Erməni təcavüzü nəticəsində əhaliyə dəymiş ziyan ödənilir
12:28 09 Yanvar 2021

Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində əmlaklarına ziyan dəymiş mülki əhaliyə maddi yardımların ödənilməsinə başlanılıb.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyevin noyabrın 6-da "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamına əsasən Baş nazirin rəhbərliyi altında Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasının tərkibində təşkil olunmuş işçi qruplar Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın qiymətləndirilməsini həyata keçiriblər.
Dövlət başçısının 2020-ci ilin dekabrın 14-də imzaladığı "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamda isə dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində maddi yardımın edilməsi qərara alınıb. Artıq mülki əhaliyə dəymiş ziyana görə nəzərdə tutulmuş vəsaitlərin ödənilməsinə başlanılıb. Maddi yardımların ödənilməsi yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə banklar vasitəsilə həyata keçirilir.
Digər keçmiş cəbhəyanı rayonlar kimi Ağcabədidə də Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində mülki əhaliyə, evlərə, dövlət əmlakına, infrastruktur obyektlərinə ziyan dəyib. Ağcabədi şəhəri, Hindarx qəsəbəsi, Sarıcalı, Arazbar, Sarvanlar, Muğanlı, Şərəfxanlı, Minaxorlu, Qaraxanlı, İmamqulubəyli, Köyük, Hacılar, Yuxarı Qiyaməddinli, Boyat, Rəncbərlər kəndlərində 8 ev tamamilə dağılıb, 485 evə isə qismən ziyan dəyib. Evlərinə ziyan dəymiş 493 nəfər rayon sakininin plastik kart hesabına 584 min manat məbləğində vəsait köçürülüb. Plastik kartlar "Kapitalbank"ın rayon filialı tərəfindən sakinlərə təqdim edilib.
Növbəti mərhələdə isə mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmiri, bərpası işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, eləcə də əhaliyə məxsus heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üçün tədbirlərə başlanılacaq.
Femida.az
Oxunub: 446
Oxşar xəbərlər
- Ermənistanda koronavirusdan ölənlərin sayı 3 mini ötdü
- Ermənistanda son sutkada 351 nəfərdə COVID-19 aşkarlanıb, 5 nəfər ölüb
- Ermənilərin Şuşada basdırdıqları minalar aşkarlandı
- Ermənilərin dağıtdığı evlərin bərpası ilə bağlı sərəncam verildi
- Ermənistanda son sutkada 12 nəfər koronavirusdan ölüb
- Ermənistan XİN-in əsassız ittihamlarını rədd edirik - RƏSMİ
- Ermənistanda koronavirusa yoluxanların sayı 163 mini ötdü
- Ermənistanda yol kənarında Azərbaycan şəhərlərinin adları olan lövhə quraşdırılıb
- Ermənistanda karantin rejiminin müddəti 6 ay uzadılıb
- Ermənilərin Cəbrayılda dağıtdıqları qəbirlər aşkarlandı