İlham Əliyev: "Antimilli şuranın liderləri vaxtilə Paşinyanı bizə nümunə kimi göstərirdilər"


13:15     07 Yanvar 2021 2021/01/33B93E7A-877B-4055-9739-D413555B6EBD_1610011062.jpeg

"Keçən il partiyaların böyük əksəriyyəti bizim təşəbbüsümüzə müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Deyə bilərəm ki, hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. İştirak etməyənlərə siyasi qüvvə deyə bilmərəm. Çünki iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir".

Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, siyasi dialoq müharibədən əvvəl başlayıb və müharibə dövründə daha da güclənib: "Müharibə dövründə bir antimilli qruplaşma istisna olmaqla, - mən antimilli şuranı nəzərdə tuturam, - bütün digər siyasi partiyalar və birliklər birmənalı olaraq bizim haqq işimizə öz dəstəyini verdi. Antimilli şura isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Ordumuzu ləkələmək istiqamətində növbəti təxribat xarakterli addımlar atıbdır.

Onlardan başqa nə gözləmək olar? Bu antimilli şuranın liderləri vaxtilə Paşinyanı bizə nümunə kimi göstərirdilər, deyirdilər ki, baxın, Paşinyan demokratdır, Paşinyan novatordur, Paşinyan təmiz adamdır. Bu, onların sözləridir. İndi soruşun erməni xalqından, onlar bu novator demokrat haqqında nə fikirləşirlər? Onları birləşdirən, əlbəttə ki, hər iki, necə deyərlər, nümayəndənin vaxtında torpaqların əldən getməsidir".

Prezident bildirib ki, Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik ediblər:

"Biz bu tarixi unutmamışıq, gənc nəsil də bilməlidir. Müharibə gedə-gedə prezident öz vəzifəsini tərk edib, gedib dağ kəndində oturub. Müharibə gedir, insanlar ölür, torpaqlar əldən gedir, ölkənin prezidenti, Ali Baş Komandanı qaçır, gedir Naxçıvan Muxtar Respublikasının dağ kəndində oturur. Bu, fərarilik deyil, nədir? İndi bu antimilli şurada rəhbərlik edənlər, harada idiniz müharibə dövründə? Qaçıb gizlənmişdilər. İndi də qaçıb gizlənir, biri Amerikada oturub, oradan mühazirələr oxuyur və düşmənin dəyirmanına su tökür. Onu kim maliyyələşdirir? Kim ona istiqamət verir? Biz bilirik. Buradakılara kim istiqamət verir? Həmin qüvvələr. Ermənipərəst qüvvələr, müharibə dövründə bizə qarşı çirkin əməllərdə iştirak edənlər, bizim qələbəmizi əlimizdən almaq istəyənlər, ermənilərə dəstək verənlər antimilli şuranın havadarlarıdır və onlar fəraridirlər, satqındırlar, xaindirlər. Xalq da bunu bilməlidir və gənc nəsil də bilməlidir".

"Bəzi hallarda gənc nəslə bu biabırçı tarix haqqında kifayət qədər məlumat verilmir. Bu, orta məktəb, ali məktəb dərsliklərinə salınmalıdır. Bu qara səhifə dərsliklərə salınmalıdır. Gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır. Bu günə qədər orada-burada sülənir Şuşanı satan satqın. Onlar bəla gətirdilər, faciə gətirdilər, günahsız insanların həlak olmasına şərait yaratdılar, insanları müdafiə etmədilər. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti qaçdı gizləndi, təslim oldu, biabır oldu. Ondan sonra otuz il ərzində elə bil ki, bunlar deyil bu torpaqları satanlar. Elə bil ki, bunlar deyil döyüş meydanından qaçanlar, bunlar deyil müharibə dövründə Gəncəni bombalayanlar, Azərbaycan əsgərini əsir götürənlər. Bunlardır. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır".

Femida.az

Açar sözlər:

Oxunub: 206