Vüsal Hüseynov və Vladimir Georgiyevin birgə müraciəti - VİDEO


16:32     18 Dekabr 2020 2020/12/16082-1608293478_1608294845.jpg


Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev 18 dekabr - Beynəlxalq Miqrant Günü münasibətilə birgə videomüraciət ünvanlayıblar.

Dövlət Miqrasiya Xidmətindən Femida.az -a verilən məlumata görə, V.Hüseynov müraciətdə bu günün BMT Baş Məclisi tərəfindən təsis edildiyini vurğulayıb. Bildirib ki, bu günün əsas məqsədi miqrantların hüquq və maraqlarının müdafiəsi, onları narahat edən məsələlərə ictimai diqqətin artırılmasıdır. Ölkəmizdə olan, yaşayan əcnəbilərin narahatlıqları, onların hüquqlarının müdafiəsi daim dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi tədbirlər, xalqımızın multikultural dəyərləri, dövlətimiz tərəfindən investisiyaların, turizmin təşviqi sahəsində reallaşdırılan tədbirlər nəticəsində Azərbaycana səfər edən və yaşayan əcnəbilərin sayında uzun illərdir artım müşahidə edilir.



Bu il COVID-19 pandemiyasının ən çox təsir etdiyi sahələrdən biri miqrasiyadır. Dövlət tərəfindən pandemiya ilə mübarizə tədbirlərinin əsas məqsədlərindən biri ölkəmizdə yaşayan əcnəbilərin bunun mənfi təsirlərini minimum hiss etməsidir. Bu siyasətə uyğun olaraq, DMX tərəfindən xidmətlərin təkmilləşdirilməsi, gücləndirilmiş rejimdə fəaliyyət göstərilməsi, məsafədən müraciət imkanlarının yaradılması, kənara çıxarılmaların dayandırılması, ölkədəki əcnəbilərin leqallaşdırılması və xüsusilə həssas qrupa dəstək tədbirlərinin keçirilməsi diqqətdə saxlanılıb. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi əsas tədbirlərdən biri beynəlxalq sahədə səylərin əlaqələndirilməsi olub. Dövlətimizin başçının təşəbbüsü ilə pandemiyanın ilk günlərində ən nüfuzlu beynəlxalq platformalarda bu məsələ müzakirə edilib və əks-mübarizə tədbirləri müəyyənləşdirilib. Bu istiqamətlərdən biri miqrasiya sahəsidir. Həyata keçirilən tədbirlər nəticəsində bu gün miqrasiya sahəsində Azərbaycan təcrübəsi təqdirəlayiq hesab edilir.

Vladimir Qyorqiyev videomüraciətində deyib ki, 18 dekabr – Beynəlxalq Miqrant Günü 2000-ci ildən bəri qeyd olunur. Hazırda dünyada milyonlarla miqrant var. Bu miqrantların sırasına Azərbaycandan olanlar da daxildir. Xaricdə təqribən bir milyon azərbaycanlı miqrant yaşayır ki, onlar da əsasən Rusiya, Türkiyə kimi qonşu ölkələrdə, eləcə də Avropa regionunda, ABŞ, Kanada və başqa ölkələrdə məskunlaşıblar.

Məlumat verilib ki, miqrantların tibbi və qida yardımı, səhiyyə xidmətləri və yaşayış yeri ilə təmin olunma üçün dəstəyin göstərilməsi ilə bağlı DMX ilə birlikdə tədbirlər həyata keçirilir. DMX ilə yanaşı, bütün müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti və özəl sektorla birgə miqrantların rifahı üçün fəaliyyətimizi davam etdirəcəyik

Qeyd edək ki, 1990-cı il dekabrın 18-də BMT Baş Məclisi tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edilib. Bu Konvensiya Azərbaycan Respublikası Milli Məclisinin 1998-ci il 11 dekabr tarixli qanunu ilə ratifikasiya olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 826