Rövşən Rzayev BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb


18:58     22 Dekabr 2020 20_12_22_1608647208.jpg

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Baueri ilə görüşüb.

Komitədən Femida.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri qonaqlara Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün aparılan əks-həmlə əməliyyatı haqqında məlumat verib. Bildirib ki, bu əməliyyat nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Münaqişənin dayandırılması azərbaycanlı məcburi köçkünlərin tarixən xalqımıza məxsus olan torpaqlara, oradakı ata-baba yurdlarına qayıtmasına şərait yaradır. Hazırda ölkə prezidentinin sərəncamlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin minalardan təmizləməsi, yolların, kommunikasiya və kommunal xidmətlərin qurulması ilə əlaqədar işlər aparılır, daha sonra məcburi köçkünlərin öz torpaqlarına qaytarılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Münaqişənin ilk illərində olduğu kimi, indi də məcburi köçkünlərin qayıdışı ilə əlaqədar keçirilən layihələrdə beynəlxalq təşkilatların, eləcə də BQXK-nın iştirakına ehtiyac vardır. Buna görə də əməkdaşlığı davam etdirmək, məcburi köçkünlərə psixoloji, mənəvi dəstək vermək üçün birgə fəaliyyət göstərmək vacibdir.

BQXK nümayəndələrinə bildirilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Prezident İlham Əliyev tərəfindən mühüm və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Dünyada koronavirus pandemiyası ilə əlaqədar iqtisadi böhranın davam etdiyi dövrdə belə Azərbaycanda məcburi köçkünlərlə bağlı sosial layihələr ardıcıllıqla icra olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlara xüsusi qayğı göstərir, onların problemlərinin həllinə daim diqqət yetirir.

Söhbət zamanı BQXK-nın ölkəmizdə həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, 2019-cu ildə Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində, 2020-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində ilk yardım üzrə lazımi avadanlıq və materiallarla təmin edilmiş təlimlər keçirilib. Təlimlərə yerli sakinlər və məcburi köçkünlər cəlb ediliblər.

BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Baueri təşkilatın çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, BQXK son dövrlərdə öz fəaliyyətini genişləndirib, işə yeni əməkdaşlar cəlb edilib.

Görüşdə Dövlət Komitəsi ilə BQXK arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına toxunulub, qaşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Açar sözlər:

Oxunub: 501