AzVision: Yeni ildə bizi nələr gözləyir - VİDEO


19:26     07 Yanvar 2021 2021/01/azv-0-1610032029_1610047775.jpg


AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.


İlin ilk AzVisionunda xoş gördük. Bu verilişdə yeni ildə bizi nələrin gözlədiyini proqnozlaşdırmağa çalışacağıq. Düzdür, hər şey onu göstərir ki, yeni başlayan il asan olmayacaq, amma bu, qorxmaq və təlaşa düşmək üçün bəhanəyə deyil, əksinə, daha çalışqan, kreativ, əzmkar və nikbin olmaq üçün səbəbə çevrilməlidir.



Demə Qoq:
- Məzələnirsən bizimlə? İl başlayan kimi benzin qalxdı, sən də deyirsən ki, ay nə bilim, kreativ olun, optimist olun. Bəlkə, bir mayallaq da aşaq?!

1. Tarif Şurası Şaxta Baba olsaydı...

Əgər hansısa proses bütün dünyada gedirsə, nə etsən də, ondan kənarda qalmaq mümkün deyil. Bizdə son 8 ildə benzinin qiymətinə cəmi 3 dəfə dəyişiklik edilib. Axırıncı dəfə bu, 2017-ci ildə baş vermişdi. Amma 2019-2020-ci illərdə bütün dünyada benzin bahalaşıb. Beynəlxalq Enerji Agentliyinin rəqəmlərinə görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar idisə, 2020-ci ilin sonlarında 1,04 dollar, yəni 1 manat 77 qəpik olub. Yəni keçən il benzin dünyada 14% bahalaşıb. Almaniyada, Türkiyədə, Gürcüstanda...

Demə Qoq:

- Bir dəqiqə saxla. Bunlar nefti olmayan ölkələrdir e. Bizim neftimiz var axı! Fərq olmalı deyil?

Fərq var: Hətta 10 qəpik balaşmadan sonra da bizdə benzinin litri nefti olmayan ölkələrdən – məsələn, Türkiyə və Gürcüstandan samballı faizlərlə aşağıdır. Məsələn, hazırda Türkiyədə benzinin litri 1 manat 66 qəpik, Gürcüstanda 1 manat 25 qəpikdir. Amma digər tərəfdən, nefti bizdən qat-qat çox olan Rusiyada da benzin 7% bahalaşıb. Yəni dünya bazarında hansısa proses gedirsə və sən də o bazarın bir parçasısansa, burada sənin hansı faydalı qazıntılara məxsus olmağının xüsusi bir rolu yoxdur. Ya özünü dünya bazarından təcrid etməlisən, ya da bazar mexanizmləri hər şeyi tənzimləyəcək. Dövlətin imkanları özünü onda göstərə bilər ki, bu prosesin sosial təsirləri minimuma endirilsin. Məsələn, bizdə ictimai nəqliyyatda gediş haqqı artırılmayacaq və daşınma ilə məşğul olan sahibkarlara kompensasiya veriləcək ki, qiymətləri qaldırmasınlar.

Demə Qoq:

- Deyəsən, bu da təzə oyundur. Olmaz ki, nə kompensasiya versinlər, nə də qiyməti qaldırsınlar?!

Olmaz. Çünki onda bazar mexanizminin işi pozulacaq və son nəticədə ölkəyə də, dolaysı ilə əhaliyə də daha böyük ziyan dəyə bilər. Belədə isə əhalinin həssas təbəqəsinin sosial maraqları müdafiə olunmaqla, proses optimal formada tənzimlənir.
İndi əgər başqa iradlar yoxdursa, keçək bu il bizi gözləyən başqa hadisələrə.

