"Hikmət"li Müharibə


15:37     05 Yanvar 2021 2021/01/ssd_1609924553.jpg


44 günlük Vətən Müharibəsi tarix boyu unudulmayacaq qəhrəmanlıqlar, siyasi gedişlər, hərbi əməliyyatlar, kədələr və sevinclərlə daim yaddaşımızda qalacaq.

Çünki bu sıradan hərbi əməliyyat yox, “Dəmir yumruq”la düşmənin başının əzildiyi Vətən Müharibəsi idi. Kəlbəcər dağlarında 3 gün yalın ayaq yol gedənlərin intiqamı, Xocalı meşələrində donaraq ölənlərin qisası, Şuşa məscidinə çökən 28 illik sükutun sonu, 30 ildir siyasi masalarda səslənən boş fikirlərin yerlə yeksan edilməsi idi bu. Bütün bunlar geridə qoyduğumuz müharibənin necə böyük hikmətə sahib olduğunu göstərirdi...

Sonuncu cümlədə ən çox diqqət çəkən sözün məhz "hikmət" olduğuna şübhəm yoxdur. Müharibənin tarixinə yazılan qızıl kəlmələrdən biri... Bu ad 44 gün boyu nə vətəndaşın dilindən düşdü, nə siyasətçinin, nə hərbçinin...


Vətən savaşı illərdir pərdə arxasında xalqı üçün çalışan "Hikmət"ləri üzə çıxardı. Həm hərb aləminə, həm diplomatiya dünyasına 44 günlük master klass keçən Hikmətləri.

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandiri, general-leytenant Hikmət Mirzəyev və Prezidentin köməkçisi, PA-nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdən danışıram.

Onların adı xalqın dillər əzbərinə necə çevrildi?

Müharibədən sonra keçirilən Zəfər paradında ən öndə Hikmət Mirzəyevin addımlaması təsadüfi deyildi. “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Hikmət Mirzəyevin Vətənə xidməti qarşısında aldığı orden və medalların sayı-hesabı yoxdur.

İlk dəfə onu ictimai şəkildə 2018-ci ildə Ordunun 100 illik paradında XTQ bölməsinin başında görə bilmişdik. Hikmət Mirzəyev Azərbaycanın ən gənc general rütbəsi almış hərbçilərindəndir. Ona general - mayor rütbəsini hələ ümummilli lider Heydər Əliyev 2002-ci ildə vermişdi. Həmin vaxt Mirzəyevin yaşı 35-i haqlamamışdı. Bu il oktyabrın 17-də isə Ali Baş Komandan Vətən Müharibəsindəki xidmətlərinə görə onu general-leytenant rütbəsi ilə təltif etdi.

H.Mirzəyev bu uğurları kabinetlərdə oturaraq deyil, dövlətə göstərdiyi xidmətlərinə görə alıb. Aprel döyüşlərində olduğu kimi II Qarabağ Müharibəsində də o, hərbi əməliyyatların əsas rəhbərlərindən idi. Xüsusilə Qarabağın incisi Suşanın işğaldan azad edilməsi əməliyyatına şəxsən başçılıq edib. Təsadüfi deyil ki, həm Cəbrayılın, həm də Şuşanın işğaldan azad edilməsindən dərhal sonra İlham Əliyev generalımızı şəxsən təbrik etmişdi.



“Yaşma” kimi tanınan hərbi hissəyə rəhbərlik edən generalın sanki işindən başqa həyatı olmayıb. “Yaşma” XTQ-nin yerləşdiyi hərbi hissənin el dilindəli adıdır. Burada yetişən hər bir hərbçi və ailəsinin sosial rifahı qeyd-şərtsiz təmin olunur. Əvəzində isə çətin və qüsursuz xidmət tələb edilir. Burada ağıla gəlməyəcək dərəcədə çətin və təhlükəli hərbi təlimlər, məşqlər, döyüş taktikaları öyrədilir. Sirr deyil ki, xüsusi təyinatlı qüvvələrimiz Vətən Müharibəsində ən öndə gedənlər olub. “Ermənilər “Yaşma” adını eşidəndə girməyə siçan deşiyi axtarır” ifadəsi də boş yerə deyilməyib. Nə qədər qəribə görünsə də, xeyli faktlar var ki, 5-6 “Yaşma” hərbçisinin gəlişini görmək belə, onlarla erməninin postlarını atıb qaçmasına kifayət edir. Təbii ki, bütün bunlar H.Mirzəyevin yaratdığı nizam intizam, vətənpərvərlik ruhu, dözümlülük, güc, taktika, strategiya və bir çox detalı özündə birləşdirən müasir XTQ olmağın nəticəsidir. Hikmət Mirzəyevə mümkünsüz əməliyyatların komandanı deyirlər. Ermənilərin qorxulu yuxusuna çevrilmiş komandanın əsgərləri ilə üz-üz gəlmisənsə, məğlubiyyəti qəbul etmisən deməkdir. Onun xüsusi əlbəyaxa döyüş bacarığı, soyuq və müasir odlu silahlardan istifadə məharəti sadəcə inanılmazıdır. Şuşanın tanksız, topsuz, əlbəyaxa döyüşlərlə azad edilməsi bunun təsdiqidir.

Eşq olsun generalımıza! Eşq olsun XTQ-ə!

