Əmanətlərin sığortalanması ilə bağlı dəyişikliklər edildi


11:31     15 Dekabr 2020 20_12_15_1608021143.jpg


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanuna dəyişikliklə fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması təklif olunur.

Bu müddəa 2021-ci ilin 5 aprel tarixindən qüvvəyə minəcək.

Həmçinin fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) təklif olunur.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra II oxunuşda qəbul edilib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanuna təklif edilən dəyişikliklə qanunun qüvvədə olma müddətinin 5 aprel 2021-ci il tarixinə qədər artırılması öz əksini tapıb.

Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra II oxunuşda qəbul edilib.

Açar sözlər:

Oxunub: 1333