2. Çətin ildən sonra gələn asan olmayan il

Ötən il sözün həqiqi mənasında əksər istiqamətlərdə böyük dəyişikliyə səbəb olan epoxal il idi və həmin trendlərin bir çoxu, xüsusilə də pandemiya və onun yaratdığı sosial-iqtisadi fəsadlar bu il də davam edəcək. Dünya yeni reallıqlara uyğunlaşmaq istiqamətində gedəcək. BMT heç də boş yerə 2021-i davamlı inkişafı təmin edəcək kreativ iqtisadiyyat ili elan etməyib. Bu il kretiv düşüncə tərzinə, ideyalara böyük ehtiyac olacaq.
Hər şeydən əvvəl, böyük ehtimalla, pandemiya ilə mübarizə müxtəlif formalarda və intensivliklə ilin sonunacan davam edəcək. Vaksinin tətbiqi hələ qələbənin qazanılması anlamına gəlmir. Vaksinin praktik effektini görmək üçün əhalinin yarısının, ya da heç olmasa 2/3 hissəsinin peyvənd olunması lazımdır, bu isə ilin ortalarına, bəlkə hətta sonuna qədər çəkə bilər. Və biz hələ onu da bilmirik ki, qarşıda koronovirusun yeni ştammları ilə rastlaşacağıqmı, vaksin onlara qarşı nə qədər effektiv olacaq?
2009-cu ildə ABŞ-da başlayan ipoteka böhranından sonra 2010-cu ildə gələn qlobal iqtisadi böhranı proqozlaşdırmaq olurdu. Amma pandemiyanın yaratdığı böhran belə deyil, onu proqnozlaşdırmaq olmur, çünki bu tənlikdə dəyişənlər həddindən artıq çoxdur və hər an dövrəyə əvvəl nəzərə alınmayan yeni amillər daxil ola bilir.
Bütün hallarda, qlobal iqtisadiyyatın bu il ciddi həcmlərdə bərpası da gözlənilmir. Əksinə, pandemiya səbəbindən müflisləşən şirkətlərin sayı artacaq. Dünyanın son 80 ilin ən ağır tənəzzülü ilə üzləşmək riski də mövcuddur. BMT-nin baş katibi Antoniu Quterrişin sözlərinə görə, pandemiyanın nəticəsində yaranan iqtisadi böhran dünyada sosial ədalətsizliyi daha da dərinləşdirəcək. O, bu mənada 2021-ci ilin hətta sosial fəlakətlər gətirə biləcəyini də istisna etmir.

Demə Qoq:
- Xeyirsöyləməzə dedilər “xeyir söylə”, dedi “bəlkə getdin, qayıtmadın”. Day denən, yıxılaq ölək də?!

Əksinə, möhkəm olmaq lazımdır. Yeri gəlmişkən, bir çox ekspertlərə görə, qlobal iqtisadiyyatın bərpası prosesi başlayanda proses Avropada Amerikaya nisbətən daha sürətlə gedəcək. Ona görə də, kimin pulu varsa və onu dollara çevirmək istəyirsə, avroya tərəf baxması daha məsləhətlidir. Təkcə Avropada deyil, Uzaq Şərqdə də milli iqtisadiyyatlar Amerikaya nisbətən daha sürətlə bərpa olunacaqlar ki, bu da dollara təzyiq yaradacaq və ümumiyyətlə, bu il qlobal mənada dollar üçün o qədər də uğurlu keçməyəcək.

Demə Qoq:
- “Kimin dolları varsa” dedin? Dollar nə gəzir? Özü də indi məni daha çox neftin qiyməti maraqlandırır. Çünki bir az manatım var, qorxuram ki, neft lap ucuzlaşsa, o da qiymətdən düşsün...

