyə  

Oxunub: 3065