“Başımın sümüyünü, qolumu qırdılar” - Erməni vəhşilikləri (FOTOLAR)


20:09     07 Yanvar 2021 2021/01/13694-1610035254_1610047846.jpg


Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən əsir və girovluqdan azad edilmiş Azərbaycan vətəndaşlarının iştirakilə mətbuat konfransı keçirilib.

Azvision.az-ın məlumatına görə, mətbuat konfransında çıxış edən Dövlət Komissiyasının katibi İsmayıl Axundov 2014-cü ilin iyul ayında yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Kəlbəcər rayonunun ərazisinə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürüldüyünü xatırladıb.

Qeyd edilib ki, hadisə baş verdiyi andan etibarən məsələ Azərbaycan Prezidenti İlham Əliyevin gündəlik diqqət mərkəzində olub.



Diqqətə çatdırılıb ki, Ermənistan hadisənin ilk günlərindən etibarən məsələyə humanitar mövqedən deyil, siyasi-hərbi aspektdən yanaşıb, hətta separatçı Dağlıq Qarabağ rejiminin vasitəsi ilə məhkəmə şousu təşkil edilib. 2014-cü ilin dekabrın 29-da “Dövlət sərhədini pozma”, “casusluq” və s. kimi qondarma ittihamlarla Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il müddətinə azadlıqdan məhrumetmə “cəzası” kəsilib.

Lakin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 44 gün ərzində işğalçı Ermənistan ordusu üzərində əldə edilmiş tarixi qələbə müqəddəs Vətən torpaqlarının azad edilməsi ilə yanaşı, 6 il yarım qeyri-qanuni girovluqda saxlanılmış soydaşlarımız - Dilqəm Əsgərov və Şahbaz Quliyevin də azadlığa qovuşmasına imkan yaradıb.



10 noyabr bəyanatının tələbinə uyğun olaraq, dekabrın 14-də Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə həyata keçirilmiş humanitar proses zamanı girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevazad edilərək Vətənə qaytarılıb.

Komissiya katibi, həmçinin qeyd edib ki, yaralı vəziyyətdə əsir götürülmüş hərbi qulluqçu Amin Musayevin də bu gün azadlıqda olması sevindirici hadisədir.

Tədbirdə çıxış edən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Amin Musayev ermənilər tərəfindən amansız işgəncələrə məruz qaldıqlarını bildiriblər.



"Məndə göz-baş qalmamışdı, ciyərlərimi dağıtmışdılar"

Girovluqdan xilas edilən Şahbaz Quliyev deyib ki, Vətənə qayıtdığı üçün çox sevinclidir. O buna görə ölkə başçısına təşəkkürünü bildirib:

“Biz ata-anamızın qəbrini ziyarətə getmişdik və belə durumda ermənilər tərəfindən girov götürüldük. Dilqəm məndən sonra girov düşdü. Onlar çəkən işgəncəni mən də çəkmişəm. Məndə göz-baş qalmamışdı, ciyərlərimi dağıtmışdılar. Axşam yatmağa belə qoymurdular. Çarpayının altına elə şey qoymuşdular ki, onun səsi yatmağa imkan vermirdi. Onların qondarma “milli təhlükəsizlik” qurumu dubinkaları belimizdə qırıb. Mənim gözümün qabağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvlərini qovdular ki, əlimə baxmasınlar. Əlim qırıq idi. Beynəlxalq Qırmızı Xaç Komitəsi uzun danışıqlardan sonra həkimi mənim yanıma göndərdi. Həkim əlimi düzəltmədən qoluma gips qoydu. Amma sınığı düzəltmədilər. Tələb edirdilər ki, Dilqəmin dövlət tərəfindən göndərildiyini denən. Ancaq mən bunu demədim. Məni Şuşaya aparanda orada yaxşı baxmırdılar. Bizi kamerada bağlamışdılar ki, yalnız burada oturmalısız.

Başımın sümüyünü, qolumu qırdılar, qarnıma vurmaqdan pis gündə idim. Hər gecə dubinka ilə döyürdülər, kameralara eybəcər səslər verirdilər, qulağım batırdı. O torpaqlara yaxınlarımızı ziyarət məqsədilə getsək də, onlar bizi diversant kimi qələmə verirdilər".