3. “Qara qızıl” və digər qlobal məsələlər

Gələn il Azərbaycan büdcəsində neftinin qiyməti hər barrel üçün 35 dollardan götürülüb. Düzdür, neftin qiyməti proqnozlaşdırıla bilən bir parametr deyil, amma mən onlarla beynəlxalq ekspertin və qurumların rəylərilə tanış olmuşam, demək olar ki, onların heç biri 2021-ci ildə neftin 40 dolların altında olacağını gözləmir. Bazarda dalğalanmalar nəticəsində qısamüddətli enmələr ola bilər, amma fundamental şəkildə 40 dollardan ucuz neft proqnozlaşdırılmır. Böyük ehtimalla, “qara qızıl” 45-55 dollar arasındakı diapazonda dalğalanacaq. Yeri gəlmişkən, Dünya Bankı da 40 dollardan ucuz neft gözləmir.
Əlbəttə, neftin qiymətinə bir çox vacib amillər təsir edəcək, xüsusilə də dünyada iqtisadi aktivliyin dinamikası, Liviyada sabitliyin davam edib-etməməsi və ABŞ-da Bayden hökumətinin İranla münasibətləri normallaşdıra bilib-bilməməsi.
Ümumiyyətlə, yanvarın 20-də iş başına keçəcək Bayden hökumətindən bu il dünyada çox şey asılı olacaq. Xüsusilə də Rusiya və Çinlə münasibətlər xəttində. Bayden bəyan edib ki, prezident vəzifəsinin icrasına başlayacağı birinci gündə Amerika Trampın tərk etdiyi Paris müqaviləsinə yenidən qoşulacaq. Məhz ABŞ-ın onu tərk etməsindən sonra praktik olaraq bütün ölkələr iqlim anlaşmasına barmaraqrası yanaşmağa başlamışdılar. Bayden atmosferə atılan sənaye tullantıları məsələsinə qlobal ciddiyyətlə yanaşmağı vacib sayır ki, bunun özü də neftin qiymətinə və geniş mənada qlobal iqtisadiyyata təsir göstərən amildir.

4. 2 “T” problemi

İl başlar-başlamaz, yanvarın 5-dən yeni növ karonavirusun yaratdığı təhlükə nəzərə alınaraq, Britaniyada 3-cü lokdaun tətbiq olundu. Bu dəfə məktəblər də bağlanır, çünki bir qədər gec də olsa, ingilis hökumətinə çatıb ki, koranovirusun yayılmasında məktəblilər ciddi rol oynayırlar.
Bu addım özlüyündə bütövlükdə 2021-ci ilə rəng verəcək hadisədir: Güman ki, yenə də təhsil problemi öndə olacaq, dərslər online keçiləcək. Bir tərəfdən baxanda, pandemiya onlayn təhsilin inkişafına böyük impuls verdi və 2021-ci ildə bu trend davam edəcək. Yeni texnologiyaların təhsilə gəlməsi işin yaxşı cəhətidir. Amma digər tərfədən, bizim öz təcrübəmiz göstərir ki, onlayn təhsilin keyfiyyəti hələ ki heç bir halda müəllimlə şagirdin canlı ünsiyyətinin yerini verə bilmir. Xüsusilə də aşağı siniflərdə. Yetkin, ağıllı-başlı, məqsədyönlü insan üçün onlayn təhsil böyük imkan yaradır və bu, gələcəkdə də davam etməlidir. Amma aşağı sinif uşaqlarının təlim-tərbiyəsi bu ilin əsas suallarından problemlərindən olaraq qalacaq. Çünki zoom və ya team proqramları heç bir halda ibtidai sinif otağını əvəz edə bilmir.
İl ərzində ciddi problemlərin içində çapalamağa davam edəcək digər sahə turizmdir. Və əgər təhsilin onlayn formasına pis-yaxşı, cəhd eləmək mümkündürsə, onlayn turizm hətta ideya olaraq da absurddur. İstənilən ölkənin ümumi daxili məhsulunda samballı payı olan, böyük miqdarda insanın çalışdığı turizm sektorunun passivliyi həm ciddi sosial, həm də iqtisadi problemlər deməkdir. Ümumiyyətlə, 2021-ci ildə bütün dünyada bir çox şirkətlərin ayaqda qala bilməsi üçün dövlətlərin yardımına ehtiyac duyacaqları şübhəsizdir. Bu siyahının başında turizm sektorundakı şirkətlər gələcək.
Məşhur elm adamı Yuval Noy Harariyə görə, pandemiya vaxtı qəbul edilən qərarların çoxu pandemiya bitəndən sonra da təsirini davam etdirəcək. Məsələn, onun fikrincə, 12-18 aylıq karantinin psixoloji effektinin davamı olaraq, insanlar özləri evdən çıxmağa, səyahətlərə çox da can atmayacaqlar. Belə olacaqmı, ya yox, əmin deyiləm, amma ABŞ, Britaniya, Almaniya, Fransa, İtaliya və İspaniyanın iqtisadiyyata dəstək paketləri birlikdə 7,5 trilyon dollarlıq nəhəng həcmi aşacaq. Bu rəqəm həmin 6 ölkənin ümumi daxili məhslunun 25 faizi deməkdir. İndiyə qədər Bəşəriyyət belə miqyasda bir dəstək paketi görməmişdi.

