Vəkillərin peşə bayramı günüdür


11:48     28 Dekabr 2020 2020/12/1F14FA42-2E7B-4635-AF0E-501B2BC3C54D_1609142418.jpeg

Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür.

Qeyd edək ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilatdır. Kollegiya Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” ilə fəaliyyət göstərmiş Vəkillər Kollegiyasının hüquqi varisidir. 2004-cü ilin 3-4 noyabr tarixində Bakı şəhərində Təsis Yığıncağı keçirilərək Azərbaycan Respublikasının yeni Vəkillər Kollegiyası yaradılıb.

Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.

28 dekabr - "Vəkil günü" münasibətilə Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Vəkillər daha sonra Şəhidlər xiyabanında olub və Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin məzarlarını ziyarət ediblər.

Qeyd edək ki, 28 dekabr "Vəkil günü" Prezident İlham Əliyevin 25 dekabr 2019-cu ildə imzaladığı “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında" sərəncama əsasən təsis edilib.

Femida.az kollektivi olaraq, başda Kollegiyanın sədri Anar Bağırov olmaqla, bütün vəkilləri təbrik edir, onlara bu şərəfli peşə yolunda uğurlar diləyirik.

Femida.az

Açar sözlər: #vəkil   #kollegiya   #peşə   #bayram  

Oxunub: 996