Ş.Quliyevin sözlərinə görə, gördüyü işgəncələrə rəğmən Azərbaycana qayıdacağına inanırdı:

"Həmişə deyirdik ki, Azərbaycan əsgərləri erməniləri məhv edəcək. Onlar isə əsəbiləşirdilər. Ali Baş Komandanın dəmir yumruğu nəticəsində Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad, erməni ordusunu isə darmadağın etdi. Laçın, Kəlbəcər, Ağdam kimi torpaqlarımızı bir güllə belə atmadan aldıq. Dövlətimiz əvvəlcə siyasi yollarla sonra hərbi yolla düşməni diz çökdürdü. Ermənistanda 44 günlük müharibədə hərb sahəsi belə qalmadı, ordu ilə bərabər darmadağın edildi. Prezidentimizə ailəmiz adından bir daha təşəkkür edirəm”.



“Belimi qaldırmaq istəyəndə dubinkayla üstümə gəlirdilər”

33 gün əsirlikdə olan qazi Amin Musayev də ermənilərin vəhşiliklərindən söz açıb: “Əvvəlcə Vətənə qayıtmağımla bağlı fikirlərimi qeyd etmək istərdim. Öncə əsirlikdən qurtarıldığım üçün Ali Baş Komandanımız cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Düzü, belə qısa müddət ərzində əsirlikdən qayıdacağıma özüm də inanmırdım. Ölkə rəhbərliyi çox sağ olsun ki, bunu qısa zaman kəsiyində reallaşdırdı.

Əsir düşdüyüm gün hündür bir ərazidə idim və erməni hərbçilərinin aşağıda olduğunu görmüşdüm. Yanımda silah olsa da, bu öz silahım deyildi. Onu götürüb həmin erməniləri hədəfə aldım ki, atışma olsun, heç olmasa birini öldürə bilim. Çünki əsir düşməkdənsə, şəhid olmağı üstün tuturdum. Yəni belə düşünürəm ki, erməninin əlinə keçməkdənsə, ölüm yaxşıdır. Amma təpənin arxasından gələn iki nəfər qəfil çıxaraq məni tutdu. Əlimlə ayağımın yaralı olduğunu göstərdim və məni təpədən sürüyərək aşağı gətirdilər. Orada nalayiq ifadələr işlədib məni təhqir etdikləri üçün həmin ermənilərin cavabını verdim. Sonra yenidən təhqiramiz sözlər eşidəndə onlara sərt cavab qaytardım və beləcə alnımdan silahın qundağı ilə vurdular. Həmin vaxtı düzü rus jurnalistin çəkiliş aparmasından xəbərim belə yox idi. Hadisə yerində olanlardan birinin rus olduğunu anlasam da, onun jurnalist kimi çəkiliş apardığını bilmirdim.

Sonradan hərbi tibbi maşına minəndə məni çox vurdular. Üzümə islanmış odeyal atdılar və müəyyən vaxtdan bir maşını saxlayıb döyürdülər. Əsasən sifətimdən və yaramdan vururdular. Huşumu itirdim. Bir də o zaman ayıldım ki, ayın 14-dür və hansısa xəstəxanadayam. Əslində heç ora xəstəxana da demək olmazdı, bina çox bərbad vəziyyətdə idi. Otaqda bir qadın gördüm. Ondan əl işarəsi ilə saatı soruşanda mənə telefonunun ekranını göstərdi. Beləcə ayın 14-ü olduğunu anlamışdım. Həmin günü nəinki yaralı ayağımı, əlimi və başımı da hiss etmirdim. Həkim sarğıya görə gələndə səsimi çıxarmamaq üçün məni vururdu. O, dəfələrlə məni vurub. Hətta bir dəfə boyun nahiyəmə nəsə maye töküb yandırdılar da... Bilmədim bu isti su idi, yaxud da hansısa təhlükəli bir maye”.