5. Davossuz Davos və pandemiya vaxtı seçkilər

Əlbəttə ki, il ərzində tarixi əvvəlcədən bilinən bir sıra maraqlı hadisələr də olacaq. Mayın ortalarında Sinqapurda Davos Forumu keçiriləcək. Səslənməsi belə qəribədir. “Davos Forumu” deyəndə ağla gələn qarlı Alp zirvələri və soyuq yanvar ayı olur. Amma pandemiya bu mənzərəni tamamilə dəyişdirib. Dünyanın əsas işgüzar-iqtisadi məclisi dediyimiz kimi, mayda Sinqapurda olacaq və güman ki, orada liderlər qlobal böhranla mübarizə yollarını müzakirə edəcəklər. Hər il Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev də Davosda maraqla gözlənilən iştirakçılardan olur, yəqin, bu il də elə olacaq.

Demə Qoq:
- Mənim ağlıma bir sual gəldi e, bağışla, sözünü də kəsirəm. Rəcəb Tayyib Ərdoğan bir dəfə demişdi ki, “Benim için Davos bitmişdir”, ondan sonra da kişi kimi daha ora getmir. İndi görəsən, əgər Davosun özü Davosa getmirsə, onda rəis Ərdoğan Davosa gedə bilərmi?

Ərdoğan Davosa getmir, amma Davosun özü də Davosdan gedib, elə isə Ərdoğan Davos-Sinqapura gedə bilərmi? Lap yanıltmaca oxşadı, amma bilmirəm. Sağlıq olsun, mayda görərik.
İyunun ortalarında qonşu İranda prezident seçkisi olacaq və bu seçkinin bəri başdan maraqlı intriqası var. Təkcə ona görə yox ki, koronovirusun cövlan etdiyi İranda iyuna qədər vəziyyət nəzarətə alınacaqmı, alınmasa, necə olacaq? Seçkinin doğurduğu siyasi sual daha maraqlıdır: ABŞ-ın yeni lideri ilə İranın yeni seçilək prezidenti dil tapıb, münasibətləri sağlamlaşdıra, sanksiyalara son qoya və yeni mülayimləşmə mərhələsinə start, yaxud, amerikalıların sevdikləri sözlə desək, restart verə biləcəklərmi?
Ümumiyyətlə, pandemiya ilində seçkilər necə keçiriləcək, Amerikadakı kimi poçtla səsverməsi geniş tətbiq tapacaqmı? Sentyabrın 19-da digər qonşumuz Rusiyada Dumaya seçkilər gözlənilir. Elə həmin ay Almaniyada Bundestaq seçkiləri keçiriləcək ki, bununla da Angela Merkel erasına son qoyulacaq.

Demə Qoq:
- Heyif... Avropa liderlərinin arasında bir dənə kişi var idi, o da bu il gedəcək. Qalacağıq Makronla Consonun ümidinə.

6. Vaksin və tamaşa

Təbii ki, həyat təkcə siyasətdən, iqtisadiyyatdan və böhrandan ibarət deyil, həyatın əyləncəli, maraqlı tərəfləri də var, ona görə, bu il bizi həmin istiqamətdə də nələrin gözlədiyini böyük həvəslə xatırladaq. Yayda – iyunun 11-dən iyulun 11-nə qədər əlbəttə ki, ötən il baş tutmayan böyük futbol bayramı – Futbol üzrə 60-cı Avropa Çempionatı keçirilməlidir. Yubiley çempionatı hansısa konkret ölkədə yox, İspaniyadan Rusiyaya qədər 12 dövlətin ərazisində baş tutacaq.

