Azərbaycana yeni mədəniyyət naziri təyin edildi - SƏRƏNCAM


15:10     05 Yanvar 2021 21_01_05_1609848019.jpg

Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Femida.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Anar Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.

Qeyd edək ki, A.Kərimov ötən il iyulun 20-də dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilmişdi. Dövlət başçısının digər sərəncamı ilə mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti ona verilmişdi.

A.Kərimov 1977-ci ildə Azərbaycan Respublikasının Füzuli rayonunda anadan olub, 1998-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb.

Diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İnsan Haqları, Demokratikləşmə və Humanitar Məsələlər İdarəsində attaşe, üçüncü katib kimi başlayıb. 2004-2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləyib.

2008-2009-cu illərdə Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışıb. 2010-2014-cü illərdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində fəaliyyətini davam etdirib.

2014-cü ilin may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib. 9 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Anar Kərimova fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.

Rus, ingilis və fransız dillərini bilir.

Ailəlidir, üç övladı var.

Femida.az

Açar sözlər:

Oxunub: 579