28 May-Respublika Günü Varşavada qeyd olunub


03:06     26 May 2015 e5d3a67f63e27bd5a4316240adf32025.jpg

Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşava şəhərində yerləşən Kral Sarayında 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.



Səfirlikdən APA-ya verilən məlumata görə, bununla əlaqədar Kral Sarayının Balova zalında Azərbaycan Muğamı adlı konsert olub. Azərbaycandan dəvət olunmuş muğam ifaçıları Ehtiram Hüseynov, Aytən Məhərrəmova musiqiçilər tar – Rövşən Qurbanov, kamança - Xəyyam Məmmədov, qanun – Gülşən Ağayeva, balaban - Nuran Bəkirov, nağara - Kamran Kərimovun ifasında muğam xəzinəmizin nümunələri qonaqlara təqdim edilib. Xanəndələrin ifasında səsləndirilən Bayatı Şiraz, Sarı Gəlin və Qarabağ Şikəstəsi qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Kral Sarayının əməkdaşı musiqişünas Aleksandra Buşta-Bonk çıxış edərək Azərbaycan muğamının qədim tarixi və fəlsəfəsi ilə bağlı qonaqlara məlumat verib. Xanım Aleksandra Buşta-Bonk muğamın ifasında istifadə olan musiqi alətlərinin təkrar olunmaz səsə malik olmasını qeyd edib və min illik tarixə malik olan musiqi incisinin Kral Sarayında səsləndirilməsinin tarixi hadisə olduğunu diqqətə çatdırıb.

Tədbirdə hökumət nümayəndələri, XİN-in yüksək səviyyəli əməkdaşları, Polşada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, iş adamları, jurnalistlər, ümumilikdə 400 nəfər iştirak edib. Sonda Kral Sarayında Respublika Günü münasibətilə ziyafət verilib.

Açar sözlər:

Oxunub: 819