Demə Qoq:
- Bu, əlbəttə ki, böyük hadisədir, amma görəsən, o vaxta qədər azarkeşləri stadionlara buraxacaqlarmı? Yoxsa, futbolun ləzzəti qalmayıb e. Heç pivə ilə də getmir...

Futbol üzrə Avropa Çempionatı bitən kimi isə başqa böyük idman bayramı başlayacaq: Yay Olimpiya Oyunları. Daha doğrusu, cədvələ görə başlamalıdır, amma o vaxta qədər dünyada pandemik vəziyyət necə dəyişəcək, bunu bilmək olmur. Hər halda, inanırıq ki, ötən il təxirə salınan olimpiada bu il baş tutacaq və biz öz idmançılarıma böyük zövqlə azarkeşlik edəcəyik, onlar isə qızıl medalların sayına görə əvvəlki rekordlarını təzələyəcəklər.

Demə Qoq:

- Yəqin, bizimkilərlə ermənilər yenə də üz-üzə gələcəklər. Qələbədən əvvəl biz onların üzləşməsinə bir başqa cür baxırdıq. Görəsən, indi necə baxacağıq?

Mən kinomanam və “əyləncə” deyəndə ağlıma ilk gələn kinoteatrlar olur. 2020-ci ili praktik olaraq kinoteatrsız və demək olar, böyük kinosuz keçirdik. Amma bu il bir neçə maraqlı film ekranlara çıxmalıdır, yenə də, əlbəttə ki, COVİD aman versə. Bondiananı yeni, 25-ci və Deniel Kreyqin oynadığı sonuncu filmi – “No time to Die” (Öləcək vaxt yoxdur) ekranlara keçən il çıxmalı idi, amma pandemiyaya görə təxirə salınmışdı və ümid edirik ki, bu ilin aprelində premyerə baş tuta biləcək. Film 250 milyon dollara çəkilib və nəsə çox möhtəşəm bir şey olmalıdır.
Bundan başqa, Tom Kruz iki maraqlı filmdə çəkilib ki, bunlardan biri “Space X” və İlon Maskın Beynəlxalq Kosmik Stansiyaya təşkil etdiyi ilk özəl uçuş haqqındadır. İkisi də çox maraqlı olmalıdır.
Keçən il pandemiya üzündən biz son 13-14 ildə heç bir yeni Marvel filmi görməmişdik. Bu il Skarlett Yohanssonun oynadığı “Black widow” bəyaz pərdəyə çıxmalıdır.

Demə Qoq:
- Bəs bu filmin adını niyə tərcümə eləmirsən? İndi bəlkə mən ingilis dilini bilmirəm. Neyləyim, qulaqlarımı şəkləyim?

Burada Dilçilik İnstitutunun köməyi lazımdır. Məslən, ruslar “Black widow” adını tərümə ediblər, normal da səslənir: “Çyornaya vdova”. Amma “qara dul qadın” desək, nə bilim... çox gülməli bir şey alınır. Azərbaycan dili möhtəşəmdir,ifadə imkanları da kifayət qədər zəngindir, amma belə məqamlarda adlaya bilmədiyimiz nəsə bir divar var sanki. Heç yadımdan çıxmır, “Rosomoxa: Uolverin” filminin adı “Nizami” kinoteatrının afişasında belə yazılmışdı: “Rosomaxa: Sibir porsuğu”. Nəsə bir əngəl, hansısa çatışmayan ünsür var ki, onun üzündən dilimizdə belə adlar hələ ki, oturuşa bilmir. Ümid edirəm, onu da bu il aşarıq.

