Əsirlikdən qaytarılan Amin və Bayramın ailə üzvləri danışdı


10:11     15 Dekabr 2020 2020/12/16061-1608011437_1608014083.jpg


Amin, Bayram və digər əsirlər Azərbaycana qaytarıldığı üçün Ali Baş Komandana təşəkkür edirik.

Bunu Azvision.az -a açıqlamasında Aminin dayısı Sənan Sadıqov deyib. O bildirib ki, ailə hələ Aminlə danışmayıb:
“Bu gün zəng ediləcəyini deyirlər. Biz də gözləyirik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Biz ondan çox razıyıq”.

Yaşar Kərimov isə oğlu Bayram haqqında hələ məlumat almadığını deyib.

“Bizə dövlət tərəfindən hələ rəsmi məlumat verilməyib. Yalnız internet resurslarından məlumat almışıq. Biz də xəbər gözləyirik”.

Qeyd edək ki, əsgər Amin Musayev və Bayram Kərimov Şuşa döyüşlərində yaralanaraq ermənilərə əsir düşüblər.

Xatırladaq ki, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Dünən günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib.

Açar sözlər:

Oxunub: 617