Gələk diplomatiya dünyasının yeni kəşfi Hikmət Hacıyevə. Onun işindəki hikmət çox böyükdür. Modern dünyada döyüş meydanında olduğu qədər siyasi masalardakı qələbənin önəmi də var. Müharibə dövründə Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyət qarşısındakı sağ qolu Hikmət Hacıyev oldu desək, yerinə düşər. Konfranslarda, iclaslarda, müsahibələrdə elə çıxış edir ki, Hacıyevin illərdir bu vəzifə üçün hazırlandığını düşünməmək olmur. Bəzən adama elə gəlirdi ki, sanki Hikmət bəyin bir neçə kopiyasını yaradıblar və o eyni anda müxtəlif yerlərdə ola bilir. Səhər xarici diplomatlarla Bərdə terrorunda olan Hikmət bəy, 3 saat sonra Bakıda Prezidentin keçirdiyi qəbulda yanında olur. Bir saat sonra biz onu Baş Prokurorluğun mətbuat konfransında görə bilərik, az sonra budur, Hacıyev xarici telekanala canlı müsahibə verir. Axşam evə gəldikdə isə Operativ Qərargahın canlı brifinqində çıxış edən Hikmət Hacıyev görürük. Bu cür gərgin iş rejimə baxmayaraq, Hacıyevin nə yorulduğunu gördük, nə bir kobud reaksiyasını, nə bir jurnalistə cavab verməkdən imtina etdiyini. Hər kəsə vaxt ayırdı. 44 gün ərzində gecə-gündüz dayanmadan çalışdı. Ardıcıl olaraq hər gün səfirlərlə ayrı, Baş Prokurorla ayrı, jurnalistlərlə ayrı, hərbi ataşelərlə ayrı günlərdə cəbhə bölgəsinə səfərlər etdi. Yeri gələndə jurnalistlərin mikrofonlarını tutdu, yeri gələndə Ağdamda “Qarabağ”ın üzvləri ilə futbol oynadı, yeri gələndə bölgədən videolar çəkib paylaşdı, sosial medianın gündəmindən düşmədi. Sosial şəbəkə demişkən, Hacıyev bütün bu işlər azmış kimi müharibə dövründə hər şeyi operativ olaraq, twitter hesabından paylaşdı, informasiya müharibəsinin öndə gedənlərindən oldu. Bu insan hər şeyi o qədər yerində və sadəliklə etdi ki, səmimiyyəti onu xalqın sevimlisinə çevirdi.



“Bir dəfə mətbuat konfransında idik və orada bir çox önəmli xarici media qurumlarının nümayəndələri iştirak edirdi. Hikmət Hacıyev Azərbaycan dilində çıxış etdikdən sonra əcnəbi jurnalistlərin suallarına verməyə başladı. Hacıyev ingiliscə danışanlara ingiliscə, rusca danışanlara rusca, türkcə danışanlara türkcə cavab verirdi. Bütün salon təəccüb içində idi. Bir insan fərqli dillərə necə bu qədər sürətli keçid edə bilərdi?”

Təbii ki, Vətən müharibəsinin “Hikmət”lərindən danışarkən Suqovuşanın azad olunması əməliyyatının rəhbərlərindən olan general-mayor Hikmət Həsənovu unutmaq olmazdı. Hələ 2004-cü ildə Tovuz istiqamətində əsgəri ilə birlikdə erməni postunu ələ keçirdiyinə görə briqada komandiri vəzifəsinə yüksəldilmişdi. Aprel döyüşlərində rəhbərlik etdiyi bölmələrimiz 2 saat ərzində düşmənin 24 illik "Ohanyan müdafiə xətti"ni yararaq Talış yüksəkliklərinə qalxıb, düşmənin 21 postunu dağıdaraq 7 strateji yüksəkliyi düşməndən təmizləyib. NATO təlimlərində qarşıya qoyulan tapşırığı ingiliscə məruzə edən ilk azərbaycanlı hərbçidir. Müxtəlif vaxtlarda Çin, Almaniya, Türkiyə kimi ölkələrdə hərbi təhsilini artırıb. Həsənov ingilis, rus, türk, fars, erməni dillərini mükəmməl bilir. 44 günlük müharibədə Suqovuşanla yanaşı Füzuli və Xocavəndin işğaldan azad olunmasında generalımızın xüsusi şücaətləri olub.

Və sonda... Hikmət sözünün mənası müdrik söz, dərin fikir, dərin məna deməkdir. 30 illik işğala son qoyan bu müharibənin hikmətini sözlərlə nə qədər ifadə etsək də, nə onun gerçəkliyini, nə də onun millət üçün necə böyük məna kəsb etdiyini bir məqalədə anlatmaq mümkün deyil. İllər ötəcək, nəsillər dəyişəcək, bir çox şey unudulacaq, amma Azərbaycanın bu şanlı qələbəsi həmişə xatırlanacaq. Hikmətli sözlərlə, Hikmətlərlə xatırlanacaq. Bu günkü Hikmətlərin çəkdiyi əziyyətlər gələcək Hikmətlərin rifahına çevriləcək.

Müəllif: Amin Nəzərli


Femida.az

Açar sözlər: #HikmətMirzəyev   #HikmətHAcıyev   #Qarabağ   #müharibə   #Azərbaycan   #AminNəzərli  

Oxunub: 4190