Ərdoğanla Putin Moskva görüşünü MÜZAKİRƏ ETDİ


16:45     13 Yanvar 2021 erdogan-has-a-trump-card-against-putin-that-would-transform-the-syrian-war.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin 11 yanvarda baş tutan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü müzakirə edib.

Femida.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib. Bildirilib ki, Putin görüşün yekunları ilə bağlı Ərdoğanı məlumatlandırıb.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Vladimir Putin 9 noyabr 2020-ci il tarixli Dağlıq Qarabağ Bəyannaməsinin icrasına baxıldığı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar Moskvada keçirdiyi üçtərəfli görüşün əsas nəticələri barədə məlumat verib. ",-deyə Kremlin açıqlamasında qeyd olunub.

Söhbət əsnasında danışıqların əsas nəticələrindən birinin Azərbaycan və Ermənistan tərəfindən "münasibətləri normallaşdırmaq əhval-ruhiyyəsinin, dinc həyatın qurulmasında qarşılıqlı əməli fəaliyyətə hazırlığın, iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması" ilə bağlı atılacaq addımların təsdiqlənməsi olduğu vurğulanıb.
"Dağlıq Qarabağ ətrafında vəziyyətin ümumi sabitləşməsi nəzərə alınaraq, bu istiqamətdə bir sıra vacib addımlar barədə razılığa gəlmək mümkün oldu",-deyə açıqlamada əlavə olunub.

Ərdoğan Putinə Rusiya Federasiyasının Qarabağ münaqişəsinin həlli yolunda səylərini dəstəklədiyini və Rusiya ilə Türkiyə arasında fəaliyyət koordinasiyasının davam etdirilməsinin tərəfdarı olduğunu bildirib:

"Rəcəb Tayyib Ərdoğan, Dağlıq Qarabağ nizamlanması istiqamətində Rusiyanın səylərini dəstəklədiyini, bölgənin iqtisadi inkişafı və qarşılıqlı faydalı layihələrin təşviqi daxil olmaqla, Rusiya ilə Türkiyə arasındakı faəliyyətlərin koordinasiyasının davam etdirilməsinin tərəfdarı olduğunu bildirib".

Liderlər, həmçinin atəşkəsə və Qarabağdakı bütün döyüş əməliyyatlarına nəzarət etmək üçün Rusiya-Türkiyə mərkəzinin qurulmasını müzakirə ediblər:

"Ayrılıqda, atəşkəs və münaqişə bölgəsindəki bütün döyüş əməliyyatları üzərində nəzarət üçün Rus-Türk Mərkəzinin formalaşmasının bəzi məqamlarına toxunulub".

Bundan əlavə iki ölkə arasında peyvəndlərin birgə istehsalı və istifadəsi üzrə əməkdaşlıq planlarının icrası da daxil olmaqla, pandemiya ilə mübarizə problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

"İkitərəfli gündəliyin müzakirəsi zamanı qarşılıqlı ticarət həcminin artırılması, əsas sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin peyvəndlərin birgə istehsalı və istifadəsi planlarının icrası da daxil olmaqla koronavirus pandemiyası ilə mübarizə problemlərinə xüsusi diqqət yetirilib",-deyə açıqlamada qeyd olunub.

Yekun olaraq, Putin və Ərdoğan bir-birlərini yeni il münasibətilə təbrik edib və Rusiya ilə Türkiyə arasındakı çoxşaxəli tərəfdaşlığın bu il daha da inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər. Liderlər müxtəlif səviyyələrdə müntəzəm dialoqların aparılmasında razılığa gəliblər.

Femida.az

Açar sözlər:

Oxunub: 241