7. Blokçeyndən Marsa qədər

Və sonda bu ilin elmi-texnoloji trendləri haqqında da qısaca danışmasaq, mövzu tam olmaz. İlin əvvəlində feysbuk özünün “Libra” adlanan kriptovalyutasını dövriyyəyə buraxacaq. Əvvəlcə 1 libranın 1 dollara bərabər olacağı nəzərdə tutulub. Bu, çox maraqlı hadisədir. Bəzi politoloji nəzəriyyələrdə dövlətlərin gələcəyindən bəhs edəndə qeyd olunur ki, transmilli şirkətlər milli dövlətlərlə bərabər səviyyəli aktorlara çevrilə bilərlər. Və budur: Faktiki feysbuk öz pulunu buraxır. Məsələn, 5 il əvvəl bu, mümkün deyildi. Amma indi mümkündür, çünki blokçeyn texnologiyası var.
Bu texnologiya başqa istiqamətlərdə də tətbiq oluna bilər və olunacaq. Mümkündür ki, elə onun köməyi ilə 2021-ci ildə “feyk nyus” adlanan informasiya pandemiyasına qarşı böyük savaş başlasın. Çünki blokçeyn şəbəkəsi istənilən xəbəri ilk mənbəyinə qədər izləməyə imkan yaradacaq.
Bu il 5G şəbəkəsinin qurulması sürət yığacaq və ilin sonlarına doğru bir çox ölkələrdə yayılacaq. Beləliklə, smartfonlarımızın funksionallığı və imkanları daha da artacaq.

Demə Qoq:
- Hə, hazır, vaksinasiya da başlayır. Bu yandan çiplərimizi qoyarlar, o yandan da 5G-ni işə salarlar.

5G texnologiyası bir sıra dəqiq proseslərin uzaqdan idarə olumasına zəmin yaradacaq. Məsələn, məsafədən cərrahiyə əməliyyatlarının aparılması kimi. Bu, ilin əsas texnotrendlərindən sayılır və proqnozlaşdırılır ki, 2025-ci ilə qədər məsafədən aparılan cərrahiyyə əməliyyatlarının payı 30%-ə çatacaq.
Bundan başqa, il ərzində texnotrend kimi yumşaq, əyilə bilən ekranların telefon və noutbuklarda geniş tətbiqinə başlanılması gözlənilir. Bu, öz növbəsində, virtual reallıq texnologiyalarının növbəti mərhələyə adlamasına yol açacaq.
Və əlbəttə ki, ilin əsas elmi-texnoloji hadisələrindən biri fevralın 18-də NASA-nın “Mars 2020” missiyası çərçivəsində yeni dronun qırmızı planetə enəcəyidir. Həmin drona ad qoymaq üçün NASA məktəblilər arasında müsabiqə keçirmiş və onlar “Perseverance” – “İnadcıllıq” adını seçmişdilər. Marsda həyatın izlərini axtaracaq bu astrobioloji dronun kosmosda hazırda harada olduğunu və hərəkətini NASA-nın “Eyes on the Solar System” – “Günəş Sistemindəki gözlər” xidmətinin səhifəsində canlı izləmək mümkündür. Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Amal” və Çinin “Tyanven-1” aparatları da gələn ay Marsa çatacaqlar. Fevralda Marsın yollarında tıxac olacaq!

Demə Qoq:

- Xeyirdimi? Nə olub hamı birdən Marsa uçan olub?! Hətta ərəb şeyxləri də! Bəlkə Marsada qonaqlıq-zad var?! Dalağım sancdı e, deyəsən, bunlar nəsə bilirlər, bizi burada qoyub, özləri aradan çıxıb, Marsa uçmaq istəyirlər...

Fantastik film üçün əla mövzudur! Fantastik filmdən söhbət düşmüşkən, iki gözəl fantastik filmin hadisələri də məhz 2021-ci ildə cərəyan edirdi. Biri 1995-ci ildə çəkilmiş və Kianu Rivzin “Matrisa”ya açılan qapısı olan “Conni Mnemonik”, o biri isə 2014-ci ildə çəkilən və Coni Deppin baş rolda oynadığı “Üstünlük”. İkisi də postapakaliptik filmdir. O qədər də ümidverici səslənmir, amma biz inanırıq ki, hər halda, 2021-də Apokalpsis olmayacaq, əksinə, böhrandan çıxış yönündə əzmli addımlar atılacaq. Möhkəm olun, çünki bu il hər mənada möhkəm olmaq lazımdır.

Femida.az

Açar sözlər: #azvision   #təhlil  

Oxunub: 184