TƏBİB-dən apteklərdə satılan COVİD-19 müalicə paketi ilə bağlı AÇIQLAMA


16:13     21 Dekabr 2020 2020/12/IMG-2-3217097432_3217105690.jpg


Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə quruma məxsus olduğu iddia edilən, koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin apteklərdə satılması barədə paylaşılan fotolara münasibət bildirib.

TƏBİB-dən Femida.az-a verilən məlumata görə, sözügedən paketlər quruma aid deyil:

"İki gündür davam edən araşdırmalarımız nəticəsində məlum oldu ki, bəzi apteklərdə satışa çıxarılan həmin dərman paketləri “Avromed Company” MMC-nin şəxsi təşəbbüsü ilə hazırlanıb. Lakin paketlərin hazırlanması zamanı anbar əməkdaşları tərəfindən yanlışlığa yol verilib. Şirkət əməkdaşı paketləmə zamanı yanlışlıqla dərman paketinin içərisinə “Avromed Company” MMC-nin deyil, anbarda nümunə üçün hazırlanmış TƏBİB-ə məxsus fleyerləri yerləşdirib. Problem ortaya çıxan kimi həmin dərman paketləri apteklərdən geri çağırılıb.

Bir daha nəzərinizə çatdırırıq ki, TƏBİB Abşeron rayonu və Sumqayıt şəhəri daxil olmaqla, ölkəmizin digər rayonlarında koronavirus xəstələrinin stasionar və ambulator müalicəsi ilə məşğul olur. Bu ərazilərdə evdə müalicə alan koronavirus xəstələrinə tamamilə ödənişsiz, dövlət hesabına dərman paketləri verilir. Həmin paketlərin verilməsindən imtina edildiyi təqdirdə, xahiş edirik ki, TƏBİB-in 24 saat fəaliyyət göstərən 1542 nömrəli qaynar xəttinə və ya +99451513-1542 nömrəsinə məlumat verəsiniz".



Femida.az

Açar sözlər:

Oxunub: 378