Aminin sözlərinə görə, gecələr yatmaq istəyəndə, ermənilər çox güclü narahatlıq yaradan səs-küy salırlarmış, işıqları da yanılı saxlayırlarmış ki, əsirin gözünə yuxu getməsin:

“Mən orada 33 gün qaldım. Artıq yara bir qədər sağalırdı deyə istər-istəməz belimi düzəltməyə çalışırdım ki, bel ağrılarım da kəsilsin. Hətta buna belə icazə vermirdilər, belimi qaldırmaq istəyəndə dubinkayla üstümə gəlirdilər. Yeməklər ürəkaçan deyildi. Kefləri nə vaxt istəyirdisə, onda yemək gətirib, qabı tullayaraq çıxıb gedirdilər. Çox vaxt elə yeməklər gətirirdilər ki, onlar heç yeyiləsi deyildi. Əsirlikdə heç vaxt ümidimi üzmədim. Düşünürdüm ki, nə vaxtsa məni Vətənə qaytaracaqlar. Düzdür, belə qısa zamanda Bakıya dönəcəyim də ağlıma belə gəlməzdi. Amma bu reallaşdı, səbəbkar Ali Baş Komandan oldu. Hətta qayıdan gün belə həkimin səhər tezdən gəlib sarğımı dəyişməsindən təəccübləndim. Düşündüm ki, bu axı həmişə belə vaxtda gəlməyib. O iki-üç gündən bir yaramı sarıyırdı.

Ermənilərin xüsusi xəstəxana paltarı vardı ki, onu geyindirib gözümü də bağladılar. Beləcə xərəyə qoyub hərbi tibbi yardım maşınında naməlum istiqamətə apardılar. Təyyarə səsini eşitdim və ora minəndən sonra bir rus gözümü açaraq Bakıya uçduğumu bildirdi. Hətta o zaman belə qəribə hisslər keçirdim, tam inanmağım gəlmirdi ki, Azərbaycana dönürəm. Amma Bakıya çatanda əmin oldum ki, artıq Vətənimdəyəm. Həmin sevinc hisslərini təsvir etmək çətindir, onu yaşayan bilər. Yeri gəlmişkən deyim ki, ermənilərin etdiyi əməliyyat da səhv olmuşdu. Əməliyyatdan sonra elə bir ayaqla yeriməyim qeyri-mümkün idi. Həkimlərimiz sağ olsunlar ki, yaxşı baxdılar, müayinələrdən keçirərək ayağımı yenidən əməliyyat etdilər. Bugünkü günə şükür deyirəm və hər şey də qaydasındadır, özümü isə yaxşı hiss edirəm. Bir xatırlatmanı edim ki, orada olan zaman ermənilərin dilindən tez-tez Qarabağ sözünü eşidirdim. Çox qorxaq millətdir və məğlub olduqlarını belə qəbul edə bilmirdilər. Bu gün Vətəndə olduğum üçün bir daha cənab Prezidentə minnətdarlığımı bildirirəm”.



“Onlar bizə psixoloji təsir etməyə çalışırdılar”

Dilqəm Əsgərov girovluqda olarkən ermənilər tərəfindən törədilən vəhşiliklərin sayı-hesabı olmadığını deyir. Onun sözlərinə görə, Azərbaycan Ordusu hücum edən zaman ermənilər Şuşada təşvişə düşüblərmiş:

“Ermənilər bizi girov götürərkən birinci Şahbaz tutuldu. Onların hərbi texnikaları, vertolyotları gəldi, biz Həsənlə ayrıldıq. Mən yenidən Kəlbəcərə gəldim. Bir neçə gün orada olandan sonra Həsənlə ayrıldığım yerə qayıtdım. Həmin yerə çatanda məni gördülər. Yaralı idim deyə qaça bilmədim. 2 vertolyot və hərbçiləri məni mühasirəyə aldılar, bildirdilər ki, artıq Həsənlə Şahbazı əsir götürüblər. Onların üzərindəki silaha qədər dedilər. Mənim isə cəmi 7 patronum qalmışdı. Mən tutuldum. Səhəri gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları mənimlə görüşdü və soruşdular ki, neçə nəfər olmusunuz. Mən dedim ki, 4 nəfərik. Həsəndən məlumat almaq istəyirdim. Onda bildim ki, Həsəni öldürüblər".



