Vətən müharibəsində Qələbəyə dair “Açıq dərs” keçiriliby


17:36     19 Dekabr 2020 2020/12/1D14045C-951D-4695-8442-99DDA77A6F26_1608385430.jpeg

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə ölkəmizdə daha bir yeniliyə imza atılıb. Nazirliyin dəstəyi ilə Nizami rayonundakı Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseydə Vətən müharibəsində Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin fəaliyyətinə və şanlı Azərbaycan Ordusunun Böyük Qələbəsinə həsr edilmiş onlayn “Açıq dərs” keçirilib.

Femida.az xəbər verir ki, “Bütöv torpaq bütöv candır, bu can Azərbaycandır” adlı onlayn dərsə məktəbin rəhbər heyəti, şagirdlərin valideynləri və hərbi qulluqçular qoşulublar.

Dərsdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri, eləcə də Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yayımlanan videosüjetlər əsasında hazırlanmış çarxlar nümayiş etdirilib. Məktəblilər Müzəffər Ali Baş Komandanı, Vətəni, bayrağı, Azərbaycan Ordusunu və işğaldan azad olunan Qarabağı tərənnüm edən şeirlər deyib, mahnılar oxuyublar.

Onlayn “Açıq dərs”ə qoşulan polkovnik Elşad Əbilov, polkovnik-leytenant Pünhan Nəsibov, qazi kapitan Fərman Namazov və əsgər Mahir Qədaşov 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbəmizdən, şəhid və qazilərimizin rəşadətindən, işğal altındakı torpaqlarımızın azad edilməsindən danışıblar.

Məktəbli Məhəmməd Tanrıverdili hərbçilərə müraciət edərək Vətən sevgisindən doğan zabit olmaq arzusunu diqqətə çatdırıb, arzusuna çatmaqda dəstək göstərilməsini xahiş edib. Dərsdən sonra Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Pünhan Nəsibov balaca Məhəmmədlə görüşüb, hərbi məktəbə hazırlıq və qəbulla bağlı tövsiyələrini verib, şərəfli zabit peşəsinin əhəmiyyətindən söhbət edib, bu yolda ona uğurlar diləyib.

Polkovnik E.Əbilovun Şuşa qalasının qarşısından təqdim etdiyi canlı videobağlantı məktəbin müəllim heyəti, şagirdləri, valideynləri tərəfindən qürurla, rəğbətlə qarşılanıb və onlara duyğulu anlar yaşadıb.

Sonda məktəbin direktoru Lətifə Əzimova, sinif rəhbəri Gülnarə Quliyeva və şagirdlər “Açıq dərs”in təşkilində göstərdiyi dəstəyə görə Müdafiə Nazirliyinə minnətdarlıqlarını bildiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 684