Toyuq üstündə qohumunu öldürən qardaşların MƏHKƏMƏSİ


16:22     19 Dekabr 2015 1439211537.jpg

Femida.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Yusifov Vüqar və Yüsifov Zülfüqar qardaşlarının işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Hakim Əlövsət Abbasov sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Vüqar Yusifov məhkəmədə ifadə verib.


Təqsirləndirilən şəxs Vüqar Yusifov: “Yay idi. Biz toyuq-cücə alveri ilə məşğul idik. Səbuhi adlı qohumumuzla şərik idik. Həmin vaxt alver yaxşı getmirdi. Mənim də, Səbuhiyə borcum var idi. Səbuhi pulunu istəyirdi. Bir gün biz evdə olmayanda Səbuhinin qardaşı Vasif qaynanam Tutuxanım Manafovanın həyətindən quşları götürüb aparıb. Evə gəldim, bunu eşidəndə çox əsəbləşdim. Səhər saatları idi. Saraya toyuq almağa getməli idim. Ona görə də, Elvinə (taksi sürücüsü) zəng etdim ki, məni Saraya aparsın. Qardaşım Zülfüqar da, yanımda idi. Elə bildi ki, mən Səbuhigilə dalaşmağa gedirəm. Ona görə mənimlə maşına mindi və getdik. Yolda Elvinə dedim ki, dönək Səbuhinin dükanına və deyim ki, apardıqları quşları geri qaytarsınlar.Gəldim ora. Səbuhi orada idi.

Ondan soruşdum ki, Vasif hardadı. Dedi ki, Vasif burada yoxdur.Bizim aramızda kiçik narazılıq oldu. Həmin vaxt Səbuhi Vasifə zəng etdi və oraya çağırdı. Hadisə baş verəndə rəhmətlik Vasifin qardaşı Asif də, orada idi.O, dedi ki, mən bu işi yoluna qoyaram. Dava lazım deyil. Biz dükanın qarşısında söhbət etdiyimiz vaxt Vasif maşınla gəldi. Düşdü və bizim tərəfə gəldi.O, gələn kimi dedi ki, götürdüyü quşları geri qaytarmayacaq. Həmin vaxt mənimlə mübahisə etdi.

Barmağımda böyük üzük var idi. Onunla gözündən vurdum. Dava düşdü. Həmin vaxt qardaşım Zülfüqar da, yanımızda idi. O, bizi aralamaq istəyirdi. Həmin vaxt iki qardaş Zülfüqarı döydülər. Mən də, həmin vaxt cibimdəki bıçağı çıxarıb, Vasifi kürəyindən vurdum. Belindən qan axmağa başladı. Sonra 2-3 dəfə də, bıçaq atdım. Bu vaxt Asif dükana tərəf qaçıb, Səbuhiyə dedi ki, ona bıçaq versin. Asifi də, bıçaqla vurdum. Asif dükandan bıçağı götürüb, üstümüzə gələndə ətrafda olanlar bıçağı ondan aldı. Onlar maşına minib, getdilər. Biz də, iki qardaş getdik. Sonradan eşitdim ki, Vasif xəstəxanada ölüb. Mən onu öldürmək niyyəti ilə vurmamışam. Biz dost olmuşuq.Allah şeytana lənət etsin.”

Təqsirləndirilən şəxs: “Müstəntiq mənə 20 manat verdi ki,...”

Daha sonra dövlət ittihamçısı təqsirləndirilən şəxsə bir neçə sualla çıxış etdi.O, bu işdə istifadə edilən bıçaq barədə sual verdi. Niyə ilkin istintaq zamanı həmin bıçağın harada olduğunu demirdin?

Təqsirləndirilən şəxs Vüqar:
” İlkin istintaq zaman işi aparan Abşeron rayon prokurorluğunun müavini Nail Əliyev idi. O, mən saxlanan kameraya gəldi. Mənə 20 manat verdi və dedi ki, buna siqaret alarsan. Bunu vəkilim də, bilir. O, şəxs mənə çox təyziq edib. Şahidlərin ifadəsini öz bildiyi kimi yazıb. Halbuki, o sözlər deyilməyib. Mən saxlanan zaman müstəntiq mənə dedi ki, sən bıçağın yerini heç kimə demə. Deki, atmışam kanala. O, mənə söz verdi ki, səni azad edəcəyik. Mən dedim ki, niyə axı? O, dedi ki, mən bilirəm nə edirəm. Hətta dedi ki, atanın da, cibinə narkotik atıb, tutaram. Mənə çox təyziq edib. Bununla bağlı yuxarı orqanlara çox şikayət etmişik.O, mənim qardaşım Zülfüqarı heç bir günahı olmadan həbsə atıb. Halbuki, o hadisədə Zülfüqarın heç bir günahı yoxdur. Vasifi və Asifi mən vurmuşam.”

Daha sonra zərəçəkmiş tərəfin vəkili Sadiq Əfəndiyev çıxış etdi.Vəkil çıxışında bildirdi ki, təqsirləndirilən şəxslər ifadələrində hər dəfə fərqli söz deyirlər.Onların verdiyi ifadələr ziddiyətlidir. Dəfələrlə verdikləri ifadələrini dəyişərək, hər dəfə yeni məzmunda ifadələr verirlər. Daha sonra vəkil ekspertizanın verdiyi rəyə də aydınlıq gətirdi.” Rəydə yazılıb ki, müxtəlif bıçaqlardan vurulması inkar edilmir. Bıçaqlar təqdim olunduğu halda daha dəqiq rəy vermək olar.” Əgər dəqiq rəy istəyirlərsə, buyursanlar bıçağı məhkəməyə təqdim etsinlər.”

Xatırladaq ki, hadisədə şahid kimi iştirak edən digər qardaş Səbuhi Məmmədov ifadəsində bildirib ki, qardaşları həm Zülfüqar, həm də Vüqar tərəfindən bıçaqla vurulub.Qarşı tərəf isə, iddia edir ki, orada bışağı yalnız Vüqar Yusifov vurub.

Xatırladaq ki, hadisə Abşeron rayonunun Novxanı qəsəbəsində baş verib. Vüqar və Zülfüqar qardaşları arasında digər qardaşlar Asif və Vasif arasında borc üstündə dava düşüb. Vüqarın vurduğu zərbədən sonra, Vasif Məmmədov ölüb, Asif isə yaralanıb.Onlar həmçinin qohumdurlar. Yusifov qardaşları Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120.2.4, 29,120.2.1, 29,120.2.2, 29, 120.2.4, 29,120.2.7, 221.3 maddəsləri ilə ittiham olunur.

Növbəti məhkəmə prosesi dekabrın 21- də olacaq.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 4483