Dilqəm Əsgərov hətta müharibə vaxtı İrəvana aparılarkən də döyüldüyünü söyləyib:

"Dəqiq yadımda deyil hansı gün idi, amma bizim artileriyanın səsi eşidilirdi və buna görə də ermənilərdə təşviş artırdı. Biz müharibənin başlanmasını bilirdik. On gün idi ki, bizi gündüzlər həyətə gəzməyə çıxarmırdılar. Azərbaycan əsgərlərinin hücumunu görən ermənilər artıq qorxuya düşmüşdülər. Onlar bizə psixoloji təsir etməyə çalışırdılar. Amma biz sevinirdik. Bilirdik ki, Azərbaycan əsgərləri torpaqları azad edir. Erməni türməsinin rəisi isə bizi qorxudurdu. Onlar qorxudan bizə təsir etmək istəyirdilər.

Səhv etmirəmsə, müharibənin üçüncü günü idi. Artilleriyamız Şuşanı vurdu, onların hərbi obyektlərinə ağır zərbə endirildi. Füzuli yaxın olduğu üçün bu ərazidən atılan artileriyanın səsi aşkar eşidilirdi. Bu cür vəziyyət bir neçə gün davam etdi. Hətta bir dəfə mərmi Şuşada türmənin ön hissəsinə düşdü. Onların bir mayoru var idi ki, özünü dərhal itirdi. Pəncərəni açıb məndən nə baş verdiyini soruşdu. Təşvişlə “nələr baş verir?”,- deyə sual edəndə cavab verdim ki, nə olacaq, müharibədir. Beləcə yavaş-yavaş bizim itiqovan bayraktarlar gəldi və aləm qarışdı. Bizi artıq gündüz gəzintilərinə buraxmadılar, aynaları da bağladılar. Aydın oldu ki, əsgərlərimiz artıq yaxındadırlar. Sonradan bildim ki, əsgərlərimiz Şuşanın Cəhənnəm dərəsi deyilən ərazisindən şəhərə daxil olublar.

Ermənilər gecə saat 11-də təcili şəkildə bizi maşınlara mindirərək Gorusa apardılar. Həmin vaxt mən arxada oturmuşdum və hiss etdim ki, qabaqda bir nəfər də var, amma səsini çıxarmır. Gorusda düşəndə üzərimizi axtardılar. Onda gördüm ki, həmin şəxsin bintini açıblar və o yaralanıb, özü isə azərbaycanlı əsirlərdəndir. Sən demə, orada bizdən başqa da kimsə saxlanılırmış. İki gündən sonra o yoxa çıxdı və bizi İrəvana apardılar. Bizi üç mərtəbəli boş türməyə gətirdilər ki, burada da heç kim yox idi. Sözgəlişi bir ermənidən bunun səbəbini soruşanda dedi ki, hamısı Qarabağa gedib, amma qayıtmayıblar.

Bir xatırlatmanı da edim. Hətta Gorusdan çıxarılan günü qəsdən badalaq vurub məni yıxdılar, bundan sonra təpikləməyə başladılar. İrəvanda isə türmənin rəisi gələrək beş dəqiqə söhbət etdi ki, guya burada nə erməniyə, nə də azərbaycanlıya fərq qoyulmur. Amma o türmədə də təhqir, nalayiq sözlər eşidirdim, onlar hər beş dəqiqədən bir çəkiclə qapını döyürdülər. Sonradan bizi yenidən Gorusa apardılar, oradan isə Xankəndinə gətirdilər. Xankəndində rusların generalı gəldi, şəklimizi çəkdilər və yenidən eyni marşrut üzrə Gorusa, oradan da İrəvana qayıtdım. Sonradan rusların hərbi bazasına gətirildim, orada məni təhvil aldılar və Bakıya döndük”.

Femida.az

Açar sözlər:

Oxunub: 350


Oxşar xəbərlər