Azərbaycanda 110 kilodan çox narkotik ələ keçirildi


15:54     07 Yanvar 2021 2021/01/85576F69-6975-4902-83E3-C2CB5639A04D_1610020414.jpeg

Cari ilin təkcə 6 günü ərzində güclü təsiredici xüsusiyyətə malik, ümumi çəkisi 106 kiloqram 500 qram olan müxtəlif növ narkotik vasitə, o cümlədən 50 kiloqram 500 qram heroin, 50 kiloqramdan çox marixuana və 4 kiloqrama yaxın metamfetamin götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN mətbuat xidmətindən LFemida.az-a verilən məlumata görə, ötən gün ərzində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21 kiloqramdan çox olan narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
Belə ki, BNMİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini İ.Verdiyev şəhər ərazisində saxlanılıb. Ona məxsus “BMW” markalı avtomobilə baxış zamanı 10 kiloqramdan artıq heroin götürülüb.
Baş İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Məmmədov və M.Namazov saxlanılıblar. Şəxsi axtarış zamanı S.Məmmədovdan 1,2 kiloqram marixuana, M.Namazovun evindən isə 10 kiloqram 350 qram marixuana götürülüb.
Daha bir əməliyyat tədbiri nəticəsində Abşeron rayonu Aşağı Güzdək qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Şahverdiyevin evinə baxış zamanı 25 kiloqramdan artıq marixuana aşkar edilib.
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində isə əcnəbi vətəndaş saxlanılılıb.
Ətrafında aparılmış tədbirlərlə onun qaçaqmalçılıq yolu ilə gətirdiyi narkotik vasitələri gizlətdiyi yer müəyyən edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun gizlətdiyi 22 kiloqram 30 qram heroin, 2 kiloqram 630 qram metamfetamin, 1 kiloqram 450 qram metadon və tramadol həbləri polis əməkdaşları tərəfindən həmin yerdən aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 331